"Oyunda böyük hesab qeydə alınsa da..." MÜSAHİBƏ

14:12 - 6 Oktyabr 2013

Vüqar Nadirov:"AZAL-la, “Simurq”la oyunları nəzərdə tuturam"
 
"Qarabağ"ın hücumçusu Vüqar Nadiroun Sportal.az-a müsahibəsi
 
 
- "Bakı" ilə oyun haqqında nə deyə bilərsən?
- İki iddialı komanda qarşılaşırdı. Buna görə də oyunun gərgin keçəcəyini gözləyirdik. Həqiqətən də ağır oldu. Hər iki komanda sona qədər mübarizə apardı. Sonda biz istəyimizə çatdıq.

- Belə asan qələbə qazanacağınızı gözləyirdinizmi?
- Oyunda böyük hesab qeydə alınsa da, qələbə asan başa gəlmədi. “Bakı”nın heyətində də yaxşı futbolçular cəmləşib. Onlar məğlub olmaq istəmirdilər. Biz isə son 4 oyunda qələbə qazana bilmirdik. Həmin uğursuz seriyaya son qoymaq istəyirdik. Buna da nail olduq. 

- Əvəzlənməyiniz nə ilə bağlı idi?
- Çiynimdə ağrı var idi. Bu üzdən də baş məşqçi meydandan erkən çıxmağımı məsləhət bildi.

- Ümumiyyətlə, əksər oyunlarda əvəzlənirsiz. 90 dəqiqə meydanda qalmamağınız nə ilə bağlıdır?
- Bu, baş məşqçinin qərarıdır. Bizim işimiz onun tapşırıqlarına əməl etməkdir. Bacardığım qədər komandama kömək edirəm. 

- Birinci dövrə başa çatdı. Arxada qalan 9 oyunluq dövrü komandanız üçün necə qiymətləndirirsiniz?
- Həm yaxşı, həm də pis. Ona görə yaxşı deyirəm ki, I dövrəni zirvədə başa vurduq. Düzdür, “Neftçi” ilə xallarımız eynidir. Ancaq topların yaxşı nisbətinə görə biz irəlidəyik. Həm də cəmi bir oyunda məğlub olmuşuq. Təəssüf ki, xal itkilərindən qaça bilmədik. Hansı ki, həmin oyunlarda biz rəqibdən üstün oyun sərgiləmişdik.

- Sizi təəssüfləndirən oyunlar hansılardır?
- AZAL-la, “Simurq”la oyunları nəzərdə tuturam. Oyunu izləyənlər təsdiqləyə bilər ki, bizim qələbə qazanmaq üçün nə qədər qol imkanlarımız oldu. Ona görə təəssüflənirəm ki, həmin imkanlardan istifadə edə bilmədik.
 
Ayaz İbrahimov

Xəbər xətti