"Neftçi"də oynayanda iki oyuna iki qol vurdum, sonra isə 10 matçda şans görmədim" - MÜSAHİBƏ

15:16 - 30 Sentyabr 2022

“Neftçi”nin və Azərbaycanın U-21 yığma komandasının sabiq üzvü Fəhmin Muradbəyli Sportal.az saytına müsahibə verib. “Ağ-qaralar”la yollarını ayırdıqdan sonra klubsuz qalan 26 yaşlı yarımmüdafiəçi saytımıza müsahibəsində gələcək karyerası ilə bağlı danışıb. O, “Neftçi”dən ayrılması və ölkə xaricinə yollanmaq istəməsi haqda fikirlərini bildirib.

- “Neftçi”dən ayrıldıqdan sonra klubsuzsan. Bu klubdan öz istəyinlə ayrıldın, yoxsa klub səni istəmədi?
- Bəli, hazırda klubsuzam. “Neftçi” ilə yollarımızı qarşılıqlı razılıq əsasında ayırmışdıq.

- Ümumiyyətlə, Laurentsiu Regekampfın rəhbərliyi altında məşqlərdə iştirak etmişdin. Yəni, rumıniyalı mütəxəssis nəyə qadir olduğunu görmüşdü?
- Bəli, Regekampfın rəhbərliyi altında məşqlərdə iştirak etmişdim. Hətta onun və köməkçilərinin diqqətini də cəlb etmişdim. Bəzi testlər vermişdik və oradakı göstərilərim yaxşı idi. Sadəcə elə alındı ki, yollarımızı ayırdıq. Ona görə bir şey deyə bilmərəm.

- Son olaraq “Keşlə”də ("Şamaxı") icarə əsasında çıxış etmişdin. Maraqlıdı, bu mövsüm səni “Şamaxı”da görə bilərdik? Ümumiyyətlə, klubsuz qalmağına səbəb nə oldu?
- Hazırda klubsuz qalmağımın tək səbəbi xaricə yollanmaq istəyimdi. Legioner həyatı yaşamaq niyyətindəyəm.

- Qışda səni hansı klubda görəcəyik? Danışıqlar indidən başlayıb?
- Qışda hər şey ola bilər. Azərbaycanda da qala bilərəm, ölkə xaricinə yollanmağım da mümkündü. Verəcəyim qərar həmin vaxtkı vəziyyətlə bağlı olacaq.

- Ölkə xaricindən hansı klublardan təklif almışdın?
- Doğrudu, ölkə xaricindən təkliflər almışdım. Bir neçə ölkə klubları var idi ki, onlardan biri ilə razılaşıb, düşərgəsinə yollana bilərdim. Amma son anda problem çıxırdı deyə, alınmırdı. İndi də xaricə yollanmaq variantları qalıb. Görək də, necə olacaq.

- Azərbaycanın U-21 yığmasında və “Neftçi”də oynadığın vaxtda gələcəyinə böyük ümidlər bəslənilirdi. Səncə, nəyə görə karyeranda pauza və eniş yaşandı?
- Karyeramda yaşanan pauzaların bəzi səbəbləri var. Bunlardan birini sizə deyim. Ən yaxşı formada olduğum vaxtda məcburi şəkildə öz mövqeyimdə deyil, müdafiədə oynadılırdım. Bunu səbəb kimi gətirə bilərəm. Keçən il isə çempionata yaxşı start vermişdim. İlk iki oyuna iki qol vurdum. Sonradan isə 10 oyunda bir dəqiqə belə, meydana çıxmadım. Bunun səbəbini isə də heç vaxt bilmədim də.

- Samir Abasovun baş məşqçisi olduğu vaxtdakı "Neftçi"ni nəzərdə tutursan. Nəyə görə belə olmuşdu?
- Bilmirəm. Mənə də maraqlıdı. Amma hər şey artıq geridə qalıb. Hər halda, iki oyuna iki qol vurdum, sonra isə 10 matçda şans görmədim. Səbəbini özüm də bilmirəm.

- 26 yaşında olduğunu nəzərə alsaq, karyeranda yenidən yüksəlişə keçə biləcəyinə inanırsan?/
- İnamım həmişə var. Düşünürəm ki, əvvəlki formamı bərpa edəcək gücdəyəm. Çünki boş dayanmıram, hər gün məşqlərimi davam etdirirəm. Azərbaycanın əsas millisində oynamaq tək mənim deyil, bütün yerli futbolçuların arzusudu. Millimizin şərəfini qorumağı çox istəyirəm. Buna nail olmağa çalışıram.


Mirbağırağa

Xəbər xətti