Türkiyədə “Keçiörəngücü” klubunda çıxış edən Vüsal İsgəndərli Sportal.az saytına müsahibə verib. 1-ci liqanın 12-ci turunun “Gənclərbirliyi” (2:0) ilə oyununda komandasının ilk qoluna imza atan yarımmüdafiəçi milliyə dəvət olunmaması barədə də danışıb.
- "Gənclərbirliyi" ilə görüşdə qol vurdun və komandanın qələbəsində önəmli rol oynadın. Oyunu özünüz üçün necə dəyərləndirirsən?
- Qol vurduğum üçün çox xoşbəxtəm. "Bursaspor"la oyunda da qol vurmaq şansım var idi. Ancaq təəssüf ki, olmamışdı. Bu oyunda qol vurmaq qismət oldu. Komandamın qələbəsində pay sahibi olduğuma görə çox sevinirəm.
- Qol sevincini Kriştiano Ronaldo kimi qeyd etdin. Türkiyə klubunda azərbaycanlı Ronaldo demirlərki sənə?
- Deyirlər, deyirlər(gülür). Onun fanatı olduğumu bilirlər. Ronaldo bəyəndiyim futbolçudu. Onun elədiklərinə həsrətlə baxıram. Bu yaşda bu cür motivasiya ilə oynayır.
- Türkiyə 1-ci liqasında 3-cü qolunu vurmuş oldun. Demək olar ki, artıq Türkiyə futboluna, 1-ci liqaya öyrəşmisən?
- Özümü yaxşı hiss edirəm. Əslində maraqlı liqadı. Çox həyəcanlı çempionat gedir. Amma bir az zamanla daha da yaxşı olacağıma inanıram.
- Yəqin ki, indi "gərək əvvəlcədən Azərbaycandan xaricə çıxardım, gecikmişəm" deyirsən?
- Onu hər zaman demişəm. Cavan futbolçulara da deyirəm. İstər burada olanlara, istərsə də Azərbaycanda oynayanlara. Ölkə xaricində oynamaq tamam başqa hisdi.
- Azərbaycan milli komandasına dəvət olunmamağın qəribə oldu. Halbuki Türkiyə klubunda daim oynayırsan, qollarını vurursan. Canni De Byazinin səni milliyə dəvət etməməsini necə şərh edəcəksən?
- Çox istəyərdim ki, milli komandaya dəvət almamağımın səbəbini Canni De Byazidən soruşasınız. Doğurdan çox istəyirəm cavabını bilim.
- Düşünmürsən ki, milliyə dəvət olunmağın üçün gərək Canni De Byazi yoxsa, başqası olsun baş məşqçi?
- Heç vaxt bunu düşünmürəm. Əslində baş məşqçimizlə çox yaxşı münasibətim var idi. Getdiyimdə də mənə çox inandığını, belə davam etməli olduğumu deyirdi. Ancaq ölkə xaricində olduğum halda yenə dəvət olunmadım. Olsun, eybi yox. Bu da təcrübədi, daha güclü olub, milliyə dəvət alaram.
- Yeri gəlmişkən, Okan Burukun Azərbaycan millisinə baş məşqçi təyin oluna biləcəyi xəbərləri dolaşır. Kollektivdə bu haqda söhbətlər gedir?
- Burada da o söhbətlər gedir, yazırlar Okan Burukun millimizə baş məşqçi təyin olunacağı barədə. Ancaq nə dərəcədə doğru olub-olmadığını bilmirəm. Kim olursa-olsun, istəyr De Byazi, istərsə də yerli və ya xarici məşqçi, əsas odu millimiz üçün xeyirli olsun.