Bu mövsüm “Qəbələ” üçün Avropa Liqası cəmi dörd oyundan ibarət oldu. Ölkəmizin ən yaxşı iki klubundan biri olan “Qəbələ”nin mübarizəni erkən dayandırması hamını üzdü. Çünki yenə qrup mərhələsini gözləyirdik “Qəbələ”dən. Heyətini yeniləyən komandada çoxunu iş başında görsək də, Araz Abdullayev gözə dəymədi AL matçlarında. Milli komandamızın üzvü hətta ehtiyat oyunçular arasında da yer almadı.
Araz Abdullayevin ətrafında baş verənlərə aydınlıq gətirmək üçün bir qədər araşdırma aparmalı olduq. Və mənzərə aydın oldu. Məsələ burasındadır ki, komanda daxili iclasların birində baş məşqçi Roman Qriqorçuk Araz Abdullayevə iradını bildirib. Araz öz növbəsində bunu cavabsız qoymayıb. Yox, söz davası və ya hansısa xoşagəlməz hal baş verməyib. Sadəcə, Abdullayev sırf oyun planında ona olan iradları qəbul eləməyib və həmin duruma öz baxışını ortaya qoyub. Məhz bundan sonra Roman Qriqorçuk milli üzvünün üstündən xətt çəkib.
Ən maraqlısı isə odur ki, məşqlərdə ən yaxşı təsir bağışlayan futbolçu elə Araz Abdullayevdir. Əla formada olduğu deyilən Araz Abdullayevin məşqlərdə həm də özünü sakit, təmkinli aparması, heç kimlə artıq dialoqa girməməsi barədə məlumat var.
Böyük ehtimalla, yaxın günlərdə onunla bağlı duruma aydınlıq gələcək. Əgər “Qəbələ”də oynamayacaqsa, transfer pəncərəsi bağlanana qədər özünə yeni klub tapmalı olacaq. Ancaq Roman Qriqorçukun onu əhv edəcəyi də istisna olunmur.
Sportal.az
saytlarin hazirlanmasi