“Qəbələ”nin və 21 yaşlılardan ibarət yığma komandamızın qapıçısı Nicat Mehbalıyev Sportal.az saytına müsahibə verib.
- “Qəbələ” Premyer Liqanın 10-cu turunda “Səbail”ə son dəqiqə qolları ilə qalib gəlməyi bacardı. Son ana qədər qalib gələcəyinizə inanırdın, yoxsa matçın bərabərliklə başa çatacağını düşünürdün?
- Oyunun çox ağır keçəcəyini bilirdik. Çox güc sərf edib, son dərəcədə konsentrasiyalı olmalı olduğumuzu da yaxşı anlayırdıq. Elmar Baxşıyev həftə ərzində hər məşqdə, hər videoanalizdə deyirdi. Rəqib öz meydanında oynayırdı, meydança süni örtüklüdü. Meydançanın durumu çox pis vəziyyətdə idi. Bunun hamısını bilirdik. Qələbə istəyi, inamı hər birimizdə var idi. Hətta 93-cü dəqiqəyə kimi qələbə qazana biləcəyimizə inanırdıq. Şükür Allaha belə də oldu.
- Rəqibin meydanda azlıqda qalması qələbənizdə nə qədər önəmli rol oynadı?
- “Səbail” doğurdan da çox yaxşı müdafiə olunurdu. Azlıqda qalmaqları bizə az da olsa kömək etdi. İstənilən halda biz qol vurmaq üçün gücümüzü meydanda qoyacaqdıq.
- Komanda hazırda 2-ci pillədədi. Yəqin ki, ilk “üçlük”də qərarlaşmaq sizin üçün prioritetdi?
- Baş məşqçimiz bizə deyir “turnir cədvəlinə baxmayın, biz öz oyunumuza fikir verməliyik”. Hər halda üst pillələrdə qərarlaşmağı özümüzə məqsəd seçmişik. İnanıram ki, bunu bacararıq.
- Ölkə çempionatına milli oyunlarına görə fasilə verilməsi “Qəbələ” üçün düşərli olacaq? Hər halda heyət geniş olmadığına görə, futbolçular istirahət etməyə çox da vaxt tapmır. Bu mənada, fasilə sizin üçün yaxşıdı?
- Doğrudu, zədəli futbolçularımız çoxdu. Bu fasilədə zədəli futbolçularımız da düzələr və qayıdanda tam hazır heyətimiz olar.
- Azərbaycanın U-21 yığmasının heyətində Avstriya və Norveçlə matçlara çıxacaqsan. Bu oyunlarda uğurlu nəticə olacağını düşünürsən?
- Yığma komandanın heyətində Avstriya və Norveçə qarşı 2 ağır oyunumuz var. Evdə oynayırıq. Çalışacağıq ki, azarkeşlərimizi, xalqımızı sevindirək. Rəqiblərimizin hər ikisi qrupun 3 güclü komandalarından. Xorvatiya, Norveç, Avstriya güclü komandalardı və onlar arasında da güclü rəqabət olacaq. Biz də istəyirik ki, ən azından bu matçlardan xalla ayrılaq.
- Yığma Avstriya və Norveçlə matçlar da daxil olmaqla evdə ardıcıl 4 oyun oynamış olacaq. Belə olması sizin üçün yaxşıdı, yoxsa düşünürsən səfərdə oynayıb son matçları evdə oynasaydınız daha yaxşı olardı?
- Evdə oynamaq hər bir komanda üçün üstünlükdü. Bu, bizim üçün həm stimul, həm də motivasi olmalıdı. Avstriya və Norveçlə oyunlarından xalla ayrılmaq istəyirik.
- Hazırda yığmanın cəmi 1 xalı var. Səncə, gücünüz nəyə çatacaq bu qrupda?
- Nəyə gücümüz çatır, əlimizdən gələni edəcəyik ki, xallarımızın sayın yüksəldək. Nə qədər alınacaq, ya alınmayacaq onu zaman göstərəcək. Avstriyadan və Norveçdən 1 xal qazanmaq bizim üçün uğurdu. Çalışacağıq ki, bunu edək.