"Xəzər Lənkəran" bu oyun nizam-intizamı ilə "Makkabi" səddini çətin keçər" MÜSAHİBƏ

14:26 - 13 İyul 2013

Aslan Kərimov: " Komandalarımızda qol vurmaq bacarığı demək olar ki, yox səviyyəsindədi"
 
U-16 milli komandaının baş məşqçisi Aslan Kərimovun Sportal.az-a müsahibəsi
 
- Təmsilçilərimizin Avropa Liqasındakı oyunlarına baxdınız? Ümumiyyətlə komandalarımızın çıxışlarını necə dəyərləndirirsiniz?
- Bəli, baxdım. Hamısına deyəndə, “İnter”in çıxışını izləyə bilmədim, amma hesabdan xəbərim var. Düşünürəm ki, “Xəzər Lənkəran” pis təsir bağışlamadı. Qırmızı vərəqə oyunun gedişatına da öz təsirini göstərdi. Oyundan sonra da baş məşqçi mətbuat konfransında bildirdi ki, komandada nizam-intizam yaxşı səviyyədə deyil. Əgər Avropada nəyisə qazanmaq istəyirənsə, nizam-intizam da yüksək səviyyədə olmalıdır. İstənilən halda, istədikləri nəticəni qazandılar və növbəti mərhələyə keçdilər. Bundan sonra isə onları daha güclü rəqib gözləyir. Çox yaxşı hazırlaşmaq lazımdır. Rəqib səhvləri bağışlamayan komandalardandı.
 
- “Xəzər Lənkəran”ın oyununda nə çatmır?
- Ümumiyyətlə götürəndə Azərbaycanın bir problemi var. Komandalarımızda qol vurmaq bacarığı demək olar ki, yox səviyyəsindədi. Son nöqtəni qoymaqda hamıda problem var. Bizim Avropada  nəticələrimiz heç də yüksək deyil. Biz səviyyəcə biraz aşağılardayıq. Belə oyun baxımından, strategiya, hücumların qurulması baxımından hər şey normaldır.
 
- “Xəzər Lənkəran” bu oyunla “Makkabi” səddini keçə biləcək?
- Bu futboldu. Hər şey ola bilər. Mənə elə gəlir ki, bu oyun dsiplini ilə “Makkabi”ni keçmək çox çətin olacaq. “Makkabi”ni keçmək üçün yüksək nizam-intizam, oyun nizam-intizamını sonadək qoruyub saxlamaq və əlində düşən imkanlardan da maksimum istifadə etmək lazımdı.
 
- “Qarabağ”ın ikinci oyunu ilə bağlı nə deyə bilərsiniz?
- Ağdam təmsilçisi səfərdə qazanılan 1-0-lıq nəticənin ütünlüyü ilə oyuna çıxmışdı. “Qarabağ”da da “Xəzər Lənkəran”da olduğu kimi qol vəziyyətlərindən yararlanmaq problemi var. İmaknlar yaranır, hər şey edilir, amma son qol vəziyyətindən istifadə edilmir. Bu futbolçunun fərdi ustalığından yaranan bir şeydi. Mənə elə gəlir ki, “Qarabağ” pis təsir bağışlamadı. “Metallurq” da yaxşı komanda olduğunu sübut etdi. Onların baş məşqçisi güclü məşqçilərdən biridi. Oyun nisbətən meydanın mərkəzində gedirdi. Rəqib gözlüyürdü ki, “Qarabağ” çox oyunçu ilə gəlsin, amma bu baş vermirdi. Ona görə də bu oyunda çox qol vurulmadı. Sonlara yaxın isə “Qarabağ” yaratdığı şanslardan birindən istifadə edə bildi və qələbə qazandı.
 
- “Qarabağ”ın yeni legionerləri necə təsir bağışladı?
- Bir oyunla bağlı hələ heç nə demək olmur. Yenə də deyirəm ki, Gelaşviliyə baxanda görürsən ki, taktiki savadı var. Hara açılmaq lazımdı, kimə ötürmə vermək baxımından mənim xoşuma gəldi. Amma hücumçunun başlıca vəzifəsi də qol vurmaqdı. Biz isə hələ ondan qol görə bilməmişik. Onu hələ qabaqdakı oyunlarda sınamaq lazımdı. Vaxtilə biz Reynaldonun oyununa baxanda görürdük ki, heç bu futbolçu “Rəvan”da da oynaya bilməzdi. Amma çempionat irəlilədikcə onun oyunları açılışmağa başladı və çempionatda gözəl oyunları ilə diqqət çəkdi. Bu oyunda isə Reynaldo texniki baxımından yaxşı oyun nümayiş etdirə bilmədi. Mənə elə gəlir ki, oyunun ən yaxşıları Qara Qarayevlə Namiq Yusifov idi. Onlar öz üzərilərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdilər.
 
- “İnter”in səfərdəki oyunu və qələbəsi necə, sizi təcübləndirmədi?
- Təcübləndirmədi. Çünki evdə oynayanda yaratdığı bu qədər epizod məndə elə təsürat yaratmışdı ki, səfərdə də bu qədər qol epizodundan yararlana bilər. Sevindirici haldı ki, başlayanda qol vurdu, sonlarda da qolu vurdu və rahatlaşdı.
 
- Polşa və Norveç təmsilçiləri ilə necə, “Qarabağ” və “İnter” növbəti mərhələyə keçə biləcəklər?
- İnternet vasitəsi ilə Polşa klubunun oyununu izlədim və onlar fiziki və atletik oyuna üstünlük verirlər. Cinahlardan hücuma qoşulan komandadı. Yaxşı, sürətli cinah hücumçuları var. Norveç təmsilçisi isə burada onlar başla gözəl oynayırlar. Onları Avropada başla oynayan ən yaxşı komanda saymaq olar. Vurduqları qolları standart vəziyyətlərdən istifadə edirlər. Bu o deməkdi ki, rəqib qorxan komanda deyil və hücuma meyilli komandadır.
 
Ayaz İBRAHİMOV

Xəbər xətti