“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Aşdod”la matçından əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis sabah keçiriləcək matçla bağlı danışıb:
- İlk oyunlar həmişə çətin keçir. Buna baxmyaraq, pis hazırlaşmamışıq. Əlbəttə ki, müəyyən problemlərimiz var. Sabahkı oyunda problemlərin özünü göstərməməsinə çalışacağıq. Ən yaxşısını etmək üçün mübarizə aparacağıq.
- Heyətlə bağlı problemləriniz var?
- Siz də razı olarsınız ki, transferlərin gedişində problemlər var. Hamısını həll edə bilməmişik. Bizim ən çox zaman ayırdığımız transfer məsələsidi. Amma əfsuslar olsun ki, bu gün tam transferləri əldə edə bilmədik. Axtarışlar, danışıqlar davam edir. Heç də asan deyil. Bizdən asılı olmayan elementlər var. Çox hissədə razılaşmışıq, bəzən futbolçu və ya klublarla bəzi anlaşmalar baş tutmayıb. Hər bir halda peşəkar klubuq. Nəticə üçün əlimizdə olan heyətlə nəsə etməyə çalışırıq. Transfer məsələsi bütün dünya bazarında problemə çevrilib. Bizə də asan deyil. Çünki bəzən elə olur ki, illər keçdikcə, 1-2 transfer ethiyac olur. Bu mövsüm bizə daha çox transfer lazımdı. Çünki xeyli sayda futbolçumuz getdi. Ona görə hamısını həll etmək asan deyil. Ən yaxşısını etməyə çalışacağıq. Qarşıdakı günlərdə bəzi transferləri həll etməyə çalışacağıq.
- Sabah qapı xəttində kim olacaq: Emil Balayev, yoxsa Şahruddin Məhəmmədəliyev?
- Bu gün hər iki qapıçımız sabahkı oyuna hazırdı. Sabah tam qərar verəcəyik. Hər ikisi yaxşı durumdadı. Bu da məni sevindirir. Sabah konkret biləcəyik.
- Marko Veşoviçin sabah oynamaq şansı nə qədərdi?
- Zədəsi var idi. Mayda "Legiya"da bir oyun keçirmişdi, həm də milidə. Ondan əvvəl də 3 oyun ikinci komandada oynayıb. Durumu pis deyil, yaxşıdı. Sadəcə millinin oyunlarından sonra fərdi qaydada məşq edib. Fərdi məşqlə, kollektiv məşq başqadı. Sabah bizimlə olacaq. Oyunun gedişatına baxacağıq. Lazım olarsa, müəyyən zaman istifadə edə bilərik.
- "Aşdod"u istədiyiniz kimi təhlil edə bilmisiniz?
- Təhlil etmişik, amma dəyişiklik çoxdu onlarda. Yeni gələnlər, gedənlər var. Ona görə də tam, bəlkə düşündüyümüzdən fərqli oynaya bilərlər. Hazırlıq oyunlarında rotasiyalar edirdilər. “Aşdod”un öz oyun üslubu var. Bizə dəqiq olan odur ki, öz oyun üslubundan əl çəkmir, yaxşılaşdırmağa çalışırlar. Çox diqqətli müdafiə olunurlar, əks-hücumları təhlükəlidir. Yaxşı kombinasiyyalı futbol oynamağı xoşlayırlar.
- Uzun fasilədən sonra azarkeşlər də stadionda olacaq. Azarkeşlərə sözünüz nədir?
- Azarkeşsiz futbol fubtola bənzmir. Futbolu daha çox azarkeşə görə oynayırlar. Stadiondan kənarda olan azarkeşlərimiz var. Daima öz komandalarının uğurları üçün sevinirlər. Onların stadionda olması hər birimiz üçün motivasiyadı. Nə qədər vaxtdır ki, azarkeşlərimizi, dostlarımızı oyunda çiyin-çiyinə görmürdük. Hamımız buna sevinirik. Onları təbrik edirəm. Hələ ki 50 faiz şərait yaradıblar, Allah qoysa, yaxınlarda 100 faiz olar. Biz onlar üçün darıxmışıq, biz onlara görə oynayırıq. Mütləq ki, azarkeşlərin olması əlavə üstünlükdü. Futbolçuların motivasiya, istəyi, daha artıq olacaq.
