"HİK-i məğlub edə bilməməyimiz bütün planlarımıza təsir etdi" - MÜSAHİBƏ

15:14 - 5 Avqust 2021

“Neftçi”nin yarımmüdafiəçisi Xəyal Nəcəfov Sportal.az saytına müsahibə verib. Bu yay “Sumqayıt”dan paytaxt klubuna transfer olan futbolçu “ağ-qaralar”dakı məqsədlərindən danışıb:
 

- HİK-lə görüş gözlədiyiniz məcrada keçdi, yoxsa tamam fərqli oyun olacağını gözləyirdiniz?
- Meydana qələbə üçün çıxmışdıq. Lakin hər şey biz gözlədiyimiz kimi davam etmədi. Aqil Məmmədovun məcburi dəyişikliyi öz təsirini göstərdi. İlk yarıda bu səbəbdən rəqib oyun baxımından bizdən az da olsa üstün oldu. Lakin fasilədən sonra toparlana bildik. İlk qolu biz vursaq da, təəssüf ki, üstünlüyü qoruya bilmədik. Hər halda biz də HİK-in vurduğu iki qola sonradan bir qolla cavab verdik. Amma düzünü deyim, HİK-i məğlub edə bilməməyimiz bütün planlarımıza təsir etdi.


- Nəyə görə “Neftçi” qələbə qazana bilmədi?
- Qalib gələ bilməməyimizin əsas səbəbi, etməməli olduğumuz səhvlər oldu. Cavab qarşılaşmasında hər şeyin fərqli olacağını düşünürəm. Oyundan-oyuna artırırıq. Helsinkidəki oyunda ilk oyunda buraxdığımız səhvləri təkrarlamadan qalib gələcəyimizə inanıram.

- Onda belə çıxır ki, 2:2 hesabı sizi razı salmadı?
- Dediyim kimi biz meydana qələbə üçün çıxmışdıq. Lakin buna nail ola bilmədik. Oyunun gedişinə baxdıqda, fikirləşmək olar ki, əsas odur uduzmadıq. Bu bizi narazı salsa da, cavab qarşılaşmasını düşünməliyik. Hər şey artıq keçmişdə qalıb. Yalnız cavab qarşılaşması haqqında düşüməliyik.

- Finlandiya klubu barədə nə düşünürsən? Ehtimal edirdiniz ki, onlar sizinlə bu cür mübarizə aparacaq?
-  Məşqçilərimiz rəqibi analiz edib, onların zəif və üstün cəhətlərini bildirmişdilər. Demək olar ki, necə demişdilərsə, eynilə həmin rəqiblə qarşılaşdıq.

- Oyunun ilk yarısında sarı vərəqə ilə cəzalandırılmışdın. Samir Abasovun səni ikinci yarıda əvəzləməsi qırmızı vərəqə təhlükəsinə görə idi, yoxsa necə?
- Bu barədə nəsə deyə bilmərəm. Oyuna çıxmağım da, əvəzlənməyim haqda qərarı baş məşqçimiz verir. Onun verdiyi qərarlar haqda bir söz deyə bilmərəm.

- HİK-lə səfər matçında lazım olan nəticəni qazana biləcəksiniz? Səfərdə qələbə qazanmağınız realdı?
- Mərhələni keçmək üçün sona qədər vuruşacağıq. Helsinkidəki oyuna yalnız qələbə üçün çıxacağıq.

- İndidən heç “Fənərbaxça” barədə düşünmüsünüz, yoxsa heç bu barədə fikirləşməmisiniz?
- Bu dəqiqə yalnız HİK haqda düşünürük. Onlardan sonra isə bizim “Qəbələ” ilə yeni mövsümün ilk oyunu var. Yəni indi ancaq bütün fikrimiz cavab qarşılaşmasındadı.

- Samir Abasovu “Sumqayıt”dan tanıyırsan, o da səni yaxşı tanıyır. Yəqin ki, “Neftçi”də tələblər və məqsədlər fərqlidi. Bu komandada oynamaq daha çətindi? Əsas heyət üzvünə çevrilmək mümkün olacaq?
- “Neftçi”də bir hədəf var, yalnız çempion olmaq. Bunun üçün isə hər oyunda qalib gəlməlisən. Buna görə də tələblər və məqsədlər tam fərqlidi. Samir Abasov bizi hər zaman hansı komandada oynadığımızla bağlı xəbərdar edir. Ona görə heç kim rahatlaşa bilməz. Təbii ki, burada çətindi. Amma bunun üçün hər gün çalışıram. Məşqçilərin gözləntilərini qarşılaya bilsəm, niyə də olmasın?

Xəbər xətti