Millətlər Liqasında cari mövsümü 3-cü pillədə başa vuran yığmanın nəticələri təbii ki, qaneedici olmadı.
Yeni baş məşqçi Canni De Byazinin sərəncamında olan komandadan futbol ictimaiyyəti bu il daha yaxşı nəticələr gözləsə də istənilən olmadı.
Düzdür, bütün dünyada pandemiya hökm sürür, amma digər komandalar da eyni şərtlər altında oynayır. Baş məşqçinin yeni olduğunu da əsas gətirmək uğurlu düşüncə deyil.
Avqustan etibarən yığmanın "sükanı" arxasına keçən De Byazinin futbolçuları tanımaq üçün kifayət qədər vaxtı olub. Ancaq hələ ki, normal taktika, oyun üslubu görmürük.
Son oyunlarda meydana 6-7 müdafiəçi çıxaran italiyalı mütəxəssis hələ ki, ultramüdafiə sisteminə üstünlük verərək müxtəlif eksperimentlər aparmaqdadı. İstənilən halda millinin oyunları futbol ictimaiyyətini razı salmır.
Elə Azərbaycanda tanınmış mütəxəssislərdən olan Novruz Əzimov da deyilənləri təsdiqlədi. Futbol ictimaiyyətinin böyük qismi kimi yığmanın oyunundan, De Byazinin fəaliyyətindən narazı qalan Novruz bəy də bunu sport7.az-a açıqlamasında ifadə etdi:
"De Byazini heç bir şeyə qulaq asmadan Azərbaycana gətirdilər. Sözsüz, bunların öz fikirləri var. De Byazi deyəcək ki, "Mən oyunçuları tanımırdım". Tanıyana qədər bütün oyunçularla bağlı De Byaziyə zəmanət verirdilər və məsləhət görürdülər. İndi deyəcəklər ki, "oyunçuları yaxşı tanımamağının nəticəsidi". Əslində isə, xeyr, belə deyil. Azərbaycan millisi 6 oyuna 6 xal topladı və qrupda 3-cü yeri tutdu. Konkret, bu yığmamız üçün qənaətbəxş nəticə deyil. De Byazini gətirənlər, elə onunla birlikdə istefa verməlidilər.
Gürcüstan yığması Makedoniyaya uduzan kimi baş məşqçi istefa verdi. Üzdəniraq Ermənistan belə bundan əvvəlki tsikldə hansısa oyunda uduzdu, baş məşqçisi istefa verdi. Ermənistan bizə nə qədər düşmən olsa da qrupda birinci yeri tutdu.
Sizcə, Ermənistanda bizim qədər dövlətin futbola qayğısı, imkanları var? Xeyr, yoxdu. Elə bu nöqteyi-nəzərdən götürək. Deyirlər ki, müqayisə etmək düzgün deyil. Niyə düzgün deyil ki? Yerli futbolçuları oynadırlar.
Daha gedib İspaniyanın 5-ci liqasında futbolçu axtarmırlar. Rusiyanın aşağı liqalarından futbolçu gətirib, milliləşdirib oynatmırlar. Yəni, sistem yoxdu. Bu isə AFFA rəhbərliyində olan insanlara sərf edir. Çünki futbolu deyil, öz "biznes" maraqlarını güdürlər.
AFFA-dakıların tez-tez işlətdiyi "şəffaflıq" ifadəsi var. Heç bir şey şəffaf deyil. Yalnız biznes maraqlarını düşünürlər. Hardansa pul gəlsin, vəssalam. Milliyə dəvət olunanların arasında da belələri var. Futbol isə kollektiv oyundu.
Kollektivdə sağlam mühit yoxdursa, qələbə qazanmaq mümkün deyil. Futbolda belə bir şey var - təsadüfən yaxşı oynamaq olmaz. Təsadüfən zəif oynamaq mümkündü, amma yaxşı oynamaq olmaz. Qələbə qazanıbsa, deməli, komandanın keyfiyyəti buna imkan verir.
