"Şamaxı"nın müdafiəçisi: "Əlimə düşən şansı yaxşı dəyərləndirirəm"

10:56 - 24 Dekabr 2024

"Şamaxı"nın müdafiəçisi Arsen Ağcabəyov Premyer Liqanın 18-ci turunun "Sabah"la matçından (3:1) sonra Sportal.az saytının əməkdaşının suallarını cavablandırıb:

- Matç barədə fikirlərini bölüşərdin...

- İlin son oyunu idi. İstəyirdik ki, qələbə qazanaq. Minimum hədəfimiz 1 xal idi. Şükürlər olsun ki, istəyimizə nail olduq. 

- Belə hesabı gözləyirdiz?

- Komandanın xarakterinə bələdəm. Gözləyirdim ki, yaxşı şeylər olacaq.

- Premyer Liqada şans qazanmağa başlamısan. Öz oyununu necə dəyərləndirirsən?

- Məşqçilərimiz sağ olsunlar mənə inandılar, şans verdilər. Hiss edirəm ki, getdikcə artırıram. Əlimə düşən şansı yaxşı dəyərləndirirəm.

- Əvəzlənməyin zədə ilə bağlı idi?

- Ayağımda ağrı var idi, oyuna iynə vurub çıxmışdım. Amma tab gətirə bilmədim. Üçüncü matç idi ki, belə oynayırdım.

- "Qarabağ"la oyunda son dəqiqə qolu ilə məğlub oldunuz. Bu, komandaya necə təsir etmişdi?

- "Sabah" və "Qarabağ"la matçların arasında fərq görmürəm. "Qarabağ"a qarşı da belə mübarizə apardıq. Son saniyələrdə qol buraxdığımız üçün heç bir ruh düşkünlüyü yaranmamışdı. Son matçlarda ancaq belə xarakterdə meydana çıxırıq. "Qarabağ"la oyunda alınmadı, amma "Sabah"la qarşılaşmada istəyimizə nail olduq.

Elçin Əlixan

Xəbər xətti