“Bu gün komandanın oyunundan razı qaldım. Xüsusən də, ikinci hissədə yaxşı oynadıq”.
Sportal.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib. “Ağ-qaralar” Topaz Premyer Liqasının XVII turunda öz meydanında “Zirə” ilə heç-heçə edib. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırcı fikirlərini bildirib:
- Bu gün hücum futbolu oynadıq və qolu əks hücumlardan buraxdıq. Qələbə üçün meydana çıxsaq da, heç-heçə etdik. Deyərdim ki, bu gün 2 xal itirdik.
- Nəticə ürəyinizcə oldu?
- Yox. Açığı, qələbə gözləyirdim. Amma bununla da razılaşmalıyıq.
- “Neftçi” uzun müddətdi “Zirə”yə qalib gələ bilmir. Bunun səbəbi nədir?
- Hər-halda, futbolda qələbə daha önəmlidi. Məni sevindirən komandanın oyunu idi. Bu gün daha istəkli idik, futbolçular istədiyim oyunu oynadılar. Qələbə olsaydı, daha yaxşı olard.ı Bir xal qazandığımıza görə sevinmirəm, qələbə qazanmalı idik. Elə komanda var ki, nə etsən, alınmır.
- Yeni transferlər özlərini doğrutmurlar. Onları yayda göndərmək barədə düşünmürsünüz?
- Nə yatıb, nə yuxu gördülər ki? Onların komandaya uyğunlaşması üçün vaxta ehtiyac var. Zidan da “Real”a keçəndə azarkeşlər tərəfindən seçilmirdi. İndi isə həmin komandanın baş məşqçisidi. Bu gün rəqib bizim qapımıza yaxınlaşmaqda çətinlik çəkirdi. Əgər belə oynamışıqsa, deməli, onlar komandaya uyğunlaşıblar.
- “Zirə”nin əsas oyunçuları oynamırdı, amma yenə qalib gələ bilmədiniz. Üstəlik rəqib də azlıqda qaldı...
- Bəli, hər iki komandanın heyətində itkilər var idi.. Ömər Buludov U-21-in düşərgəsində zədə almışdı. Son 3 gündə məcburiyyətdən onu məşqlərə cəlb etdik. Limitə görə məcburən onu meydana buraxmalı olduq. Petrov zədədən sonra istənilən formada deyil. Bu gün risk etdik. Komandanın oyunu göstərdi ki, gələcəyə ümid var.
- Lukas Qomes komandadan ayrılan Daniel Seqoviya və Huqo Barqasdan hansı cəhətlərinə görə fərqlənir ki, onu transfer etmisiniz?
- “Neftçi” Barqas və Seqoviya ilə neçənci pilləni tutmuşdu? Səhv etmirəmsə, yeddinci pillə. Deməli, dəyişikliyə ehtiyac var.
- Növbəti oyununuzu “Qəbələ”yə qarşı keçirəcəksiniz. Bu gün “Səbail”ə məğlub olan komanda ilə oyun üçün futbolçuları hazırlamaq çətin olmayacaq?
- Biz öz oyunumuza köklənirik. Hər oyunun, hər rəqibin özünə görə hazırlıq planı var. Bütün oyunlara hazırlaşdığımız kimi, “Qəbələ” ilə matça hazırlaşacağıq. Hələ kubok uğrunda oyunlarımız da var. Çoxları mənə deyir ki, bir cəbhədə mübarizə aparın. Amma o fikirlərlə razı deyiləm. Həm kubok, həm 4-cü yer uğrunda mübarizə aparacağıq. Buna görə də “Qəbələ” ilə oyunumuz maraqlı olacaq. (futbol11.az)
saytlarin hazirlanmasi