Natiq Məmmədov: "Norveç təmsilçisi barədə ümumi məlumatlarım var"
“İnter”in direktoru Natiq Məmmədov klub saytına müsahibəsində komandanın UEFA Avropa Liqasında çıxışı barədə danışıb, növbəti mərhələyə hazırlıqlar haqqında söhbət açıb və digər suallara cavab verib. Sportal.az sizi həmin müsahibə ilə tanış edir.
- “İnter”in Finlandiya “Mariehamn”ı ilə oyunlarını necə qiymətləndirirsiniz?
- Hər iki qarşılaşmanın nəticəsini müsbət qiymətləndirirəm. Təbii ki, “İnter”in nöbəti mərhələyə çıxması bizi sevindirir. Komanda uğurlu nəticə əldə etməyə nail oldu. Doğrudu, Finlandiya komandasıyla keçirilən ilk matçda qeydə alınmış nəticə planlarımıza daxil deyildi. Çünki ev oyununda rəqiblə heç-heçəyə imza atmaq cavab oyunu ərəfəsində müəyyən psixoloji gərginlik yaratmaqla yanaşı, qonaq komandaya əlavə üstünlük də verdi. Amma biz çox şadıq ki, Kaxaber Sxadadzenin yetirmələri Finlandiyadan Azərbaycan azarkeşlərini razı salacaq nəticəylə qayıtmağa müvəffəq oldular. Xüsusilə qeyd etmək istəyirəm ki, baş məşqçinin zəkası, komandanın birliyi vacib qələbənin əldə olunmasında mühüm rol oynadı. Finlandiyadan qələbə qazanmağımız “İnter” haqqında deyilən əsassız və məntiqsiz söz-söhbətlərə son qoydu. Mən klubumuzun fəxri prezidenti Cahangir Hacıyevə, prezident Georgi Nikolova göstərdikləri hərtərəfli dəstəyə görə minnətdarlığımı bildirirəm. Bizi dəstəkləyən bütün insanlara təşəkkür edirəm. Xüsusilə də oyunöncəsi hazırlaşmaq üçün İsmət Qayıbov adına stadionun istifadəmizə verdiyinə görə “Neftçi” klubunun prezidenti Sadıq Sadıqova və vitse-prezidenti Tahir Süleymanova minnətdarlığımı bildirirəm. Onu da xüsusi qeyd etmək istəyirəm ki, cavab qarşılaşmasında qələbədən sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev və məşqçisi Tərlan Əhmədov, klubun digər nümayəndələri zəng edərək təbrik etdilər. Buna görə, hamısına təşəkkürümü bildirmək istəyirəm.
- Komanda ikinci mərhələdə daha ciddi rəqiblə - Norveç “Tromse”si ilə qarşılaşacaq...
- Müasir futbolda zəif rəqib anlayışı yoxdu. “Mariehamn”a qarşı keçirilən oyunları dediklərimizə sübut kimi göstərmək olar. Norveç təmsilçisi barədə ümumi məlumatlarım var. 3 dəfə ölkə çempionu, 2 dəfə kubok sahibi olduğunu bilirəm. Bundan başqa, “Tromse”nin doğma divarlar arasında “Sloveniyanın “Celje” komandasına məğlub olmasına baxmayaraq səfərdə rəqibini yenməsi norveçlilərin kifayət qədər ciddi rəqib olmasından xəbər verir. Yəni “Tromse”nin iradəli və məqsədinə çatmaq üçün var gücüylə mübarizəyə atılan bir komanda olduğunu düşünürəm. Bir sözlə, “İnter”in rəqibi gücünə hörmət etməyə vadar edən komandadı və bu amil bizi Norveç təmsilçisilə oyunlara maksimum dərəcədə dıqqətli yanaşmağa sövq edir.
- “İnter” ikinci mərhələyə ev oyunu ilə başlamalıydı. Lakin UEFA yenidən dəyişikliyə getdi və komandamız növbəti mərhələyə vəsiqə uğrunda mübarizəyə Norveçdə başlamalı olacaq...
- UEFA-nın məlum qərarıyla tanışam. Oyunun keçiriləcəyi yerin dəyişdirilməsinə səbəb olan amili də bilirəm. Ali futbol qurumunun “İnter” - “Tromse” matçıyla bağlı verdiyi qərara müxtəlif prizmalardan yanaşmaq olar. Birincisi, ilk oyunun səfərdə keçirilməsi və səfər oyununda məqsədəuyğun nəticə əldə edilməsi cavab matçı öncəsində komandaya bəzi üstünlüklər verir. Ancaq “İnter”in səfərdən yenicə qayıtdığını nəzərə alsaq, UEFA-nın qərarının komandaya fiziki və psixoloji mənalarda əlavə problemlər gətirəcəyini qeyd etmək olar. Çünki cəmi 4 gündən sonra komandanın yenidən dünyanın ən şimal şəhərinə səfərə yollanması asan məsələ deyil. Təbii ki, “İnter”də peşəkar futbolçular oynayırlar. Bununla belə, bu amilləri da gözardı etmək doğru olmazdı.
- Komandanın ikinci mərhələyə hazırlıq planı necədi?
- Dünən komanda bərpa məşqi keçirdi. Məşq prosesində əsasən “Mariehamn”la oyunda meydana çıxmayan futbolçular iştirak etdilər. Bu gün də “İnter” səhər məşqə çıxıb. Sabah komanda “Şəfa” stadionunda iki dəfə məşq keçirməyi planlaşdırır.
saytlarin hazirlanmasi