"Xəzər Lənkəran"a məsləhət görərdim ki, ..." MÜSAHİBƏ

14:45 - 15 İyul 2013

Cavid İmamverdiyev: "Növbəti mərhələyə yüksəlib bütün Azərbaycanı sevincə qərq edəcəyik"
 
"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyevin Sportal.az-a müsahibəsi
 
- Avstriyadakı təlim-məşq toplanışı necə keçdi?
- Çox yaxşı keçdi. Bizə xeyir verən çətin məşqlər etdik. Keçən ilə baxanda daha güclü komanda olmuşuq. Həm də ki, çalışırıq ki, Çempionlar Liqasının qrupuna düşək və xalqımızı sevindirək. 
 
- Mövsümün sonunda zədələndin. İndi zədən necədir? Artıq “Neftçi”yə xeyir vermək üçün özünü hazır hiss edirsən?
- Heç bir zədəm qalmayıb və özümü çox yaxşı hiss edirəm.
 
- Albaniya çempionu “Skenderbeu”nu necə dəyərləndirirsən?
- Bu komanda ilə bağlı elə də çox məlumata sahib deyiləm. Çünki sabah biz onların diskinə baxacağıq və məlumatı oradan öyrənəcəyik. Eşitdiyimə görə mübarizə aparan komandadı. Güclü komanda olmasa da normal komandaya oxşayırlar. Biz oynamasaq, bizm üçün çox çətin olacaq. Ona görə də oynamaq lazımdı və qələbə üçün əlimizdən gələni edəcəyik.
 
- Əksəriyyət “Neftçi”ni Albaniya təmsilçisindən ikiqat güclü görür. Sən bu fikirlərlə razısan?
- Hər şey ola bilər. Bu futboldu. Biz oynamasaq onlar bizi üstələyə bilərlər. Ona görə də rəqibə hörmətlə yanaşmaq lazımdır. 
 
- Avropa Liqasında mübarizə aparan klublarımızın oyunları izləmisən. Ümumiyyətlə bu klublarımızdan nə gözləyirsən?
- Komandalarımız çox yaxşı mübarizə apardılar və növbəti mərhələyə keçdilər. Mən inanıram ki, Azərbaycanda öz sözünü demiş 3 klubumuz avropada da sözlərini deyəcəklər və buna da layiqdirlər. Bu komandalar Avropada oynayırsa, bütün Azərbaycan bir-birilərinə azarkeşlik etsin. Biz Avropa klubları ilə oynayırıqsa, “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ” azarkeşi üçün fərq etməməlidir, biz bütün Azərbaycanın adı üçün oynayırıq. İstəyirik ki, ölkəmizin bayrağı daima yüksəkliklərdə dalğalansın. İnşallah, inanıram ki, biz növbəti mərhələyə yüksəlib bütün Azərbaycanı sevincə qərq edəcəyik.
 
- Avstriyada yoldaşlıq matçında “Makkabi” ilə üz-üzə gəldiniz. Həmin İsrail təmsilçisi də Avroliqada “Xəzər Lənkəran”la üz-üzə gələcək. Sən rəqiblə bağlı “Xəzər Lənkəran”a nə məsləhət verərdin?
- Komanda çox güclü komanda idi. Həmin oyunda iştirak edə bilmədim, amma qıraqdan baxdım. Oynayan komandadı və ötürmələrə üstünlük verir. Daha dəqiq desək, “bişmiş” komandadı. Mən məsləhət görərdim ki, “Xəzər Lənkəran” bu oyuna çox ciddi hazırlaşsın. Lənkəran təmsilçisi üçün çox çətin olacaq, amma mən inanıram ki, “Xəzər Lənkəran” bu mərhələni də keçəcək.
 
- Rəqibin hansı nöqtələri zəifdi?
- Rəqibin zəif nöqtəsi, onların dayaq müdafiəçiləridi. Cinahları deyə bilmərəm, amma mərkəz müdafiəçiləri zəif təsir bağışladılar. Güclü cəhətləri isə ondan ibarətdir ki, orta və hücum xəttində çox yaxşı oynayırlar.
 
- Biz ən azından bu il “Neftçi”dən keçən ilki uğuru gözləyə bilərik?
- Əlbəttə. İnşallah, bu il, keçən ilkindən də yaxşı olacaq.

 

Ayaz İBRAHİMOV

Xəbər xətti