Vüqar Məmməd: "Bu uğurun qazanılmasında klublarda çalışan məşqçilərin də əməyi böyükdür"

21:14 - 20 Noyabr 2018

“Gəncə şəhərindəki yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq xəsarət almış insanlara şəfa, dünyasını dəyişən həmvətənlərimizə isə Allahdan rəhmət diləyir, yaxınlarına baş sağlığı veririk. Bu gün növbəti mərhələyə vəsiqə qazanmışıqsa, deməli, hər şeyi düzgün etmişik. Komandanın üzərində əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Turnirin əvvəlində də demişdim, yenə təkrar edirəm, heyətimizdə yer alan bütün futbolçulara inanırdım, inanıram və qələbə münasibəti ilə hər birini təbrik edirəm, onlarla qürur duyuram".

 

Sportal.az xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi  Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə qrup mərhələsinin sonuncu turunda  Lixtenşteynə 3:0  hesabı ilə qalib gəldiyi oyundan sonra deyib. Bu qələbə ilə elit mərhələyə yüksələn millimizin çalışdırıcısı bildirib ki, oyunlara 11 aydır hazırlaşırdılar:

 

"Komandamızın hər bir üzvü mərhələ adlamaq üçün çox istəkli idi. Hər oyundan sonra istəyimizə çatacağımıza inanırdıq. Bu uğurun qazanılmasında klublarda çalışan məşqçilərin də əməyi böyükdür. Onlara da "çox sağ olun", deyirəm. Ancaq görüləsi işlərimiz də az deyil. Lixtenşteynlə qarşılaşmaya gəldikdə, qeyd edim ki, hər bir rəqiblə oyuna fərqli taktika ilə çıxmışdıq. Bugünkü oyunla bərabər paralel keçirilən matçın nəticəsi də mərhələni adlamaq baxımından əhəmiyyətli idi. Ancaq uşaqlara dedim ki, siz oyununuzu oynayın, qələbənizi qazanın. Gürcüstan – İsrail oyunu barədə isə onlara matç ərzində heç bir məlumat vermədik. Yekun biz istəyən kimi oldu. Əlbəttə, turnir həm məşqçilər, həm də futbolçular üçün böyük təcrübə oldu”.

Xəbər xətti