Yığmanın kapitanı: "Bura Əvəzedici Liqadan gəlmişəm, Ukraynada isə "Şaxtyor"un üzvləri oynayır" - MÜSAHİBƏ

14:16 - 18 Noyabr 2023

U-21 yığma komandamızın kapitanı, “Neftçi”nin futbolçusu Fərid Yusifli Latviyaya qarşı keçirilmiş yoxlama matçından sonra müsahibə verib.

Sportal.az saytının da suallarını cavablandıran Fərid "Neftçi"nin "Zenit"lə matçdakı şanslarından da bəhs edib. 

- Latviya ilə görüşdə komanda qalib gəlməyi bacardı. Görüş sizin üçün necə alındı?

- İndi zəif rəqib yoxdur. Reytinqlərə baxanda isə Latviya bizimlə elə eyni səviyyədə komandadır. Yaxşı oyun alındı, qol epizodlarımız çox oldu, amma yararlana bilmədik. Əsas odur ki, qələbə qazandıq. 

- İkinci yarıda sanki əsas diqqətiniz nəticəni qoruyub-saxlamağa yönəlmişdi. Hücumlarınız çox da olmadı...

- Ola bilər. Samir Əliyevin də fikri o idi ki, uşaqların çoxuna oynamaq şansı versin. Düzdü, daha çox qol vurmağı fikirləşirdik. Amma yararlanmağı bacarmadıq. Hər halda, 1:0 qalib gəldik.

- Ukrayna ilə oyundan əvvəl Latviya sizin üçün nə qədərə uyğun rəqib idi?

- Ukrayna U-21 yığması reytinqdə çox öndədir. Dünya çempionatlarında da qalib gəlmiş komandadır. Qrupda İngiltərəni də məğlub ediblər. Biz də həmin matçda əlimizdən gələni edəcəyik. Allah qoysa, yaxşı olar.

- Güclü rəqiblə oyunda oyunçularımızın ayaqları əsməyəcəkki?
- Əlbəttə ki, yox. Yaxşı olacaq.

- Kapitan kimi komandanı oyuna necə kökləyəcəksiz? Elə oyunçularımız var ki, birinci divizionda oynayaraq Ukrayna önünə çıxacaq...

- Doğrudur. Özüm də yığmanın kapitanıyam, amma Əvəzedici Liqadan bura gəlmişəm. Hər nə qədər, "Neftçi"nin əsas komandasında məşq etsəm də, belədir. Ukrayna yığmasının üzvləri isə "Şaxtyor", "Dinamo" kimi klubların heyətində avrokuboklarda çıxış edirlər. Qiymətləri də çox yüksəkdir. 

- Ukrayna ilə görüşdə bir xal qazanmaq böyük sensasiya olar?
- Hər şey ola bilər. Ukrayna ilə matça qələbə üçün çıxacağıq. Bir xal qazanacağı, yoxsa üç xal, onu Allah bilir.

- Ukrayna neytral meydanda oynayacaq. Bu, sizə üstünlük qazandırır?

- Bəli, özü də çox. Ukraynalıların dəlisov azarkeşləri olur. Özüm də, uşaq vaxtı orada oynamışam. Neytral meydanda yəqin ki, tənha olacaqlar. Düşünürük ki, hər şey bizim üçün yaxşı alınacaq.

- Klub karyerandan nə dərəcədə razısan?

- “Neftçi”də oyunçular çoxdur, xüsusilə də, mənim mövqeyimdə. Hələ ki, şans gözləyirəm. Qışda xeyirlisi olsun, görək də. 

- Qışda başqa kluba getməyi düşünürsən?

- Onu qışda biləcəyik. İndidən dəqiq bir söz demək olmaz. Qışda hər şey dəqiqləşəcək.

- “Zenit”lə görüşdə oynamayacaqsan. “Neftçi”dən nə gözləyirsən?

- Komandada əsas heyətin çox oyunçusu olmayacaq. Millidə olanlar var, üstəlik zədəlilərimiz də az deyil. Amma yenə də, komandada oyunçular var.

- Sankt-Peterburqdakı görüşdə “Zenit”ə qarşı oynamışdız. Həmin oyunu necə xatırlayırsız?

- Orada ab-hava tamam fərqli idi. Səviyyə fərqi də görünür. Atmosferi xatırlayıram, yoldaşlıq oyunu olsa da, sanki avrokubok matçına çıxmışdıq. Mənim üçün böyük təcrübə idi.

Mirbağırağa
 

Xəbər xətti