"Pulumuz yoxdursa, transfer haqda düşünmək istəmirik"

16:54 - 29 Noyabr 2022

"Oyunun mahiyyətini başa düşürdük. "Sabah" yaxşı komandalardandır. Oyunları ilə bunu sübut edirlər. Xal qazanmaq istəyirdik. Futbolçularım yaxşı mübarizə apardı. Nəticədən asılı olmayaraq, onlara təşəkkür edəcəkdim. Çətin vəziyyətdəydik. Bəzi oyunçular ağrı ilə oyuna çıxdılar. Onlardakı xarakter məni sevindirdi. İtkilərimiz çoxdur. Amma məcburuq, geniş seçimimiz yoxdur. Təəssüf ki, zədəlimizin biri də artdı. İtkilərimiz nə qədər çox olsa da, oyunçularımızın əzmkar olmasını istəyirik. Gənclərin "Sabah"dan çəkinməməsi məni sevindirdi. Qarşıdakı oyunlara baxacağıq. Xal qazanmaq çətindir. Qışdan sonra görək də, nə edirik.

Sportal.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 15-ci turunun "Sabah"la oyunundan sonra mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- "Turan Tovuz"un qışda heyətini genişləndirmək imkanı var?
- Transfer üçün əlavə büdcəyə ehtiyacımız var. Pulumuz yoxdursa, transfer haqda düşünmək istəmirik. Siyanda Xulu millinin heyətində 6-7 həftəlik sıradan çıxdı. Zədəlilərimiz çoxdur. Burada meydança amili də öz təsirini göstərir. Gileylənmək də istəmirəm. Bu şəraitdə oynamağa razı olmuşuqsa, sona qədər mübarizə aparmalıyıq. Gənclər də düşən şansdan istifadə etməlidir. Belə oyunlarda təcrübə öz sözünü deyir. Sadəcə, biz də gənclərə şans verməyək, digər komandalar da. Sonra da deyirik, futbolçularımız oynamır. Ancaq onlar da bundan istifadə etməlidir. 

- Qış fasiləsinə qədər ölkə kubokunda yarımfinala adlamaq şansınız var. Bunu reallaşdırsanız, bəlkə rəhbərlik nəsə edər?
- Zədəlilərimiz varsa, bu, o demək deyil ki, təslim olacağıq. Rəhbərliyə ayrılan pulla komanda qurmuşuq. Hər şey ilklərdən başlayır. Klubun tam formalaşması, Premyer Liqaya uyğunlaşması yolunda xeyli işlər görülüb. Rəhbərlik üzərinə düşən işin öhdəsindən gəlib. Bizə əlavə büdcə lazımdır. Digər klubların transfer etmələri üçün 1-2 sponsoru olur. Bizdə bu da yoxdur. 

- Demək olar ki, "Sabah"la matçda xal qazanmağınız üçün şans da yanınızda deyildi?
- "Sabah"la başabaş mübarizə apardıq. Birinci hissədə 2-3 qol epizodumuz var idi. Daha soyuqqanlı ola bilərdik. Əks-hücumlarda isə son ötürmə lazım idi. Elə oyunlar olub ki, biz də yaxşı oynamayıb qələbə qazanmışıq. Ancaq məni sevindirən futbolçularımın təslim olmamasıdır. İndiyə qədər "Sabah"ın ən çox çətinlik çəkdiyi matç oldu. Məşqçiləri də komandamızı təriflədi. Məşqçilərin qiymət verməsi bizi sevindirir. Paltardəyişmə otağında futbolçularıma dedim ki, şans qazanan hər kəs sona qədər mübarizə aparsın.

Mirbağırağa

Xəbər xətti