Rəşad Sadiqov: "Dinamo" ilə oyuna tam hazır olmaq mümkünsüzdür"

19:14 - 2 Sentyabr 2026

"Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasında Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə keçirəcəyi oyuna tam hazır olması mümkünsüzdür.

Sportal.az xəbər verir ki, bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Rəşad Sadiqov deyib.

Mütəxəssis heyətdəki son vəziyyət və hazırlıq səviyyəsi barədə danışıb:

"Heyətdə ciddi dəyişiklik etməmişik. Ötən mövsüm çempion olan kollektivdən iki nigeriyalı futbolçu hazırda əvəzedicilərdədir. Yaş həddinə görə U-19-da oynaya bilməzlər, yerli oyunçuların hamısı komandada qalıb. Çempionatda cəmi bir tur oynadığımız üçün matça tam hazır olmağımız mümkünsüzdür. Limitə görə 2008-ci il təvəllüdlü futbolçulardan ölkə birinciliyində yalnız 5 nəfər oynaya bilər. Komandanın yarısı əvəzedici heyətdə, yarısı bizdə olduğu üçün müəyyən çətinliklər yaşayırıq. Buna baxmayaraq, bəzi vaxtlarda bir yerə toplaşıb məşq edirik. Zaqreb təmsilçisi ilə qarşılaşmaya kimi daha yaxşı vəziyyətdə olacağımıza ümid edirəm".

R.Sadiqov rəqib və bu turnirdəki təcrübələrindən danışıb:

"İlk matç Bakıda keçiriləcək. Yaxşı nəticə qazanmağa çalışacağıq ki, mərhələ adlamaq şansımız olsun. Rəqibi hələ təhlil etməmişik. Əvvəlki illərdə "Benfika" ilə matçdan öncə rəqibi öyrənmişdik, lakin görüşdə tam fərqli heyətlə üz-üzə gəldik. Çünki bu turnirdə mübarizə aparan bəzi klublar ölkə çempionatında və UEFA Gənclər Liqasında fərqli heyətlə çıxış edirlər. Belə məqamlar çox vaxt yanıldıcı olur".

Xatırladaq ki, UEFA Gənclər Liqasına ikinci mərhələdən start verəcək "Qarabağ" Xorvatiya təmsilçisi "Dinamo" (Zaqreb) ilə qarşılaşacaq. Mərhələnin ilk görüşləri oktyabrın 28-də, cavab matçları isə noyabrın 4-də keçiriləcək.

Cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin güclüsü ilə qarşılaşacaq.

Xəbər xətti