Azərbaycan milli komandasının şərəfini qorumuş, "Qarabağ" və "Neftçi" klublarında oynamış Elvin Yunuszadə Sportal.az saytına müsahibə verib. "Keşlə"dən ayrıldıqdan sonra hələ də klubsuz qalan müdafiəçi bir müddət əvvəl Türkiyəyə yollanıb. O, klubsuz qalmasından haqda da danışıb.
- Uzun zamandır ki, klubsuz qalmısan. Hazırda nə işlə məşğulsan?
- Doğrudu, klubsuzam. Amma fərdi məşqlər edirəm. Bəzi yerlər var ki, danışıqlar gedir. Həm də təkliflər gözləyirəm.
- Xarici klublardan təklif almışdın?
- Danışıqlar apardığım klublar var idi. Bəli, xarici komandalar idi. Türkiyədən təkliflərim var idi, danışıqlar gedirdi. Ancaq son anda bəzi məsələlərə görə keçid alınmadı. Daha doğrusu, yəni mənimlə bağlı deyildi, klubun öz məsələsilə bağlı idi.
- Elə bir ara Türkiyəyə getmişdin. Ora getməyinin məqsədi hansısa klubla görüşməyin idi?
- Bəli, elə klub məni dəvət etmişdi ora. Üzbəüz danışıq üçün getmişdim qardaş ölkəyə. Əslində klub məni istəyirdi. Sadəcə həmin klubun transfer qadağası var idi. Onlar həmin qadağanı aradan qaldıra bilmədilər deyə, mənim keçidim də baş tutmadı.
- Bəs, Azərbaycan klublarından necə, heç sənə təklif göndərən yoxdu? Səncə, niyə klublarımızın səni istəmədi?
- Bizim klublarla danışığım olmayıb. Hansısa klubla görüşməmişəm. İstəməmələri? Ola bilər ki, bir müddət oynamadım deyə, bu öz təsirini göstərib.
- Azərbaycan milli komandasının sabiq üzvü kimi, milli haqda da fikrini öyrənmək istəyərdim. Yığma DÇ-2022-nin seçmə mərhələsinin son 3 görüşündən cəmi 1 xalla ayrıldı. Səncə, milli daha çox xal toplaya bilərdi, yoxsa real gücümüz bu idi?
- Əslində, uşaqlar əllərindən gələni etdi. Bilirsiz, kənardan çox asan görünə bilər. Hamı tənqid edir, "niyə udmadılar?" deyirlər. Amma indi heç bir milli ilə oyun asan keçmir, asan oyun qalmayıb. Oynadığımız komandalar da bəlli idi.
- Millimizdə tez-tez elə sənin də mövqeyində çıxış edən Elvin Bədəlov və Höccat Haqverdi tənqid olunur, əksər azarkeşlər onların oynamasından sanki narazıdı. Bu haqda fikrin necədi?
- Axı hər şeyi elə Elvinlə Höccətin üstünə də atmaq olmaz axı. Ümumi komanda oynayır, uduzur, ya udur. Hər şeyi sırf 2 nəfərin üstünə atmaq üzgün deyil. Onlar da əllərindən gələni etdi. Nəzərə alın ki, Elvin Bədəlovun da qarşısında oynayan dünya səviyyəli oyunçulardı. Hansı ki, onlara qarşı oynamaq da asan deyil. Bu mənada hər şeyi tək onların boynuna atmaq düzgün deyil.
- Sabiq komandaların "Neftçi" və "Qarabağ" dünən üz-üzə gəldi. Matçla bağlı düşüncələrin necədi? Səncə, bu mövsüm çempionluğa əsas namizəd hansı komandadı?
- Bəli, “Neftçi” - “Qarabağ” matçına baxdım. Qələbə münasibətilə "Qarabağ"ı təbrik edirəm. Maraqlı oyun oldu, əsl derbi matçı idi. Çempionluq mübarizəsi bu mövsüm də "Qarabağ" və "Neftçi" arasında gedəcək. İndidən nəsə demək çətindi. Çünki liqa yeni başlayıb. Ancaq dediyim kimi, böyük ehtimalla mübarizə bu 2 komanda arasında olacaq.