"Barselona”nın sabiq prezidenti Xuan Laporta həftəsonu baş tutacaq "Barselona” – "Real” matçından öncə maraqlı açıqlamalar verib.
Sportal.az xəbər verir ki, sabiq klubu prezidenti "Real”ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo haqda danışıb.
O bildirib ki, vaxtı ilə Ronaldonu transfer etmək istəyiblər. Ancaq "Real”lının "Barselona”ya keçməməsinə 2 milyon avro və futbolçunun meneceri səbəb olub:
"Prezident seçkilərindən sonra Ronaldinyo, Rafael Markez və Rikardo Kuarejma kimi futbolçuları transfer etdik. Transfer edə biləcəyimiz dördüncü futbolçu isə "Sportinq”də forma geyinən Kriştiano Ronaldo ola bilərdi. Biz onun üçün 17 milyon avro ödəməyə hazır idik, amma meneceri razı olmadı. Sonradan bildik ki, transferin həyata keçməməsinə 2 milyon avro səbəb olub. Çünki Ronaldo 19 milyon avro qarşılığında "Mançester Yunayted”ə transfer olunmuşdu”.
Qeyd edək ki, Ronaldo 2003-cü ildə "Sportinq”dən "Mançester Yunayted”ə transfer olunub. Ulduz futbolçu 2009-cu ildə 94 milyon avroya "Real”a keçib.