Elvin Camalova 3 klubdan təklif var - amma Vernidub millimizin üzvünü sərəncamında görmək istəyir

13:11 - 5 Yanvar 2026

Ötən mövsüm "Sabah"ı "Neftçi"yə dəyişən Elvin Camalov ilk vaxtlar yaxşı təsir bağışlasa da, sonradan zədə səbəbindən xeyli qıraqda qalıb. Bu mövsümün ilk yarısını zədəsini sağaltmaqla məşğul olub. 

Yuri Vernidubun gəlişiylə "Neftçi"də əksər futbolçularla bağlı suallar ortaya çıxıb. Ukraynalı mütəxəssis məhz onun tələblərinə cavab verən futbolçularla çalışmaq niyyətindədir. Bu kateqoriyaya ustalıq səviyyəsi ilə yanaşı, işgüzarlığı, ortaya qoyduğu iş əmsalı, intensivliyə ayaq verən oyunçular daxildir. 

Bəzi futbolçular kimi Elvin Camalovla da bağlı qeyri-müəyyənlik yaranıb. Belə baxanda, millimizin üzvü göstəricilərinə görə Vernidubun oyun sisteminə tam uyğun gələn futbolçudur. Ukraynalıya orta sahədə məhz belə oyunçular lazımdır. Amma bir məsələ də var ki, Vernidub demək olar ki, Elvini tanımır, iş başında görməyib.

Buna görə də, ukraynalı mütəxəssis Camalovun mütləq Dubay toplanışına qatılmasını istəyib. Vernidub qış hazırlığı çərçivəsində həm Elvinin, həm də sərəncamında olan digər futbolçuların bacarıqlarını özüyçün müəyyənləşdirməyə çalışacaq. 

Onu da qeyd edək ki, artıq Elvin Camalovu heyətində görmək istəyən bir neçə Premyer Liqa klubu var. Millimizin üzvünə maraq göstərənlər "Qəbələ", "İmişli" və "Karvan-Yevlax" klublarıdır.

Sportal.az

Xəbər xətti