Azərbaycanda uzun illər çalışmış, “Qarabağ” və “Zirə” klublarında məşqçi kimi fəaliyyət göstərmiş Borçe Xristov Sportal.az saytına müsahibə verib. Şimali makedoniyalı mütəxəssis Ağdam klubunun Konfrans Liqasındakı çıxışını dəyərləndirib:
- Deyəsən, “Boreç”dən ayrılmısınız. Səbəb nə oldu?
- Doğrudu, bir müddət əvvəl “Boreç”dən ayrıldım. Rəhbərliklə bir az fikirlərimiz üst-üstə düşmədi, bəzi detallarda anlaşa bilmədik. Mən də komandadan ayrılmağa qərar verdim. Oradan ayrılanda komanda 8-ci pillədəydi, son 2 turda uduzdular. Hazırda federasiyada işlərim var, instruktur kimi çalışıram. Hələ ki, vaxt var, görək də necə olacaq.
- Maraqlıdı, Şimali Makedoniyada işləyəndə hansısa klubmuza futbolçu təklif etmişdin? Yeri gəlmişkən, Rəşad Sadıqov və Qurban Qurbanovla çalışmısan. İndi necə, onlarla danışırsan?
- Azərbaycana heç bir futbolçu təklif etməmişəm. Amma oradan tanış məşqçilər zəng edib, bir neçə futbolçu haqda məlumat istəyirdi. Şəxsən mən kimisə heç bir kluba təklif etməmişəm. Əlbəttə, Rəşad Sadıqov və Qurban Qurbanovla münasibətim yerindədi, onlarla danışıram. Digər məşqçilərlə, “Qarabağ”dakı insanlar da həmçinin.
- Azərbaycan futbolunu izləyirsən?
- Təbii ki, vaxtım olan kimi “Qarabağ” və “Zirə”nin oyunlarına baxıram. “Qarabağ”ın “Neftçi”yə 4:0 hesabı ilə qalib gəldiyi oyunu da izlədim. Həqiqətən “Qarabağ” gözəl oynadı və “Neftçi”ni təsadüfən udmadı. Düşünürəm ki, “Qarabağ” bu mövsüm çempionluğu qaytaracaq. Bunu çox istəyərdim. Əgər “Neftçi”yə qarşı oynadıqları kimi oynamağa davam etsələr, mütləq çempion olacaq.
- Bu gün “Qarabağ” Konfrans Liqasının 4-cü turu çərçivəsində “Kayrat”a qarşı oynayacaq. Səncə, Qurban Qurbanovun komandası Almatıda uğurlu nəticə qazana biləcək?
- “Kayrat”a qarşı Bakıdakı oyuna baxdım. Qazaxıstanlılar qapalı futbol oynadı, buna rəğmən “Qarabağ” qalib gəlməyi bacardı. İndi fərqli oyun olacaq. “Kayrat” daha çox açılmalı olacaq ki, evdə xal qazansın. Bu da “Qarabağ”a böyük üstünlük qazandıracaq. Çünki “Qarabağ” üçün açıq futbol sərf edir. Bakıda “Kayrat” qapalı oynamışdı. Ümidvaram ki, “Qarabağ” uğurlu nəticə edəcək.
- Azərbaycana qayıtmaq fikrin var?
- Heç vaxt nəyin necə olacağını bilmirsən, ələlxüsus da futbolda hər şeyə hazır olmalısan. Hazırda vaxtım var. Hələ ki, konkret heç nə yoxdu. Ancaq olarsa, Azərbaycana yenidən gəlməyə hazıram. Azərbaycan mənim 2-ci evimdi, uzun illər orada işləmişəm. Daim ora qayıtmaqdan ötrü şad olaram.