" Nədi, məni "Qarabağ"la qorxudursuz?" MÜSAHİBƏ

14:13 - 17 İyul 2013

"Pyast"ın baş məşqçisi Marçin Broş: "Mənim üçün "Qarabağ" və ya "Metallurq"un heç bir fərqi yoxdu"
 
"Pyast"ın baş məşqçisi Marçin Broş "Sport Favorit" qəzetinə eksklüziv müsahibə verib. Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Bakı səfəri öncəsi komandanın təqdimat mərasimi oldu. Yeni mövsümdən nə gözləyirsiz?
- Biz yeni mövsümə tam nikbin baxırıq. Hesab edirəm ki, azarkeşlərimiz də həm çempionat, həm də kubok oyunlarında komandanı dəstəkləyəcəklər. Xüsusilə iyulun 25-də “Qarabağ”la cavab oyununda onların dəstəyinə ehtiyacımız olacaq.
 
- “Qarabağ”ı necə xarakterizə edərdiz? Rəqibiniz barədə yetərincə informasiya toplaya bilmisiz?
- Biz sizin komandaya hörmətlə yanaşırıq. Bilirik ki, kifayət qədər güclü rəqiblə qarşılaşacağıq. “Qarabağ”ın komplektləşmiş heyəti var. Komanda bir-birini çox gözəl başa düşür. Birinci təsnifat mərhələsində “Metallurq”u həm səfərdə, həm də evdə məğlub etdilər. Amma bizim komandamız da güclüdü. “Qarabağ”la hər iki oyunda qələbə qazanmağa çalışacağıq.
 
- Bilirik ki, “Metallurq” – “Qarabağ” cütündə daha çox sonuncularla düşməyi arzu edirdiz. Çünki Skopye sizə daha yaxındı və “Metallurq” da “Qarabağ”a nisbətən daha rahat rəqibdi.
- Əslində, mənim üçün “Qarabağ” və ya “Metallurq”un heç bir fərqi yoxdu. Çünki hər ikisi güclü komandadı. Daha güclü olan mərhələni keçməliydi. Bunu da “Qarabağ” bacardı. Deməli, mən də komandamı onlara uyğun hazırlamalıyam. Eyni ilə bu cütlükdə də daha yaxşı olan tərəf adını 3-cü təsnifat mərhələsinə yazdıracaq. Futbolun yazılmış qanunudu bu.
 
- “Pyast”ın bütün futbolçuları mətbuata açıqlamalarında, müsahibələrində “Qarabağ”dan çəindiklərini söyləyirlər. Bu hiss onlara sizdən keçib, yoxsa özlərində inamsızlıq var?
- Xeyr. Siz belə düşünün. Nədi, məni "Qarabağ"la qorxudursuz? (səsinin tonundan hirsləndiyini hiss edirəm). Bayaq dediyim kimi, biz “Qarabağ”a hörmət edirik. Bilirik ki, komanda tam hazırdı və gözəl futbol sərgiləyir. Bizdə isə komanda yenidən qurulub. 7 yeni futbolçu almışıq. Onlar hələ bir-birilərinə tam uyğunlaşmayıblar. Bununla belə Bakıya “Qarabağ”ı məğlub etmək üçün gəlirik. Ən pis halda isə ölkənizdən qollu heç-heçə ilə qayıtmaq istəyirik. O ki qaldı futbolçulara, onlar da rəqibə hörmət etdikləri üçün belə düşünürlər. Əslində isə buna qorxu deməzdim. Sadəcə, ehtiyatlı danışırlar. Bu da çətin oyunlar öncəsi normal haldı. Hətta bəzən ən güclü komandalar belə zəif rəqibləri haqda bu cür fikirlər səsləndirirlər.
 
- Belə başa düşdüm ki, Bakıda müdafiə futbolu oynamayacaqsız. Bəs qorxmursuz ki, bu, sizə baha başa gələ bilər? Nəzərə alaq ki, “Qarabağ” 2 il bundan qabaq səfərdə 1:0 hesabı ilə məğlub etdiyi “Visla”ya Bakıda bir hissəyə 3 top vurmuşdu. Bu mənada komandamızı Polşa klublarının qorxulu röyası hesab etmək olar.
- Bəli, bu məsələdə sizinlə razıyam. Doğrudan da “Visla” ilə oyunda komandanız çox gözəl təsir bağışlamış, layiqli qələbə qazanmışdı. Ancaq mən bunu qorxulu röya hesab etmirəm. Yox, əgər siz belə düünürsüzsə, onda biz də “Qarabağ” lənəti”ni Polşa klublarının üstündən götürməyə çalışacağıq.
 
- "Qarabağ"ın ötən mərhələdə nə cür oynamasından xəbərdarsız? Oyunları izləmək fürsətiniz oldu?
- Sizi nə maraqlandırır?
 
- Rəqibi öyrənməyiniz…
- Mən artıq öyrəndiyini bilirəm.
 
- "Qarabağ"ın futbolçularından kimi daha təhlükəli görürsüz?
- Bağışlayın, mən indi getməliyəm. Söhbətimizin davamı qalsın Bakıya.

Xəbər xətti