"Qəbələ"nin braziliyalısı: "Ümidvaram ki, Ramon bizə qol vura bilməyəcək" - MÜSAHİBƏ

14:10 - 23 Sentyabr 2021

“Qəbələ”nin müdafiəçisi Ruan Renato Sportal.az saytına müsahibə verib. Braziliyalı futbolçu hazırda komandasının Premyer Liqanın 1-ci pilləsində olması barədə danışıb.

- “Qəbələ” hazırda turnir cədvəlinin ilk pilləsindədi. Yəqin ki, hazırki durum sizi razı salır? Bu cür start gözləyirdiniz?
- Turnir cədvəlindəki durumumuzdan razıyıq. Amma başa düşürük ki, liqa hələ yeni başlayıb. Ona görə də indidən bu haqda yox, qarşıdakı oyunlarda əlimizdən gələni etməli və daha da inkişaf etməli olduğumuzu düşünürük. Məşqlərdə və oyunlarda da artırmalıyıq ki, qələbələrin ardı gəlsin.

- Geridə qalan 4 turda hansı matçı daha yaxşı səviyyədə keçirdiyinizi düşünürsən?
- Son oyunu qeyd edə bilərəm. Komanda çox yaxşı oynadı. Müdafiə xəttində də heç bir problemimiz olmadı. Hücumda isə düşən imkanlardan istifadə edə bildik. 

- Komanda yalnız “Neftçi” ilə görüşdə xal itirdi, 2:2 oynadı rəqibilə. Həmin oyunu da qalib gələ bilərdiniz?
- “Neftçi” ilə oyunun necə çətin keçdiyini bilirik. Onlara qarşı çox yaxşı oynadıq. Bilirik ki, biz daha da inkişaf etməliyik. Ki, növbəti dəfə “Neftçi” ilə oynayanda əla oynayıb, onlara qalib gələk.

- Artıq 4 oyun oynamısınız və Azərbaycan çempionatı haqda məlumatlısınız. Çempionatın səviyyəsi barədə fikrin necədi?
- Azərbaycan çempionatın səviyyəsini bəyənirəm. Oyunlar yaxşı səviyyədə keçir. Azərbyacan Premyer Liqasında çox yaxşı futbolçuları oynayır.

- Çempionatın 4-cü turunda “Səbail” üzərində 5:0 hesabı ilə qalib gəldiniz. Necə oldu ki, bu cür hesabla qələbə qazandınız?
- Son oyunları müqayisə etsək, ilk yarıda güclü oynamadıq. Amma fasilədə, baş məşqçimiz bir neçə düzəliş etdi və komanda çox yaxşı oynadı. Bütün oyunçular yaxşı səviyyədə oynadı. Oyuna sonradan daxil olan futbolçular da özünü yaxşı tərəfdən göstərdi. Bu da onu göstərir ki, “Qəbələ”də təkcə 11 yox, bütün futbolçular yaxşı səviyyədədi. 

- “Neftçi” və “Qarabağ” daim çempionluq uğrunda mübarizə aparır. Sizin də çempionluq uğrunda mübarizə aparmağınız realdı?
- Bizim məqsəd hər növbəti oyunu düşünməkdi. Daim növbəti tura, növbəti rəqiblə oyuna hazırlaşırıq. Oyunlarda isə 100 faizi meydanda qoyuruq. Çempionat sona çatanda isə “Qəbələ”nin hansı pillədə olduğunu görəcəyik.

- Dostun, “Yuventude” və “Botafoqo”da birlikdə oynadığınız Ramon Maçado  “Neftçi”də qol hesabını açdı. Onu təbrik etdin? Səncə, Ramon “Neftçi”də bir mövsümə neçə qol vurar?
- Ramon böyük potensialı olan futbolçudu. “Neftçi”də mövsümü əla keçirməsi isə o, hər şeyə sahibdi. Çempionata bu cür başlamasına görə sevindim. Bu mövsüm yaxşı nəticələr əldə edəcəyinə inanıram. Ümidvaram ki, Ramon “Qəbələ”yə qol vura bilməyəcək(gülür).

- Qarşıdakı turda rəqibiniz “Sumqayıt”dı. Onları səfərdə məğlub etmək mümkündü?
- “Sumqayıt”a qarşı oyunun çətin keçəcəyini bilirik. Maksimum konsentrasiyalı olmalıyıq. Qələbə qazanmaq üçün fiziki və texniki sarıdan hazırlıqlı olmaq lazımdı. Həftə ərzində səylə çalışırıq ki, oyuna hazır olaq və yaxşı oyun göstərib, çempionatda növbəti qələbəmizi qazanaq.

- Ola bilər ki, “Qəbələ”nin əsl gücünü “Qarabağ”la oyunda görək?
- “Qəbələ” üçün bütün oyunlar vacibdi. Rəqibin isə fərqi yoxdu. Hər oyunda maksimum gücümüzlə oynayacağıq. Məhz bu cür oynasaq Azərbaycanın hər bir komandasına qarşı yaxşı oynayıb, uğurlu mövsüm keçirə bilərik. 

Xəbər xətti