"Örebro"nün qapıçısı: "AFFA-nın haqqımda məlumatı yoxdu" - MÜSAHİBƏ

19:14 - 17 Yanvar 2022

Ölkə xaricində futbolun sirlərinə yiyələn azərbaycanlıların sayı çox deyil. Xaricdə çıxış edən elə azsaylı həmyerlilərimizdən biri də Murad Abdurrahmanovdu. Hazırda İsveçin "Örebro" klubunun aşağı yaş qruplarından ibarət komandalarında çıxış edən qapıçı Sportal.az saytına müsahibə verib. 2007-ci ildə elə Örebro şəhərində dünyaya gələn Murad klubda gələcəyinə böyük ümidlər bəslənilən qapıçıdı.

- “Örebro”ya gəlişin necə alındı? Bu klubdakı perspektivini necə görürsən?
- 7 yaşından futbolla məşğulam. İlk dəfə “Sturehov İK Örebro” klubunda futbola başlamışam. Region çempionatında 10 yaşından çıxış edirəm. 13 yaşım olanda “Örebro”nün U-13 komandası ilə qarşılaşmışdıq və 2 oyunda onlara qalib gəlmişdik. Elə bundan sonra bu klubun məşqçiləri “Sturehov” məşqçilərinə və atama zəng edərək, “Örebro”nün akademiyasına dəvət etdilər. Elə o vaxtdan buradayam. U-13, U-14, U-15 komandalarında oynadım. U-16 komandasına da cəlb edirlər, oyunlarda, məşqlərdə çıxış edirəm.

- “Örebro”da sənə necə yanaşırlar? Əsas komandaya qarşıdakı neçə il ərzində yüksələ bilərsən? 
- “Örebro” akademiyası çox xoşuma gəlir. Burada yaxşı məşqçilər çalışır. Qapıçı məşqçisi də yaxşıdı. Məşq prosesi yaxşıdı. Bizim U-14 komandamız keçən il İsveç çempionatında 4-cü yeri tutdu. İsveç kubokunda yarımfinala çıxdıq. Ancaq təəssüflər olsun ki, “Hammarbü”yə uduzduq. Ümid edirəm ki, akademiyada davam edəcəm və U-16, U-17, U-18, sonda isə “Örebro”nun əsas komandasında oynayacam, inkişaf edəcəm.

- Maraqlıdı, Azərbaycan Futbol Federasiyasından səninlə maraqlanan olub?
- Xeyr, AFFA-nın haqqımda məlumatı da yoxdu. “Örebro”da Valeh Qafarovla tanış oldum. Atamla Valeh müəllim eyni komandada işləyib. Atam vaxtilə Azərbaycanda oynayıb, qapıçı olub. O, “Şəfa”da oynamışdı, sonradan isə futzol çempionatında çıxış etmişdi.

- Ümumiyyətlə, heç Azərbaycan futbolu ilə maraqlanmısan? Azərbaycan millisi və ya klublarımız barədə hansı məlumatın var?
- Evdə Azərbaycan kanallarına baxa bilirik. Çünki Azərbaycan telekanlları var. Azərbaycan çempionatının matçlarına baxıram. Milli komandadanın oyunları olanda həmin matçları da izləyirəm. “Qarabağ” çox xoşuma gəlir. Onlara Konfrans Liqasında uğurlar arzu edirəm. Allah qoysa, “Marsel”ə qalib gələrlər.

- Maraqlıdı, gələcəkdə Azərbaycan millisində oynamaq arzun var? Dəvət gələrsə, razılıq verəcəksən?
- Bəli, Azərbaycan millisindən dəvət gəlsə, mütləq razılıq verəcəm.

- İsveçin U-16, U-17 yığmalarından necə, heç dəvət almısan? Əgər, gələcəkdə belə bir şey baş verərsə, hansı cavabı verəcəksən?
- Millidə oynamaq arzumdu. İsveç millisində oynasam da, fəxr edərdim. Hər halda İsveç yığmasında oynamış ilk azərbaycanlı kimi də tarixə keçərdim. Bu da arzularım arasındadı. Amma mən azərbaycanlıyam və Azərbaycan millisində oynamaq arzum yüksəkdi. Dəvət olsaydı, mütləq qəbul edərdim.

- Gələcəkdə özünü hansı klubda görmək istəyirsən? Avropada ən bəyəndiyin, qapısını qorumaq istədiyin komanda hansıdı?
- “Barselona”nı çox bəyənirəm. Arzum da bu klubda oynamaq istəyərim. Qapıçı Mark-Andre Ter Ştegen idealımda olan qapıçıdı. Ştegenin oyununa baxıram və onun oyun stilini öyrənməyə çalışıram.

- Azərbaycana gəlib-gedirsən heç? Sonuncu dəfə nə vaxt burada olmusan?
- Azərbaycanda sonuncu dəfə 2017-ci ildə olmuşam. Bakı həqiqətən də çox gözəl şəhərdi.

- Azərbaycandakı qapıçıları tanıyırsan? Ən çox bəyəndiyin azərbaycanlı qapıçı kimdi?
- Azərbaycanda ən çox bəyəndiyim qapıçı Şahruddin Məhəmmədəliyevdi. Çox yaxşı reaksiyası var. 

 

Xəbər xətti