Ukraynanın “Aleksandriya” klubunda çıxış edən Emil Mustafayev Azərbaycan millisinə namizədlər arasında göstərilir. Hazırda Ukrayna klubunda çıxış edən futbolçu cari mövsüm 5 oyunda meydana çıxıb. Futbolçunun atası Ramil Mustafayev Sportal.az saytına müsahibə verib. O, oğlunun Ukrayna yox, Azərbaycan millisində oynamasını istədiyini bildirib.
- Emilin futbolçu karyerası harada və necə başlayıb?
- O, Kirovoqradda doğulub, 6 yaşında onu futbola yazdırmışam. "Aleksandriya" uşaqlıqdan onunla maraqlanırdı. Digər klublardan təkliflər var idi. Sadəcə uşaq məşqçisi Vladimir Tereşonok deyirdi ki, uşaq yaşlarında futbolçu valideynlərinin yanında olmalıdı. Yeri gəlmişkən, Tereşenok Kirovoqradda ən yaxşı uşaq məşqçisidi. O vaxtı Emili heç yerə vermirdi. 16 yaşında isə Emili “Aleksandriya”nın U-20 komandasına cəlb etdilər. Bax, belə oynamağa başladı.
- Oğlunuz bu mövsüm 5 oyunda meydana çıxıb. Onun “Aleksandriya”dakı çıxışından razısınız?
- Emil ötən mövsüm “Aleksandriya” əsas komandasında debüt etdi. U-20-dən əsas komandaya qədər yüksəldi. Məşqçilər onu əsas komandaya kimi apardılar. Hələ ki, U-20-dən əsas komandada debüt edən təkcə Emildi. Məşqçilər onu yavaş-yavaş oynadır. Çünki birdən-birə bütün oyunlara buraxaraq sınmasını da istəmirlər. Buna görə də, onu xüsusi diqqətlə yüksəlişə doğru aparırlar. Onda perspektiv görürlər və istəyirlər ki, daha sonra başqa komandaya satsınlar. Ümumilikdə, Emilin işləri yaxşı gedir, hər şey bizi razı salır.
- Maraqlıdı, oğlunuz Azərbaycan dilində danışa bilir?
- Xeyr, danışa bilmir. Bu da mənim günahımdı. Daim işlərimlə əlaqədar olaraq başqa yerdə olurdum. Oğlumun anası ukraynalıdı. Evdə də rus dilində danışırdıq. Yerli dildə də danışa bilir, sadəcə danışmır. Rus dilindən savayı ingiliscə də danışmağı öyrənir.
- Maraqlıdı, indiyə qədər Emilin Azərbaycanda oynamaq ehtimalı olmuşdu?
- Azərbaycanın U-21 yığmasında oynamaq dəvəti gəlmişdi. Azərbaycanın U-21 yığması Ukraynana gəlmişdi, turnirə. Həmin vaxtı bu məsələ müzakirə edilmişdi. Hələ ki, onlar nəyəsə qərar verir, sənədlərlə məşğuldu.
- Bəs ona Azərbaycanın əsas millisində oynamaq təklifi gəlsə, necə reaksiya verəcəksiz? Oğlunuzun Ukrayna yoxsa, Azərbaycan millisində oynamasını istəyirsiniz?
- Mən özüm 1986-cı ildə, 6 yaşımda valideynlərimlə birlikdə Ukraynaya gəlmişəm. Emil də 2001-ci ildə burada doğulubb. Biz isə Şəkinin Kiçik Dəhnə kəndindənik. Əlbəttə ki, oğlumun Azərbaycan millisində oynamasını istəyərdim. Doğrudu, Ukrayna millisində oynamaq daha perspektivlidi, nəinki Azərbaycan. Oğlumun gələcək karyerasının Azərbaycan millisində, yoxsa Ukrayna millisində daha yaxşı ola biləcəyini təkcə Allah bilir. Təbii ki, hər bir ata kimi oğlumun perspektivli yığmada oynamasını istəyərdim. Amma hər zaman Emilin Azərbaycan millisində oynaması həmişə arzum olub. Emilə təklif olmuşdu Azərbaycan U-21 yığmasında oynaması ilə bağlı. İndi də Azərbaycandakılarla danışıram, çox istəyərdim ki, onlar bu prosesi tezliklə həll etsin. Çünki Ukrayna yığmasında oynaması üçün də agentlər işləməyə başlayıb, istəyirlər Ukrayna yığmasına cəlb etsinlər. Amma mən Azərbaycandan olduğuma görə, istəyirəm oğlum da bu yığmada oynasın.
- Bəs, Azərbaycan millisinin oyunlarını izləyirsiz? Sizcə, oğlunuz hazırda o qədər də yaxşı durumda olmayan Azərbaycan millisinə kömək ola bilər?
- Azərbaycan millisinin oyunlarına baxıram. Oğlum uşaqlıqdan futbola baxmağı sevmir. Sadəcə oynamağı sevir. Doğrudu, futbol fanatıdı, sadəcə oynamağı sevir, çox az halda oyunlara baxır. Emil milliyə getməlidi, orada onu necə qarşılayacaqlar, orada özünü necə hiss edəcəyini özü görməlidi. Düşünürəm ki, normal olacaq hər şey və o, Azərbaycan millisinə kömək olacaq. Ki, daha çox oyunlar udsunlar. Çünki son vaxtlar çox uduzuruq. Amma xaricdə, Rusiyada, Ukraynada oynayan da yaxşı azərbaycanlı gənclərimiz var. Bu mənada yaxşı kollektiv toplayıb, yaxşı komanda qurmaq olar. Sadəcə istəmək lazımdı.