“Səbail”in müdafiəçisi Turan Manafov Sportal.az saytına müsahibə verib:
- Ötən turda “Sumqayıt”a uduzdunuz. Səncə, nəyə görə komanda həmin görüşdə uduzmuşdu?
- Əslində pis başlamamışdıq, qol epizodlarımız da var idi. Sadəcə qola çevirə bilməmişdik. Buraxılan qoldan sonra isə həvəsdən düşmüşdük. 2-ci yarıda qırmızı vərəqə isə bizi bir az da həvəsdən saldı və uduzduq.
- Səncə, Nikolas Rayselin qırmızı vərəq alması doğru idi?
- O, bizim üçün lazımlı oyunçudu. Qırmızı vərəqə almasını istəməzdik. Ancaq həmin epizod haqda nəsə deməyim düzgün olmazdı. Hər komanda üçün azlıqda mübarizə aparmaq çətindi. 10 nəfərlə qalmağımızın təsiri oldu ki, qol epizodları yaratmağa çətinlik çəkirdik.
- Ola bilər ki, “Qarabağ” üzərindəki 3:1 hesablı qələbə sizi eyforiyaya salmışdı?
- “Qarabağ”la oyun arxada qalmışdı. Hər opyun fərqli ab-havada keçir. “Sumqayıt”la oyunda uduzmağımızın eyforiya ilə heç bir əlaqəsi yoxdu. Məncə, sadəcə istədiyimiz şeyləri alındıra, epizodları qola çevirə bilmədik.
- Bəs bu gün komanda “Qəbələ” görüşünə qələbə üçün çıxacaq?
- Əlbəttə ki. Biz hər oyuna qələbə üçün çıxırıq. Rəqibimiz hansı komanda olursa-olsun meydanda qalib gəlməyə çalışırıq. “Qəbələ” ilə oyunda da əlimizdən gələni edəcəyik ki, qalib gələk. Doğrudu, “Qəbələ” yaxşı komandadı, hazırda 3-cü pillədədi. Amma oyuna yaxşı hazırlaşmışıq. Meydana çıxacağıq ki, sona qədər mübarizə aparıb qələbə qazanaq.
- “Qarabağ”la oyunda baxımlı qol vurdun, stabil olaraq oynayırsan. Milli komandaya nə zaman dəvət alacağını düşünürsən?
- Hansı futbolçunun milliyə cəlb olunmasına Canni De Byazi qərar verir . Ona görə də bu barədə nəsə deyə bilmərəm. Amma millidə olacağıma inanıram. Məni bir dəfə 3 günlük baxışa, milliyə dəvət etmişdilər. Yenidən milli komandaya dəvət olunacağıma inanıram.