"Neftçi"də yeni məşqçi təyinatları

17:39 - 9 Yanvar 2018

"Neftçi”də Tərlan Əhmədovun köməkçisi vəzifəsinə yeni təyinat olub. 

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəni "Binə"dən ayrılan Mehman Babayev yerinə yetirəcək.

 

Bundan başqa, əvəzedici komandanın yeni baş məşqçisi də müəyyənləşib. Qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verilən Elşad Əhmədovun yerinə əvəzediciləri Vadar Nuriyev çalışdıracaq.

 

1998-2001-ci illərdə "Neftçi”nin heyətində 44 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 45 yaşlı mütəxəssis "İnter”in əvəzedici və U-19 komandalarında və "Olimpik-Şüvəlan"ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL və MOİK klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

 

Bunacan "Neftçi" PFK U-16 komandasında baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirən Ədəhim Niftəliyev isə əvəzedicilərimizin baş məşqçi köməkçisi təyin olunub.Niftəliyev 1996-2002-ci illərdə "Neftçi”nin heyətində 90 oyun keçirib və Vadar Nuriyevlə birgə 1999-cu ildə Azərbaycan kubokunu qazanan komandanın futbolçularından olub.

Xəbər xətti