Azərbaycanda indiki milli əvvəlkilərdən zəifdi desəm, yəqin ki, orada oynayan futbolçuların xətirlərinə dəyməz. Ümumilikdə danışıram. Futbolumuz geriyə gedir. Ancaq AFFA-dakıların heç vecinə deyil. Mətbuatda da yazılar gedir ki, İcraiyyə Komitəsinin üzvləri istefa versin, yəni özlərini buraxsınlar. Çünki bütün bunların baiskarları məhz AFFA rəhbərliyidi. "AFFA rəhbərliyi" deyəndə, Rövnəq Abdullayevin işi çoxdu. Futbol təsərrüfatında o qədər də iş görmək imkanı yoxdu. Qalır kim? Elxan Məmmədov. Yığma da onun "rəhbərliyi" altındadı. Hər belə tsikldən sonra nağıllar aləminə səyahətlər başlayır. Futbol oynamaq lazımdı. Son oyuna 6, ondan əvvəlkinə 8 müdafiəçi ilə çıxmışdı. Futbol budur? Top buraxmamaq üçün qorxa-qorxa oynamaq futbol deyil. Belə futbol yoxdu. Nəinki millidə, AFFA-da da dəyişiklər, sistem olmalıdı. 17 yaşlılardan ibarət milliyə kənardan kimlərisə gətirib doldurmaq lazım deyil. Mən bildiyimə görə AFFA indiyə qədər müxtəlif yerlərdən 160-dan çox futbolçu gətirilərək milliləşdirib. Onların nə faydası olub Azərbaycan futboluna? Əksinə, çox böyük ziyanı olub. Yerli futbolçuların qarşısını kəsirlər. Onlara pul xərclənirsə, gəlib U-17-də, U-18-də, U-19-da mütləq oynamalıdılar. Ancaq səviyyələri olmadığı üçün, heyətə düşmürlər.
De Byaziyə məsləhət verənlər kimləri istəyirlərsə yığmaya gətirdilər. Razıyam, gənc futbolçular mütəmadi şəkildə yığmaya cəlb olunmalıdı. Amma az sayda. Millinin imici qorunmalıdı. Halbuki bu 6 oyunda, üstəgəl Sloveniya ilə yoldaşlıq matçında kimləri gəldi götürdülər. Futbolçuların xətrinə dəymək fikrindən uzağam. Amma milliyə can atmaq lazımdı. Elə bir şərait yaradılmalıdı ki, futbolçular heyətə düşəndə orda qalmağa çalışsınlar. Əvvəllər milli "Neftçi"nin bazasından formalaşırdı. İndi isə kimi gəldi götürürlər. Bunu bilirəm, ona görə deyirəm, hər şey "biznes" maraqlarına yönəlib. Şəxsi maraqlar milli maraqlardan önə keçir. Nəticədə tsikl belə alınır. İndi deyəcəklər ki, "millimiz yaxşı oynadı, 4-5 oyun top buraxmadı". Halbuki, bu, bəraət deyil. Çünki sən qol da vura bilmirsən. Onu da deməlisən".
Əzimov U-21-in çıxışına və baş məşqçi Milan Obradoviçin fəaliyyətinə də toxundu. Bununla bağlı sualı eşidən mütəxəssis ironik gülüşlə davam etdi: "U-21-in Slovakiyanı 2:1 hesabı ilə məğlub etdiyi oyuna baxmışdım. Hakimlərin qeydə almasına baxmayaraq hər iki qol oyundan kənar vəziyyətdən vurulmuşdu. Fakt odu ki, belə olmuşdu. Kimdən soruşsaz təsdiqləyər. Bunları qoyaq bir kənara. Bu adam hansı oyunu göstərdi? Obradoviç Nikola Yurçeviçin dəstəsi ilə birlikdə gəlmişdi. Qardaş, bacarmadılar də. Şəxsən demişdim ki, Yurçeviçlə birlikdə onun gətirdiyi məşqçilər də istefa verib getməlidilər".
