"Komanda olaraq "Neftçi" üzərində qələbə qazana biləcəyimizə inanırdıq. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik və sonda da bu alındı. İstənilən rəqiblə mübarizə aparmaq olar. Biz bunu meydanda reallaşdırdıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Keşlə"nin gənc futbolçusu Turan Vəlizadə deyib.Meydana start heyətində daxil olan və sona qədər meydanda yer alan yarımmüdafiəçi Premyer Liqanın 10-cu turu çərçivəsində "Neftçi"yə 3:2 hesabı ilə qalib gəldikləri görüşdən danışıb.
Vəlizadə meydana qələbə qazanmaq üçün çıxdıqlarını deyərək, 5-ci turda "Qarabağ"dan 1:1 oynamaqlarını da xatırlayıb: "Neftçi" ilə oyundan əvvəl yalnız qələbə qazanmaq haqda düşünürdük. Ümumiyyətlə, hər bir rəqiblə qarşılaşmaya qələbə qazanmaq üçün çıxırıq. Məqsədimiz həmişə qalib gəlməkdi. "Neftçi" və "Qarabağ" kimi rəqiblərdən xallar almaq bizə əlavə motivasiya verir. Çalışacağıq ki, uğurlu çıxışımızı çempionatın sonuna qədər davam etdirək".
21 yaşlılardan ibarət yığma komandamızın üzvü olan Turan AÇ-2023-ün seçmə mərhələsinin Avstriya və Norveçlə görüşləri haqda da fikirlərini bildirib. U-21 yığmamızın 4-cü turda Xorvatiya ilə Bakıdkaı görüşündə qırmızı vərəqə alaraq meydandan qovulan Vəlizadə Avstriya matçında olmasa da, Norveç görüşündə meydana çıxa biləcək. O, bu 2 oyun haqda qısa danışıb: "Düşünürəm ki, daha yaxşı nəticələr əldə edərək daha yuxarı pillələrə irəliləyəcəyik".