"Turan Tovuz"un kapitanı: "Faydası olmayan bir şey haqda çox danışmağa ehtiyac yoxdur"

11:04 - 23 Yanvar 2024

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə ""Kəpəz"ə 1:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, tovuzluların kapitanı Kamal Bayramov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun çətin olacağını bilirdik. Zədəli futbolçumuz var idi. Bir neçə oyunçu var ki, təlim-məşq toplanışını buraxmışdılar. Onlar son iki-üç gündə məşqlərə qoşuldular. Veysəl Rzayev ümumiyyətlə komandaya qoşulmamışdı. Belə çətinliklərimiz var idi. Amma bu, məğlubiyyətə əsas gətirmir. Digərləri də layiqli futbolçulardır ki, komandamızda yer alırlar. Fikrimcə, oyunun qırılma nöqtəsi qırmızı vərəqə idi. Bu olmasaydı, indi başqa nəticə haqda danışa bilərdik.

- Oyundan sonra qırmızı vərəqəyə görə Faiq Hacıyevlə söhbət etdiniz?

- Yox. Bu, futboldur. Belə şeylər olur. İstəmədən belə alındı. Futbolçu özü də istəməzdi ki, 10-cu dəqiqədə komandasını azlıqda qoysun. O, komandaya kömək etmək istəyirdi. Təəssüf ki, belə alındı. Hardasa təcrübəsizlik öz sözünü dedi. Çünki, epizod qapıdan xeyli aralıda idi.

- Paltardəyişmə otağında ab-hava necə idi?

- Baş məşqçimiz bizimlə söhbət etdi. İlin ilk turudur. İlk turlarda adətən çətin olur. Bizi qarşıda uzun marafon gözləyir. Bu psixoloji durumda qalıb sınmaq olmaz.

- İkinci qolu yaxın küncdən buraxdın. Həmin epizodu necə şərh edərdin?

- Həmin qolda kobud səhvimi qeyd edərdim. Ümumiyyətlə hər iki qolda xətalarım var idi.

- Həm baş məşqçiniz, həm sən, həm də klub rəsmiləri hakimliklə bağlı tez-tez narazılıqlar edir. Düşünmürsən ki, buna görə hakimlər sizi cəzalandırır?

- Ümumiyyətlə bu haqda danışmaq istəmirəm. Çünki, hakimlik haqda çox danışmışıq. Götürək, "Zirə" ilə kubok matçındakı qol epizodunu. Nəinki bizim keçmiş hakimlər, bir sıra ölkələrdə yüksək liqalarda oyun idarə edən referilər həmin epizodda cərimə zərbəsi olduğunu bildirirlər. Sadəcə, adlarını çəkmək istəmirəm. Yalnız bizdəki hakimlər həmin epizodu qol kimi qeydə alıblar. Məncə, faydası olmayan bir şey haqda çox danışmağa ehtiyac yoxdur.

Elçin Əlixan

Xəbər xətti