"Qarabağ"la oyundan öncə nədən narahat olmalıyıq?" - MÜSAHİBƏ

15:58 - 28 Sentyabr 2023

“Sumqayıt”ın futbolçusu Murad Xaçayev Sportal.az saytına müsahibə verib. 

- “Sumqayıt” son turda “Turan Tovuz”la heç-heçə oynadı. Nəticə sizi qane etdi? 

- İki məğlubiyyətdən sonra "Turan Tovuz"la matça qələbə üçün çıxmışdıq. Evimizdə azarkeşlərimiz önündə oynayırdıq. Bu matçda qalib gəlmək istəyirdik. Amma heyf ki, alınmadı.

- “Sumqayıt” sabah “Qarabağ”la qarşılaşacaq. Bu oyuna hazırsınız? Oyundan əvvəl sizi narahat edən nəsə var?

- Bəli, düşünürəm ki, biz bu oyuna hazırıq. Nədən narahat olmalıyıq?)

- Hiss olunur ki, “Qarabağ” çox yaxşı vəziyyətdədir. “Molde” və “Qəbələ” ilə görüşlərdə qalib gəliblər. "Qarabağ"dakı hazırkı vəziyyət haqqında nə düşünürsən?

- Çempionatımızda “Qarabağ” həmişə yaxşı vəziyyətdədir. "Molde"ni məğlub etmələrinə təəccüblənmədim. Ancaq mən daha çox öz komandam haqda və onlardan necə xal alacağımız barədə düşünürəm.

- Maraqlıdır ki, ötən mövsüm “Sumqayıt” “Qarabağ”ı məğlub edə bildi. Amma "Qarabağ" üçün bu elə də vacib görüş deyildi. Sizcə sabah "Qarabağ"a qalib gələ biləcəksiz?

“Həmin görüş bizim üçün çox vacib idi və biz bu qələbəyə sevinmişdik. Bu matçı çox yaxşı xatırlayıram. Asan alınmamışdı. Ümid edirəm ki, bu oyunda da müsbət nəticə qazana biləcəyik.

- Vaxtilə mərkəzi yarımmüdafiəçisi kimi oynayırdın, ancaq artıq mərkəz müdafiəçisisən. Bundan narazı deyilsən?

- Futbolçu üçün eyni vaxtda bir neçə mövqedə oynaya bilməsi yaxşıdır. Əsas olan komandaya fayda verməkdir. 

- "Sumqayıt"ın heyəti praktiki olaraq çox dəyişib. Sizcə, komanda bu mövsüm avrokuboklara vəsiqə qazana biləcək? 

- Cari çempionatın necə başlamasına baxsaq, maraqlı olacağını vəd edir. üstəlik, Avropa yarışlarına çıxmaq üçün kubok var. Yaxşı komandaya sahibik. Buna görə də əlimizdən gələni etməyə çalışacağıq. Ümid edirəm ki, hər şey bizim üçün çox yaxşı olacaq.

 Mirbağırağa

Xəbər xətti