"Turan Tovuz" Misli Spremyer Liqasının 32-ci turunda doğma meydanda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin məşqçisi Yunis Hüseynov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Qələbə qazanmaq istəyirdik. 3-cü pilləyə qalxmaq üçün bu gün bizə çox vacib 3 xal lazım idi. Əfsuslar olsun ki, qalib gələ bilmədik. Hesabda önə keçəndən tez bir zaman sonra qapımızda qol gördük. Ötən turda da, bu gün də rəqib yox, özümüz rəqibə şanslar yaratdıq və qol buraxdıq. Qarşıdakı oyunlara tam ciddi hazırlaşmaq lazımdır. Bu gün komandadan o qədər də razı qalmadıq.
- Komanda "Sabah"a, "Qarabağ"a qalib gəlir, amma nisbətən zəif rəqiblərlə oyunlarda xal itirir. Bunun səbəbi nədir?
- Biz özümüz də bu haqda danışırıq. Dediyiniz rəqiblərlə oyunlarda xallar itirməsəydik, bəlkə də 2-ci yerdə olardıq. Mən özüm də futbol oynamışam. "Qarabağ"a, "Sabah"a qarşı futbolçularda köklənmə başqa cür olur. Dəfələrlə təkrarlayırıq ki, tam ciddi olmaq lazımdır. Bunun üzərində işləyirik. Hər oyundan sonra Kurban Berdiyev də futbolçularla danışır.
- "Karvan"ın demək olar ki, bütün uğurları sizin adınızla bağlıdır. Yevlax təmsilçisi bu gün Premyer Liqaya vəsiqəni təmin etdi. Təklif olsa, yenidən "Karvan"da işləmək istəyərsiz?
- Premyer Liqaya yüksələn bütün komandalara uğurlar arzulayıram. Bölgə klublarının elitada olması yaxşı haldır. Amma mən hazırda "Turan Tovuz"da özümü xoşbəxt hiss edirəm. Axıra qədər Kurban Berdiyevə köməklik edəcəyəm.
- Komanda niyə hücumda çoxala bilmirdi?
- Axsayan cəhətimiz odur ki, hücumda çoxala bilmirik. Bu olmayanda da qol vura bilməyəcəksən. Hücuma atılmaq lazımdır. Öndə top saxlamaqda çətinlik çəkirik. Arxada top saxlamaq asandır. Çünki orada rəqibin oyunçuları az olur. Qol vurmaqda da çətinliklərimiz var. Amma çox asanlıqla qol buraxırıq.
- Avrokuboklara vəsiqə üçün kubokun finalında "Qarabağ"ın qələbəsini gözləyəcəksiz?
- Hələ qarşıda 4 oyun var. Bilmək olmaz nələr baş verəcək. Fikrimiz ancaq 3-cü yer üçün oynamaqdır. Kubokun finalını gözləmək istəmirik. Avrokuboklarda iştirak etməyi arzulayırıq. "Turan Tovuz" azarkeşləri möhtəşəmdir. Klubun rəhbəri də komanda üçün hər cür şərait yaradıb. İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi