"Təkcə "Qarabağ" yox, "İnter" və "Xəzər Lənkəran" da..." MÜSAHİBƏ

14:02 - 16 İyul 2013

Maksim Medvedev: "Artıq bu mərhələdə keçmiş rəqiblər kimi zəif təsir bağışlayan komandalar olmayacaq"
 
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin Sportal.az-a müsahibəsi
 
- “Metallurq”la oyun sizin üçün necə keçdi?
-  Bizim üçün biraz çətin oldu. Rəqib bilirdik ki, bizə çətinliklər yaradacaq. Bakıda isə bizim gözləmədiyimiz oyunu oynadılar. Başa-baş oyun getdi. Biz isə sona kimi vuruşduq və istədiyimiz qolu sonlara yaxın vura bildik və lazımı nəticəni əldə edib növbəti mərhələyə vəsiqə qazandıq.
 
- Bu oyunlardan əvvəl səslənən fikirlər düz çıxdı. “Qarabağ” “Metallurq”dan güclü komandadı. Səncə də bu belədi?
- Belə çıxır. Biz onları iki oyunda da məğlub etdik. Oyunların gedişatında da hiss olunurdu ki, “Qarabağ” “Metallurq”a qarşı rahat oynayırdı. Biz hər cəhətdə onlardan gözəl oyun nümayiş etdirdik.
 
- Demək olar ki, “Qarabağ” Avroliqalarda açdığı o uğurlu yol üçün yeni qələbələrə susamışdı?
- Əlbəttə. Şəxsən mən Avroliqa üçün çox darıxmışdım. 3 il oynamışdım və birdən-birə 1 il oynamadım. Bu il isə oynayırıq və çalışacağıq ki, istədiyimiz nəticəyə nail olaq.
 
- Bu mərhələdəki rəqibiniz Polşanın “Pyast” klubunu necə dəyərləndirirsən?
- Hamı bilir ki, onların futbolu fərqli bir futboldu. İnanıram ki, Bakıda onlara qarşı gözəl oyun sərgiləyəcəyik.
 
- Biz gözləyə bilərik ki, “Rusemborq”la gələn qələbələrin ardı yenə gəlsin? “Neftçi” kimi bu il də biz “Qarabağ”ı Avroliqanın qrupunda görə bilərik?
- İnşallah, əlimizdən gələni edəcəyik ki, bunu bacaraq. Çalışacağıq ki, qrup mərhələsinə düşək. Artıq “Neftçi” bunun öhdəsindən gəlib. Niyə də biz gəlməyək. Təkcə “Qarabağ” yox, “İnter” və “Xəzər Lənkəran”da qruplara düşmək üçün əlindən gələni edir.
 
- Digər klublarımızın rəqiblərini necə dəyərləndirisən?
- Artıq bu mərhələdə keçmiş rəqiblər kimi zəif təsir bağışlayan komandalar olmayacaq. Burada Avropa stilində oynayan komandalar hər 3 klubumuza rəqib olub. Çox çətin olacaq. Bütün klublarımıza arzu edirəm ki, gözəl futbol oynayıb növbəti mərhələnin qapısını açsınlar.
 
- “Neftçi”nin rəqibi “Skenderbeu”nu necə dəyərləndirirsən? Səncə, “flaqman” bu oyunda qalib gələ biləcək?
- Mən hesab edirəm ki, bütün Azərbaycan xalqı “Neftçi”yə azarkeşlik edəcək. İstəyərdim ki, bütün klublarımız uğurlu çıxışları ilə yadda qalsın. 
 
Ayaz İBRAHİMOV

Xəbər xətti