Futbol mütəxəssisi Aslan Kərimov Sportal.az saytına müsahibə verib. O, Azərbaycan kubokunun final matçını dəyərləndirib:
- Ölkə kubokunun finalında daha çox "Qarabağ" favorit göstərilir. Sizin bununla bağlı düşüncəniz necədi?
- Bunu bilmək üçün futbol mütəxəssisi olmağa ehtiyac yoxdur. Azərbaycan futbolu ilə maraqlanan adamlar "Qarabağ"la "Zirə"ni müqayisə etdikdə Ağdam təmsilçisinin favorit olduğunu görərlər. Mən də digərlərindən fərqlənmirəm. Bütün nüanslar "Qarabağ"ın bu oyunda favorit olduğunu göstərir. Maddi durumları, böyük oyunlarda təcrübəsi, heyətdə olan oyunçuların ustalıq səviyyəsi "Qarabağ"ın favorit olacağını göstərir.
- "Qarabağ" mövsümü yaxşı keçirərək çempion oldu. Sizcə, "Zirə" "Qarabağ"a nəyin hesabına üstün gələ bilər?
- Kubok oyunu çempionat oyunlarından fərqlənir, kubokun ab-havası tam başqa olur. Final elə bir şeydir ki, bir oyunla hər şeyi həll edə bilirsən. Əslində "Qarabağ"a qarşı oynamaq, qalib gəlmək mümkündür. Hesab edirəm ki, "Zirə" "Qarabağ"ın dominant oynamasını, meydanın rəqibə aid hissəsində topa sahib olmasının qarşısını ala bilsə, qol imkanları az yaradıb, daha kompakt və sıx oynasa, qapısını toxunulmaz saxlaya bilər. Bu cür oynayaraq, qələbə qazanmaq istəyirsənsə, gərək əks hücumlara da bel bağlayasan. Yaradılan cüzi qol epizodundan yararlanmaq lazımdır. "Zirə" indiki durumda yalnız belə oynadığı halda "Qarabağ"a kubok oyununda qalib gələ bilər. Rəşad Sadıqovun komandasının 0:0 hesabına oynayacağına inanmağım gəlmir. "Zirə" ən azından bir qol vursa, oyunu qələbə və ya heç-heçə ilə başa vurmaq şansı var. "Qarabağ"ın yarımmüdafiə və hücum xətti çox güclüdür. 90 dəqiqə ərzində yüz faizlik qol vəziyyətləri yarada biləcəklər.
- "Qarabağ" uzun müddətdir ki, "qızıl dubl" etmir. "Zirə" də ilk dəfədir ki, finala çıxır. Sizcə, hansı komanda daha həyəcanlı olacaq bu turnirdə, "qızıl dubl" etmək istəyən "Qarabağ"mı, ilk dəfə finala çıxan "Zirə"mi?
- Düşünürəm ki, "qızıl dubl" etmək "Qarabağ" futbolçuları üçün böyük nailiyyət deyil. Avrokubokların qrupunda oynayan, pley-off mərhələsinə çıxan komandanın futbolçuları üçün "qızıl dubl" həyəcanlı bir şey deyil. Final matçı "Zirə"nin futbolçuları üçün bir az həyəcanlı ola bilər. Həyəcandan daha çox futbolçularda stress ola bilər. Çünki, texniki baxımdan yüksək səviyyəli oyunçulara qarşı oynayırsansa, istər-istəməz gərginlik yaranır. Futbolçular bu stress altında meydana çıxanda nisbətən çətinlik çəkirlər. Amma bilirəm ki, Rəşad Sadıqov öz komandasını psixoloji olaraq hazırlamağı bacarır. Çünki, çempionat ərzində bunu etməyi bacarmışdı. Nə qədər məşqçi faktoru olsa da, heç vaxt finalda çıxış etməmiş futbolçuları matça hazır etmək çətin olur. Onlar bu mərhələlərdən keçmək məcburiyyətindədirlər ki, daha sonra öz stressləri ilə yol gedə bilsinlər.
- Qurban Qurbanov - Rəşad Sadıqov duelindən gözləntiniz nədir?
- Məşqçi kimi təbii ki, Qurban Qurbanovun böyük təcrübəsi var. Amma ümumilikdə oyun strategiyası, oyun qurmaq baxımından Rəşad Sadıqov da ondan geri qalmır. Oyunçu kimi böyük təcrübəyə malik olan Rəşad Sadıqov həm milli komanda da, həm "Qarabağ"da kapitan olaraq müdafiə olunmağı və ya hücum etməyi çox vaxt özü seçirdi. Düşünürəm ki, oyun strategiyasi olaraq baş məşqçilər bir-birinə o qədər də uduzası deyillər. Qurban Qurbanov həmişə olduğu kimi komandasını daha dominant oynadacaq, öndə top saxlamağa çalışacaq. Rəşad Sadıqov isə "Qarabağ"ın cinah oyunçularının daha çox mərkəzə yönəlməsini gözləyəcək. Hesab edirəm ki, "Zirə" kompakt və sıx müdafiə olunmaq məcburiyyətində qalacaq. Məşqçilərin bir-birinə qarşı çox düşünəcəyi gözlənilmir. Bu matçda qalibiyyəti gətirəcək olan məşqçilər yox, oyunçuların ustalıq səviyyəsi, psixoloji hazırlığı olacaq. Bu iki faktor kubokun qalibini müəyyənləşdirəcək. Məncə heç bir məşqçi digərindən üstün deyil.
- "Qarabağ" da, "Zirə" də avrokuboklara vəsiqə qazandı. Hər iki komandadan avrokuboklardan gözləntiniz necədir?
- Düşünürəm ki, "Qarabağ" bu il Çempionlar Liqasında daha rahat şəkildə qrup mərhələsinə yaxınlaşa bilər. Əminəm ki, bu heyətlə komanda ÇL-in pley-off mərhələsinə kimi gedə biləcək. Pley-off mərhələsində rəqiblərdən çox şey asılı olacaq. Açıq futbol oynamayan rəqib düşsə, "Qarabağ" üçün çətinlik yarada bilər. Püşkün nəticəsindən çox şey asılıdır. Ağdan təmsilçisinin Avroliqanın isə qrup mərhələsinə düşməsinə şübhə etmirəm. "Qarabağ" minimum Avropa Liqasının qrup mərhələsində iştirak edə biləcək. "Zirə" təcrübəsiz komandadır. Komanda ilk dəfə Avropa səhnəsində iştirak edəcək. Bu baxımdan oyunçular çətinlik yaşaya bilər. Amma inanıram ki, komanda ilk mərhələləri keçməyə qadirdi. Rəqiblərdən də çox şey asılı olacaq.
saytlarin hazirlanmasi