"Neftçi-2"nin baş məşqçisi Mahmud Qurbanov Sportal.az saytına müsahibə verib. Gəncə futbolunun yetirməsi olan gənc mütəxəssis saytımıza müsahibəsində həm hazırki komandasından, həm də qarşıdakı mövsümdən Premyer Liqada mübarizə aparacaq "Kəpəz"dən danışıb. "Professor" ləqəbli Qurbanov son günlər adının "Kəpəz"in baş məşqçi postuna namizədlər sırasında göstərilməsini də şərh edib.
- "Neftçi-2" mövsümü 5-ci pillədə başa vurdu. Halbuki son tura qədər komanda mövsümü 3-cü pillədə başa vurmaq şansını saxlayırdı. Mövsüm sizin üçün yaxşı alındı?
- Doğrudu, sonuncu turlara kimi medal qazanmaq şansımızı qoruyub-saxlamışdıq. Amma son elə turlarda xallar itirməyimiz bizi medalçılar sırasından uzaq saldı. Son turda da medal qazanmaq şansımız cüzi də olsa, var idi. Amma bu bizdən yox, rəqiblərdən də asılı idi. Axırıncı turda uduzduq və mövsümü 5-ci pillədə başa vurduq. Nəticə sarıdan, "Neftçi-2" üçün yaxşı nəticə deyil. Amma bacardığımız qədər oynadıq, mübarizə apardıq. Özümüz də ötənilki nailiyyəti təkrarlamaq fikrindəydik. Keçən illə müqayisədə heyətimiz də çox dəyişilmişdi. Buna baxmayaraq, uşaqlar əllərindən gələni etdi. Düzdü, medalçılar sırasında olmaq istəyirdik. Amma alınmadı. Buna görə uğursuz mövsüm keçirdiyimizi deməzdim.
- Ötən illə müqayisədə builki 1-ci divizionun səviyyəsində yaxşıya və ya pisə doğru dəyişiklik olmuşdu?
- Keçən il 4 təcrübəli futbolçunun oynamaq şansı var idisə, bu il say 6 idi. Bu da divizion komandaları üçün üstünlük sayıla bilərdi. Yoxsa, belə başqa fərq yox idi. Divizionda yaxşı, mübarizə aparan, futbol oynamağı bilən komandalar var. Bu baxımdan normal idi durum.
- “Turan Tovuz” və “Kəpəz” yeni sezondan Premyer Liqada mübarizə aparacaq. Onlarsız birinci divizion maraqsız olmayacaqki? Hər halda uzun məsafədə olan səfər matçları futbolçular üçün daha yaxşı deyildi?
- "Turan Tovuz" və "Kəpəz"in Premyer Liqaya yüksəlməsinin divizion üçün itki olduğunu deməzdim. Bilirsiz, ərazimiz o qədər də geniş deyil ki, səfər matçlarına uzun yol qət edək. Elə də uzun yollar yoxdu, normal olaraq Gəncəyə, Tovuza gedib-gəlirdik. Bu klubların Premyer Liqada oynaması yaxşıdı. Düşünmürəm ki, birinci divizion onlarsız maraqsız olsun. Əksinə, hər iki komandanın Premyer Liqada oynaması sevindirici haldı.oynayacaq.
- "Turan Tovuz" və "Kəpəz" olmasa da, "İmişli", "Mingəçevir" və "Araz Naxçıvan" yeni mövsümdən birinci liqada mübarizə aparacaq. Bölgə klublarının sayının artması yəqin ki, sevindirici haldı?
- Əlbəttə ki, bu, yaxşı haldı. Cavan futbolçular nə qədər Bakıdan kənarda çox oynasa, bir o qədər yaxşıdı. Bu il üç bölgə klubu gəldi diviziona.
- Sizin üçün doğma sayılan “Kəpəz” Premyer Liqada oynayacaq. Bu haqda fikriniz necədi?
- "Kəpəz"in Premyer Liqaya qayıtması ümumilikdə Azərbaycan futbolu üçün yaxşı haldı. Bu klub Azərbaycanın köklü klublarından. Ümumiyyətlə, Gəncə Azərbaycan futboluna bir çox futbolçu qazandırmış şəhərdi. Üç qat Azərbaycan çempion olan komandadı "Kəpəz". 90-cı illərdə "Kəpəz"in Azərbaycan futbolunda dominantlıq etdiyi vaxtlar var idi. Təbii ki, "Kəpəz"in Premyer Liqaya qayıtması futbolumuza xeyir verəcək, çempionata olan marağı daha da artıracaq. Sevindirici haldır ki, "Kəpəz" Premyer Liqaya qayıtdı.
- Yeni mövsümdən "Kəpəz"i necə görmək istəyərdiniz? Bu komandanı iddialı görmək mümkündü?
- Gəncə futbolunun nümayəndəsi, "Kəpəz"in yetirməsi olaraq, bu şəhərdə doğulub, boya-başa çatmış biri olaraq bəli, bu komandanı iddialı görmək istəyərdim. Onsuzda, komandanın heyətindən asılı olmayaraq, Gəncədə onlara qarşı oynamaq heç vaxt asan olmayıb. Bu şəhər futbolu bilən böyük azarkeş ordusuna sahibdi. Gəncədə futbolu sevirlər, başa düşürlər. Premyer Liqa klubları üçün asan səfər matçları olmayacaq. “Kəpəz”in iddialı olub-olmaması heyəti formalaşdırmasından asılı olacaq. Əslində, bu komandanı iddialı görmək daha yaxşı olardı. Düşünürəm ki, elə də olacaq.
- Mətbuatda "Kəpəz"in baş məşqçi postuna namizədlər arasında sizin də adınıza rast gəlmək mümkündü. Heç onlardan təklif almısızmı?
- Gəncə futbolunun yetirməsi olaraq, namizədlər arasında adımın çəkilməsi normaldı. Mən də futbolun içindən çıxmış insanam. Hər halda məşqçilik təcrübəm də var. Əslində, “Kəpəz”i bir dəfə çalışdırmışam, millidə işləmişəm. Dörd ildir ki, "Neftçi"nin əvəzedici heyətinin baş məşqçisiyəm. Əlbəttə ki, adımın baş məşqçi postuna namizədlər sırasında olması normaldı. Qismət, görək də sonrakı gedişat nə göstərir.
Mirbağırağa
saytlarin hazirlanmasi