Mütəxəssis daha sonra sözlərinə belə davam etdi: "Çox söz danışmaq olar. Şükür Allaha, Azərbaycan Qarabağ savaşını qazandı. İnanıram ki, pandemiyaya da qalib gələcəyik. Amma, bu qədər işlərin öhdəsindən gələn insanlarımızın AFFA-dakılara təsir edə bilmədiyi ilə bağlı şübhələrim var (gülür). Hansı ki, bu özündənrazı adamlar tez-tez çıxıb futbolumuzun inkişaf etdiyini, 260 min adamın futbolla məşğul olduğunu deyir. Prezident İlham Əliyevin "Nooldu, Paşinyan?" sözlərini mən də belə ifadə edim ki, "Nooldu, Elxan Məmmədov, hanı o 260 minin arasından çıxan futbolçular?" UEFA-ya, FİFA-ya sənəd göndərirlər ki, filan qədər futbolçu var. Bəs niyə yetişmir? Çünki bunlar istəmir. AFFA-ya o sərf edir ki, kənardan futbolçular gətirsinlər və bunun da sayəsində başqa işlər görə bilsinlər. Baş məşqçi Qurban Qurbanov olanda, guya milliyə müdaxilə etmədiklərini deyirdilər. Mən isə deyirəm ki, müdaxilələr olurdu. Təzyiq göstərirdilər. Çalışırdılar ki, ruhdan salsınlar, əhval-ruhiyyəsi yaxşı olmasın. Müxtəlif vasitələrlə təsir edirdilər. İstəsələr, De Byaziyə də təsir göstərə bilərlər. Ancaq etmirlər, çünki bunu istəmirlər. Onlara sərf edən odu ki, De Byazi mükafat istəsin. Nəyə görə?
Keçən tsikldə Gürcüstan yığması səhv etmirəmsə Albaniyanı məğlub edib qrupda birinci olmuşdu. Bu nailiyyətə görə futbolçular ümumilikdə 20 min lari mükafat almışdı. Mən də istəyirəm ki, futbolçularımız yaxşı yaşasın. Varlı ölkədi də. Ancaq bunun da futbolçulara psixoloji təsirləri var. Müxtəlif proseslər gedir ki, vallah bu da mühitə təsir edir. Ümumi atmosfer korlanır. Hansısa menecerlərin adamları var, onlar iştirak edəndə "biznes" maraqları təmin olunur. Yəqin ki, bu da başadüşüləndi. Məsələn Emin Mahmudovun yerinə başqa futbolçu oynasa, bu onlara daha çox sərf edir. Ola bilər Mahmudov hazır deyil. Amma hazır vəziyyətdədisə oynamalıdı. Bu subyektiv fikrimdi. Azərbaycanda Mirabdulla Abbasov sırf hücumçu keyfiyyətlərinə görə digərlərindən üstündü. Müasir futbolda təkcə fərdi keyfiyyətlərlə uğur qazanmaq mümkün deyil. Futbol kollektiv oyundu. Deməli, hücumda da kollektiv oynamaq lazımdı. Əvvəl 3-4 nəfər müdafiədə qalırdı, sanki oyunu tamaşaçı kimi izləyirdi. Müasir futbolun da tələbləri var. Mirabdulla başqa oyunçulardan asılı futbolçudu. Kimsə kənardan ona asmalar, ötürmələr etməlidi. Abbasovun keyfiyyətləri var, onu oynatmaq lazımdı. "Dinamo" Rebrovdan, Şevçenkodan necə yararlanırdı? Azərbaycanda "İnter"in istifadə etdiyi taktiki variantlar var idi. Hansı ki, məsələn futbolçu zonanı boşaldırdı, əvəzində onun yerinə meydanın dərinliyindən başqa oyunçu gəlirdi. Bu elə-belə deyildi, düşünülmüş şəkildə hücumların təşkilində istifadə olunan gedişlər idi. Eşitdiyimə görə AFFA-da rəhbər vəzifələrdən tutan şəxslərdən birinə "şahmatçı" ləqəbi verilib. Ancaq kim olduğunu bilmirəm. Sistemi o idarə edir. Mən bu sistemlə razı deyiləm, uğur gətirmədi. Bu uğursuzluğun səbəbkarı və icraçıları istefa verib getməlidi. Pandemiyadan bütün ölkələr əziyyət çəkir. "Filankəs tanımır oyunçuları", "Ona düzgün yol göstərmirlər" kimi sözlər hamısı boş söhbətlərdi. Müharibədə şəhid olanlara Allah rəhmət eləsin. Valideynlərinə can sağlığı, xalqımıza da səbr versin. Biz qalibiksə, AFFA rəhbərliyində oturanlar elə düşünməsin ki, daim orada olacaqlar. Vaxt gələcək onlara da öz yerləri göstəriləcək. İnanıram ki, futbolumuz inkişaf edəcək".
saytlarin hazirlanmasi