- Ramil Şeydayev Mahir Emrelinin yerini doldura biləcək?
- Yerini doldurmaq dedikdə mən fərqli yanaşıram. Ramilin başqa özəllikləri var, Mahirin başqa. Ramilin ümumi durumu pis deyil. Onu illərdir ki tanıyıram. Bu cür aqressiv futbolçu komandaya fayda verir. Ola bilər bu gün 100 faiz hazır deyil, amma sabahki oyuna tam hazırdı. Mən də məşqçi kimi, klub olaraq onun potensialını daha da açmağa çalışacağıq. İnamımız böyükdü.
- Musa Qurbanlı sabah əsas heyətdə oynayacaq?
- Yəqin ki, yox. Amma sabah bilinəcək.
- Abdul-Aziz transferi həyata keçsəydi, daha rahat olardınız?
- Bir futboçunu transfer etdikdə rahatlıq olur. Çünki biz hücum xəttini düşünürük. Hücumda mən də dəyişiklər etmək istəyirəm. Bilirəm ki, hücuma mütləq 1 oyunçu lazımdı. Amma bizim hücum xəttindən savayı müdafiədə də problemlərimiz var. O mövqeyi də yaxşılaşdırmaq istəyirik. Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Rahil Məmmədov zədəlidi. Hazırda 4 müdafiəçimiz var. Veşoviç də yeni gəlib. Hansı ki, sabah 90 dəqiqə oynamağa hazır deyil. Bəzən hər klubda böyük dəyişikliklərə ehtiyac var. Bu gün demək olar, hər şeyi yenidən qurmaq istəyirik. Məşqçilər vaxt udmaq istəyir. Ancaq bu məsuliyyətdən qaçmaq demək deyil. Komandada xeyli sayda dəyişiklik etmək istəyirəm. Qarşıdakı 4-5 illik komanda qurmaq istəyirik. Ona görə bəzi transferlər gecikir. Qərar verməkdə çətinlik çəkirik, bəzən çox da tələsmək istəmirik. Hamımız əmin olmalıyıq, rahat olmalıyıq ki, transferləri etmək istəyirik. Azarkeşlərə də bildirirəm. Sosial şəbəkələrdə olmasam da, yazılanlardan məlumatlıyam. Daim maraqlanıram. Narahatlıqlar bizə görədi. İş gedir, istədiyimiz komandanı formalaşdırmağa çalışırıq. İnanın ki, asan deyil. Bilsəniz ki, hansı variantları nəzərdən keçirmişik, sonda necə kiçik element transferə mane olub...Amma dəyişikliklər etmək istəyirik. Düşünürəm ki, yaxın vaxtlarda dəyişikliklər edəcəyik.
- Filip Ozobiç milliləşdirildi və yerli pasportu ilə “Qarabağ”da oynayacaq. Sizcə, onun millimizə xeyri dəyəcək?
- Ozobiçlə danışığımız olub. Əlbəttə ki, federasiya rəsmilərilə də söhbətimiz oldu. Sadəcə, bir fikrim oldu ki, milliyə daha çox faydalı olsun. Onsuz da mən neçə illərdi ki, ondan komandam üçün faydalanmağa çalışıram. Millidə oynamaq hər bir oyunçu üçün məsuliyyətdi. İnanıram faydalı olacaq. İndi Ozobiçin daha çox milli üçün faydalı olmasını düşünürəm, nəinki bizdə yerli pasportla oynamasını. Komandamızdan milliyə çox oyunçu gedib. Çalışmışıq ki, hamsı da milliyə yaxşı formada getsinlər. Ozobiçə uğurlar arzulayıram. Əslində, Filipin özü üçün də millidə oynamaq yeni futbol görüşü olacaq.