Nazim Süleymanov: "Yəqin "Simurq" Avroliqanın qrup mərhələsinə düşüb"
Hərbçilər arasında keçirilən I dünya kuboku turnirində 4-cü yer tutmuş milli komandamızın baş məşqçisi Nazim Süleymanovun Sportal.az saytına müsahibəsi
- Milli komandamızın turnirdəki çıxışını necə dəyərləndirirsiz?
- 16 komanda arasında 4-cü yeri tutmaq elə də pis nəticə deyil. Amma yaxşı nəticə də verə bilərdik. Bu nəticəni yaxşı gözləmək üçün əvvəldən hər şeyə başlamaq lazım idi. İstədiyimiz bəzi oyunçuları komandanın heyətinə cəlb edə bilmədik. Həm də şəraitlə bağlı problem oldu. Nəticəni çıxara biliriksə, yəni qiymətləndiririk: ya yaxşı oldu, ya da pis. Bu nəticəyə gedən yollar var. O yolları da yaxşı getmək lazımdı.
- Sizə nələr mane oldu?
- Bunu mətbuatda çox demişəm. Yenidən təkrarlamağa ehtiyac yoxdu. Sadəcə deyə bilərəm ki, qısa müddətdə bu komandanı toplamaq, hazırlayıb belə bir dünya çempionatında çıxış etmək mənə elə gəlir ki, çox yaxşı nəticədi. Baxmayaraq ki, lap əla nəticə də verə bilərdik. Dünya çempionatının qrup oyunları ayın 2, 5, 8-i, 1/ 4 final ayın 10-nu, yarımfinal 12-si, final isə 14-ü oldu. Vaxt sıxlığı oldu. Bəli, siz sual verə bilərsiz ki, rəqib də elə oynayır. Siz fikir verin rəqiblərə. Onlar necə bərpa olunurdularsa, çox yaxşı gücləri vardı. Amma bizim futbolçuların gücləri yox idi. 2, 5 və 8-i keçirilən 3 oyunda 100 faizlik nəticə oldu. Ayın 10-da isə 1/4 finalda Bəhreynlə oyunda fəsadlar oldu. Deməli, bir gündən bir oynaya bilmirik. Biz öz üzərimizdə çox işləməliyik. Yenə deyirəm, qısa vaxtda komandanı qurduq. Ona görə də problemlər yaranırdı.
- Bizim futbolçular oyunlarda fiziki cəhətdən zəif idilər?
- Bilirsiz, gərək həkim xəstəyə düzgün diaqnoz qoya. Düzgün diaqnoz qoymayanda fəsadlar olur. Bizim futbolçular məzuniyyətdən gəlirdilər. Milli komandamızın iki üzvü - Cavid Tağıyev və Elvin Məmmədov ayın 7-si Lüksemburqla oynadı. Biz 14-ü yığışmalıyıdıq, 15-i bir araya gəldik. 15-dən sonra da millinin oyunçularına 2-3 günlük istirahət verdik ki, bir az dincəlsinlər. İndi mən başa düşürəm “Neftçi” Çempionlar Liqasında, “Qarabağ”, ”İnter” və “Xəzər Lənkəran” isə Avroliqada oynayır. Avrokuboklarda oynayan komanda ölkəmizə xal qazandırmalıdı. Biz hər birimizə kömək etməliyik. Ona görə də o klublardan oyunçu dəvət etmədik. Əgər onlardan oyunçu dəvət etsəydik, bu turniri "bir ayaqla" keçərdik. Mən başa düşmədim ki, “Simurq” niyə 3 oyunçusunu vermədi? Yəqin onlar Avroliqanın qrup mərhələsinə düşüb. Ona görə də futbolçularını vermədi.
- Rəqib komandalar peşəkar futbolçularla gəlməyib, amma müsəlman ölkələrinin komandası peşəkar futbolçularla mübarizə apardı.
- İraqdan 7-8 nəfər, Omandan 8, Bəhreyndən əksər futbolçular hamısı milli komandanın oyunçularıdı. Yığıb gətiriblər, niyə, nə olsun ki? Əgər nəticə istəyiriksə, hamımız cəm halında istəməliyik. Amma bizdə hamı istəmir. Bizim hər işimizdə belədi. Ona görə də bu cür fəsadlar olur. Bunlar əsgərlik məsələri ilə bağlı olan şeylərdi. Biz milli komandadan, U-21-in oyunçularından da götürsəydik, bu turnirdə yaxşı nəticə verərdik.
- Milli turnirdə 4-cü yer tutdu. Sizə AFFA və ya Müdafiə Nazirliyi tərəfindən mükafat ayrıldımı?
- Xalqımızın milli komandasıdı. Komandadan nə gözləyə bilərik? Məni AFFA rəhbərliyi göndərdi ki, hərbçilərlə bağlı dünya çempionatı olacaq. Kömək etmək, çalışmaq lazımdı ki, hardasa yaxşı nəticə qazanılsın. Şəraitin elə də yaxşı olmasına baxmayaraq, biz də çalışdıq ki, əlimizdən gələni edək. Yenə deyirəm, məni AFFA rəhbərliyi milliyə baş məşqçi təyin etdi. Buna görə də onlara dərin təşəkkür edirəm. Bilirsiz ki, milli ilə müqaviləm var və dekabrda qurtarır. Bu təklif gələndə də məmnuniyyətlə qəbul etdim və işlədim.
Raifə İBRAHİMOVA
saytlarin hazirlanmasi