“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Sportal.az saytına müsahibə verib:
- Son transferiniz Fernan Lopez oldu. Onun transferi necə baş tutdu?
- Fernan klubdan getdikdən sonra da onunla ünsiyyətimiz qalırdı. Bir neçə dəfə qayıdışı ilə bağlı söhbətimiz olmuşdu. Sadəcə indi hər 2 tərəfi razı salan şərtlər əmələ gəldi. Bir-birimizi tanıdığımız üçün razılaşmaq çətin olmadı.
- Yaovi Akakpo və Rüfət Əhmədov zədələndi deyə gətirdiniz Fernanı? Sadəcə mövqelər fərqlidi. Yoxsa Fernanı öz mövqeyində oynadacaqsınız elə?
- Mövqedən asılı olmayaraq, heyətimiz kasaddır. Bəzən məşq üçün belə, futbolçu kifayət etmir. Son günlər 13 meydan oyunçusu ilə çalışmalarımızı davam etdiririk. Bu səbəbdən də önəmli olan istədiyimiz futbolçunu heyətə qatmaqdı.
- Son dəfə Fernan uzun müddət əvvəl oynayıb. Oyun praktikasının olmaması sizi narahat etmirki?
- Bəlkə də Fernanı tanımasaydıq götürməzdik komandaya. Bilirik ki, işinə ciddi yanaşır, qısa müddətdə formasını bərpa edə bilər. İnandığımız oyunçudu, son günlərdə daha bir neçə futbolçu ilə bağlı da variant çıxmışdı. Ancaq tanımadığımız oyunçularla bağlı risk edə bilmərik.
- Növbəti turda ispanı çempionat oyununda görəcəyik meydanda, yoxsa çətin ki, indi özünə əsas heyətdə yer etsin?
- Hazırda komanda ilə məşqlərini davam etdirir. “Neftçi” ilə yoxlama oyununda da meydana çıxdı. Ehtiyac yaransa, əlbəttə ki, meydana çıxa bilər.
- Maraqlıdı ki, Kristof Atananqa mövsüm əvvəli komandaya böyük ümidlərlə dəvət edildi. Amma oynamır. Nicat Mehbalıyev onu ehtiyatda saxlayıb, yoxsa necə?
- Həm Nicat, həm də Atananqa bizim üçün önəmki oyunçulardı. Atananqa heyətə qoşulanda artıq Nicat komanda ilə toplanış keçmişdi. Təbii ki, çempionata da başladıq və şansından maksimum istifadə edir. Biz hər 2 qapıçımızın çalışmasından məmmunuq. Yəqin ki, mövsüm ərzində Atananqaya da ehtiyac olacaq.
- “Neftçi ilə yoxlama oyununda ara qarışdı və dava düşdü. Hətta Sezar Meza Kolli qırmızı vərəqə aldı. Yoldaşlıq görüşlərində belə hadisələr çox rast gəlinmir. Baş verən hadisə haqda nə düşünürsünüz?
- Qabardılacaq məsələ deyil. Futbolda baş verə biləcək hadisədi. Təbii ki, bununla bağlı komandaya lazımı sözləri dedik. Bəlkə də rəsmi oyun olsaydı, xırda insident qırmızı vərəqə həddinə çatmazdı. Ancaq sözsüz ki, nəinki yoxlama oyununda, məşqdə də intizam ən yüksək səviyyədə olmalıdı.
- Azərbaycan millisinin sabiq üzvü kimi, yığmanın bu gün Serbiya ilə oyunu barədə fikriniz necədi?
- Təbii ki, Serbiya favoritdi. Hər nə qədər rəqib güclü olsa belə, daxildə millinin uğurlu çıxışına inam yaşayır. Ümid edirəm ki, ev məğlubiyyətini unutduracaq matç olacaq.
- “Qəbələ”də “Qarabağ” məğlubiyyətindən sonra inamsızlıq yaranacaq? Yoxsa, səncə, fasilədən sora komanda yenidən uğurlu çıxışına davam edib üst pillələr üçün oynayacaq?
- Çempionat uzun marafondu. Burada hər üç nəticə qeydə alınacaq. Səfərdə “Qarabağ”la pis mübarizə aparmadıq. Amma təəssüf ki, məğlub olduq. Bir məğlubiyyətlə komandada inamsızlıq yaranmamalıdı. Çempionata pis başlamamışıq və bunun ardını gətirmək üçün hər kəs çalışır. Hansısa uğurlu seriya haqda düşünmürük. İndi biz yalnız qarşıdakı matçı düşünürük.