"Bu oyunda üç xal çox önəmli idi. Məğlub olsaydıq, hansı vəziyyətə düşəcəkdik, daha sonra həmin vəziyyətdən çıxa biləcəkdik? Çox suallar var idi. Futbolçular "çıxartdı" bu oyunu. Onlar öz aralarında danışırdı, bizə də dedilər ki, "narahat olmayın, oyunu "çıxaracağıq". Komandada istək görünürdü. İki komanda da, eyni vəziyyətdə çıxırdı matça, aşağı-yuxarı eyni oyun göstərirdik. Keyfiyyətdən uzaq futbol olsa da...Lazım olan mübarizə, istək idi. Deyirlər ki, bu cür oyunda hansı komanda qol vursa, qalib gəlir. Belə də, oldu. Penalti futbolçuların göstərdiyi mübarizənin hədiyyəsi idi. Onlara təşəkkür edirəm. Bizim kimi komandalar elə bu cür oyunlarla qalib gələ bilərlər. İlk "dördlük"də yer alan komandalardan aşağıda olan kollektivlərin oyununa diqqət yetirin, sonda ən çox istəyənlər qalib gəlir. Futbolçular sağolsun, verdikləri sözü tutdular.
Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 25-ci turunun "Səbail"lə (0:1) görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- Ehtimal edilirdi ki, qışdan sonra fərqli "Sumqayıt" görəcəyik. Amma belə olmadı. Komandanı mövsümün sonunda hansı pillədə görürsüz?
- Qışdan sonra 9 xal yığmışıq. Bu, bizim kimi komanda üçün nəticədir. Əsas məqsədimiz 9-cu yeri tutmaqdır. Nə qədər qalxsaq, bizim üçün yaxşıdır. Vacib olan odur ki, sonuncu pilləni tutmayaq. Görmək istədiyimiz oyun bu deyil. Yeni gələnlərə vaxt lazımdır. Onlar nə istədiyimi anlamalıdırlar. Futbolçulara vaxt lazımdır. Bir komanda qurursansa, baş məşqçiyə inanırsansa, gözlə. Bizdən qabaqda gedən komandaların heç birində yeni gələn baş məşqçi yoxdur. Qurban Qurbanov, Rəşad Sadıqov, Elmar Baxşıyev, onların timsalında komandalarında oyun görə bilərsən. Mən də kanallara baxıram. "Sumqayıt"ın oyunundan narazısınız. Bunun qarşılığında heç nə deyə bilmərəm. Haqlısız. Amma istədiyimiz oyun bu deyil. Düzələcək. Bunun üçün inanan adamlar hamımız birlikdə iş görməliyik.
- Komandanız Premyer Liqadan birinci diviziona yuvarlanarsa, baş məşqçi postunda qalacaqsız?
- Bəli, komanda ilə birlikdə olacam.
- "Kəpəz"lə oyundan sonra demişdiz ki, futbolçular meydanda ürəyini qoymadı. Deyəsən, bu oyunda istədiyiniz oldu....
- Bəli.
- Bəs, daim ürəklərini qoymaq üçün nə çatmır?
- Bəli, keçən oyundan sonra demişdim ki, həmin oyunla sonuncu pillə sənindi və buna etiraz da edə bilməyəcəksən. Çünki həmin oyunla ona layiq idik. Bizim kimi komandalar istəksiz oynayırsa, ümid etməyə belə, ixtiyarımız var. Bu gün qeyri-adi heç nə etmədik. Oyundan sonra videonu açırıq və nə qədər səhvlərimiz olduğunu gördük. Üç-dörd nəfərin ayağında qan varsa, demək ki, ürəklərini ortaya qoyublar.
Mirbağırağa