Antuan Qrizman: "Ronaldo və Messinin səviyyəsinə yaxınam" MÜSAHİBƏ

11:34 - 20 Oktyabr 2016

“Atletiko”nun və Fransa yığmasının ulduz futbolçusu Antuan Qrizman İspaniya mətbuatına müsahibə verib.

 

Sportal.az 25 yaşlı futbolçunun müshaibəsini təqdim edir:

 

- Düşünürsüz ki, siz Ronaldo və Messi ilə eyni səviyyədəsiniz?
- Yox, ancaq fikirləşirəm ki, onlara yaxınam. Onların qazandığı bir çox kuboklar məndə yoxdur. Əsas məqsədim “Atletiko” ilə mümkün irəli getməkdir.  Bu mövsüm La Liqada 6 qol vurmuşam. Əvvəllər isə bu 1 və ya 2 idi. Bu cür davam etməliyəm.

 

- Dieqo Simeone sizi Messi və Ronaldo ilə müqayisə edəndə nə hisslər keçirirsiniz?
- Fəxr edirəm. Simeone oyunçuları ruhlandırır və məni motivasiya edir. Məşqçimin belə düşünməsi məni şad edir. Mən o səviyyəyə çata bilərəm.

 

- Simeone sizin oyununuzda hansı dəyişiklikləri etdi?
- Bir futbolçu kimi, mən hər gün ondan texniki və taktiki yeni bir şey öyrənirəm. Mən hücumun mərkəzində və cinahlarında oynayıram. Bu, məni daha da inkişaf etdirir. Bütün bunların hamısı mənə çox qol vurmağa imkan yaradır.

 

- “Barselona” və “Real” daha böyük klublar hesab olunur. Bu yanaşmalar “Atletiko” üçün çətin deyil?
- Bəli, “Barselona” və “Real” daha böyükdü. Lakin bu, bizim üçün çox da vacib deyil. Hər mövsüm onlarla oynayırıq və güclərinə bələdik. Onlar kimi biz də qələbə üçün çalışırıq. Klubun adı məni maraqlandırmır.

 

- Fransa millisinə ilk vaxtlar dəvət alanda sizi daha çox tənqid edirdilər. Bunlara necə cavab verdiz?
- Mən çox qol vurmamışdım, bu səbəbdən mənə çətin idi. Lakin məşqçi mənə və qrup yoldaşlarıma olan etimadını saxladı. Oyunuma inanırdım.

 

- Dünya kubokunda Almaniya millisinə uduzanda göz yaşlarınızı saxlaya bilmədiniz və komanda yoldaşlarınız sizi sakitləşdirməyə çalışırdı. Amma Avropa çempionatında final oyunundan sonra komanda yoldaşlarınızı siz sakitləşdirirdiz. Nə dəyişmişdi?
- Dünya kuboku mənim ilk yarışım idi. Hər şey yeni idi. Biz yeni idik, gənc heyət. 1/4 finalda məğlub olmağımız bizi çox məyus etmişdi. Biz bilirdik ki, onlar az da olsa bizdən güclü idilər. Bu təcrübə bizə çox şey qazandırdı. AÇ-2016-da isə Portuqaliyanın yüksəlişini izlədim və fikirləşdim ki, növbəti dəfə o yüksəlişdə biz olacağıq.

 

- AÇ-2016-dan sonra daha çox təzyiq hiss etdiniz?
- Mənə olan diqqət çox idi, lakin təzyiq hiss etmədim. Məncə, əylənmək çox vacibdir.

Xəbər xətti