Namiq Yusifov: "Oynayanda heç çağırmırdı, indi necə çağırsın?"

14:10 - 7 Oktyabr 2013

"Bakı" bizim oyunumuza tab gətirə bilmədi"
 
"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifovun Sportal.az-a müsahibəsi
 
- "Bakı" üzərində böyükhesablı qələbə qazandınız. Oyun barəsində nə deyə bilərsən?
- Çox maraqlı oyun oldu. Matçın taleyini ilk hissədə həll etdik. Əvvəlki oyunlarda da belə nəticələr qazana bilərdik, amma o matçlarda bəxt bizim tərəfimizdə olmadı. Mən həmişə qeyd edirəm ki, oyun olsa, nəticə gələcək. Bu gün də şahidi oldunuz ki, oyun oldu və nəticəni də özündə gətirdi.
 
- Ümumiyyətlə gözləyirdiniz ki, "Qarabağ" "Bakı"nı darmadağın edər?
- Mən hər zaman demişəm ki, "Qarabağ"ın rəqibi elə "Qarabağ"dı. Biz öz oyunumuzu qura bilsək, hər bir rəqibi rahatlıqla uda bilərik. Bu oyunda da biz istədiyimiz kimi qolları vaxtında vura bildik və onlar da buna tab gətirə bilmədilər.
 
- Tofiq Bəhrəmov Stadionuna yenidən qayıtdınız və belə bir nəticə əldə etdiniz ...
- Bu amil də var. Burada bizim oyunumuz daha baxımlı alınır. "Rəvan" və "Simurq"la süni ot örtüyündə oynadıq. Bu da hardasa bizə narahatlıq yaradırdı. Amma təbii ot örtüyündə oynamaq bizim üçün çox rahatdı. Meydançamız böyükdü, ot örtüyü ideal vəziyyətdədir.
 
- Bu tur bütün oyunlar eyni gündə keçirildi və nəticələrdən xəbərdarsan. Ümumiyyətlə bu çempionatda "Qarabağ"ın rəqibi kimdir?
- Bunu demək çətindir. Qarşıda bizi hələ 27 tur gözləyir. Bu dəqiqə heç kim heç nə deyə bilməz. Kim deyə bilərdi ki, "Qarabağ" "Rəvan" "Simurq"la oyunlarda xal itirəcək, amma güclü rəqiblərini məğlub ədəcək?Biz güclü rəqibləri udduq, amma orta səviyyəli komandalarla oyunda xal itirdik. Bu futboldu, biz elə bir oyunda xal itirə bilərik ki, başqası gəlib bizi üstələyər.
 
- Avropa Liqası oyunlarında daha çox meydanda olurdun, amma çempionatda sonradan meydana daxil olursan, daha az oynayırsan. Bunun səbəbi nədir?
- Belə bir ciddi səbəbi yoxdur. Biz komandayıq. Meydanda 11 futbolçu mübarizə aparır, amma heyətdə 22 oyunçu olur. Hər dəfə meydana başqa-başqa futbolçular çıxa bilər. İlk turlarda əsas heyətdə olurdum, amma sonradan bu, belə oldu. Bu məşqçinin qərarıdır. Buna elə də çox fikir vermək lazım deyil.
 
- Qarşıda milli komandamızın iki çətin oyunu var. Bu oyunlar barəsində nə deyə bilərsən?
- Komandamız uğurlar arzulayıram. İnşallah, yaxşı nəticə qazanıb bizi sevindirərlər. Hər iki oyunu öz evimizdə oynayırıq. Şimali İrlandiya udulası rəqibdi. Rusiya yığması güclü rəqibdi, amma o qədər də güclü deyil ki, gəlib bizi rahat udub getsin. İnanıram ki, onlarla da başa-baş mübarizə aparacağıq.
 
- Berti Foqtsdan dəvət gözləyirdin?
- Düzünü desəm gözləmirdim. Çünki neçə oyundu oynamıram. Oynayanda heç çağırmırdı, indi necə çağırsın.
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti