Son ümid, ya da ümidlərimizin sonu

17:02 - 5 İyun 2021

Artıq neçə ildir ki, qızğın müzakirələrə çevrilən mövzu sona yaxınlaşır. Əslində, buna son demək də düzgün deyil, çünki başlanğıcdı. Mahir Əmrəli nəhayət ki, “şeytanın qıçını qırıb” “Legiya” ilə müqavilə bağlamaq üçün Polşaya yollanıb. Neçə ildir ki, hamı Mahirin legioner həyatı yaşamalı olduğunu deyir, getməsini istəyirdi. İndi bütün ölkənin gözü ondadır, yəqin çoxumuz həftəsonları maraqla “Legiya”nın oyunlarını gözləyəcəyik. Son dəfə belə durum Vaqif Cavadov “Tvente”yə yollananda yaranmışdı. O vaxt da çox ümidliydik, amma olmadı, Vaqifin Hollandiya karyerası alınmadı. 

 
Nə qədər qəribə səslənsə də, son illər azarkeşlərin tənqidi ilə ən çox üzləşən futbolçularımızdan biri də elə Mahir Əmrəli idi. Ona görə yox ki, pis futbolçudu. Əslində, Əmrəli potensialına görə ən yaxşı futbolçularımızdan biridi, bəlkə də kimlərəsə görə hətta ən yaxşı. Lakin Mahirə adətən sabitlik çatmayıb. Gah əla oynayıb, gah da meydançada gözə dəyməyib. 


Əsas odur ki, oyunuyla xarici skautların, klubların diqqətini çəkib. Və indi karyerasında yeni səhifəni açmağa hazırlaşır. Amma karyera dəftərinin Avropadakı səhifələri buradakından çox fərqli olacaq. Qələmi də, yazılış qaydası da, hərfləri də, elə müəllimi də. Mahir dərk eləməlidir ki, orada daha başının üstündə Qurban Qurbanov kimi meydançada onun üçün pedaqoq, ehtiyacı olanda dost, səhvi olanda ona atalıq edən hocası olmayacaq. Avropada həm şərtlər fərqlidi, həm də mentalitet. Bəlkə bir az sərt səslənəcək, amma orada daha Mahirin nazıyla oynayan olmayacaq.  


Mahir Əmrəlinin “Legiya”ya transferini incələsək, doğru seçim olduğunu deyə bilərik. Bir tərəfdən baxanda, “Qarabağ” “Legiya”dan daha güclü komandadır, biz bunu ötən il Avropa Liqasının "play-off" mərhələsində də gördük. Amma digər tərəfdən Azərbaycan çempionatı səviyyəsinə görə Polşa çempionatından geri qalır. Doğrudur, son illər Polşa çempionatı da xeyli geriləyib. Amma hər nə qədər geriləmə olsa da, bizimkindən daha üstün çempionata sahibdilər. 


Mahir Əmrəlinin Polşanın ən güclü komandasına getməsi onun orada da bombardirlik keyfiyyətini göstərməsinə şərait yaradacaq. Çünki “Legiya” da “Qarabağ” kimi dominant futbol oynayır, oyunboyu hücumda olurlar, belədə “vuran ayağı” olan Mahirin qolları sıralaması real görünür. 


Həssas məqamlardan biri də onun ölkəyə, həmin ölkənin futbol mentalitetinə necə uyğunlaşmasıyla bağlıdı. Nə qədər tez uyğunlaşsa, karyerası da bir o qədər hamar olacaq. Yenə də hər şey öz əlindədir. 


Yəqin Mahir Əmrəli başa düşür ki, o, azərbaycanlı azarkeşlərin son ümid yeridir. Çünki yaxın vaxtlarda Avropaya yollanacağına ümid elədiyimiz başqa futbolçumuz yoxdur. Mahir son ümidimizdi. Ümidlərimizin sonu olmasın kaş... 


Həmid  

 

Xəbər xətti