Velosipedçilərimiz İslam Həmrəyliyi Oyunlarına uğurla başladılar

19:44 - 5 Avqust 2022

Avqustun 5-də velosiped üzrə Azərbaycanın Elit/U23 yığma komandasının üzvləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıblar.

 

Sportal.az xəbər verir ki, ilk olaraq qadın velosipedçilərimizdən Viktoriya Sidorenko və Ayan Xankişiyeva, kişi velosipedçilərimizdən isə Musa Mikayılzadə və Nəcəf Bağırov trek velosipedinin skretç növü üzrə yarışlara qatılıblar.

 

Konya Velodromunda keçirilən yarışlarda 14 qadın velosipedçi 10 km, 19 kişi velosipedçi isə 15 km məsafədə mübarizə aparıblar.

 

Yarışda əzmkar mübarizə aparan idmançımız Ayan Xankişiyeva 4-cü, Viktoriya Sidorenko 13-cü, Musa Mikayılzadə isə 14-cü yerdə qərarlaşıblar.

 

Nəzərinizə çatdıraq ki, N.Bağırov finişə 1 dövrə qalmış yıxılaraq zədələndiyi üçün mübarizəni sona çatdıra bilməyib.

 

Qeyd edək ki, avqustun 9-da rəsmi açılışı olacaq Oyunlarda baş məşqçilər Asif Həsənov (şose üzrə) və Elçin Qəhrəmanovun (trek üzrə) rəhbərliyi ilə kişi velosipedçilərdən Elçin Əsədov, Nəcəf Bağırov, Əmral Abduləzizli, Əli Qurbanov, Musa Mikayılzadə, Şahin Eyvazov, Elgün Əlizadə, qadın velosipedçilərdən isə Viktoriya Sidorenko, Ayan Xankişiyeva və Lalə Əbdürəhmanova iştirak edirlər.
İdmançılarımız həm trek, həm də şose növlərində yarışırlar.
56 ölkədən 4200 idmançının qatıldığı V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi avqustun 18-də baş tutacaq.

Xəbər xətti