"Neftçi" Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.
"Ağ-qaralar"ın yarımmüdafiəçisi Rəhman Hacıyev matçdan sonra Sportal.az saytının əməkdaşının suallarını cavablandırıb:
- Ağır oyun keçdi. Bizim üçün artıq məğlub olacağımız oyun yoxdur. Bütün matçlara qələbə üçün çıxırıq. "Qəbələ"nin stadionunun ot örtüyünü həmişə tərifləmişik. Amma bu gün otun hündürlüyü çox idi və su yox idi. Top hərəkət etmirdi. Çox çətinlik çəkdik. Biz topla oynayan komandayıq. Ötürmələr istədiyimiz kimi alınmırdı, topun sürətini hiss etmirdik. Rəqibin yaxşı qol fürsətləri oldu, amma istifadə edə bilmədilər. Bizim də imkanlarımız oldu və istifadə etdik. Qələbəyə layiq idik. Komanda olaraq çox yaxşı iş gördük, hamı əziyyət çəkdi. Bu, kənardan da görünürdü. Komandanı təbrik edirəm.
- Baş məşqçiniz bildirdi ki, futbolçular ilk hissədə nəfəs almaqda çətinlik çəkirdi. Meydanda olan biri kimi sən necə hiss edirdin?
- Bəli, ilk hissədə çətinlik var idi, oksigen çatmırdı. Burada həmişə belə olub. Bunu tək mən demirəm, hamı deyir. İlk 15 dəqiqə çətin olur. Qəbələ dağın ətəyindədir, hava təmizdir. Bəlkə də belə havaya alışmamışıq. Bakının çirkli havasına öyrəşmişik, Qəbələdə təmiz havada nəfəs ala bilmirik. 15 dəqiqədən sonra artıq öyrəşmək olur.
- "Qarabağ" mövsümün bitməsinə 8 tur qalmış çempionluğu təmin etdi. Digər komandaların "Qarabağ"a müqavimət göstərə bilməməsinin səbəbi nədir səncə?
- Təbii ki, bu, yaxşı hal deyil. Hamı istəyər ki, çempionluq son turda həll olunsun. "Qarabağ" öz sözünü deyib, çox səviyyəli klubdur. Bu il də tarix yazaraq özünü sübut etdi. Bizim üçün yaxşı deyil. Amma onları təbrik edirəm. Bu, o demək deyil ki, bizim üçün çempionat bitdi. Mövsüm hələ davam edir. Qarşıda çox önəmli oyunlarımız gəlir. "Qarabağ"dan başqa komandalar da var. "Neftçi" artıq layiq olduğu yerə çatmalıdır.
- Qarşıda "Qarabağ"la kubok oyunları gəlir. Bu matçlardan gözləntilərin nədir?
- Tək mən yox, komandada heç kim düşünmür ki, "Qarabağ"dır, güclü komandadır, onsuz da məğlub olacağıq. İnanıram ki, biz qələbə qazanacağıq və finala yüksələcəyik. Komandama və özümə güvənirəm. Bu, futboldur, hər şey ola bilər. Sadəcə olaraq çox istəmək lazımdır.
- Sosial şəbəkələrdə "Neftçi" milyonluq oyunçular gətirir, amma qolları yenə Rəhman vurur" paylaşımları var. Sən bu fikirləri necə şərh edərdin?
- Ola bilər kimsə özünü yaxşı tərəfdən göstərə bilməyib, yeni oyunçular tam uyğunlaşmayıb. Potensialı yüksək olan futbolçularımız var. Amma o potensialı yetərincə göstərə bilmirlər. Bəlkə də burada alınmır. Futbolçunun özündən asılıdır. Təbii ki, çox qol vurmağıma sevinirəm. İnanıram ki, digər oyunçularımız da qarşıdakı matçlarda qollar vuracaq. Buna mən də sevinərəm.
- Baş məşqçi dəyişiklikləri komandaya necə təsir edir?
- Təbii ki, oyuna pis təsir edir. Hər məşqçinin öz oyun üslubu var. Tək bizdə yox, bütün komandalarda belədir. Məşqçinin sisteminə öyrəşmək lazımdır. 1-2 ay ərzində onun istədiyini tam vermək olmur. Vaxt lazımdır. Hazırkı baş məşqçimiz Miodraq Bojoviç həm yaxşı məşqçi, həm də yaxşı insandır. Ona vaxt verilsə, məncə, yaxşı olar. Mövsümün sonunda qalıb-qalmayacağını bilmirəm. Bir futbolçu olaraq istəyərdim ki, qalsın. Şans verilsə, yaxşı nəticə göstərəcək.
- Mövsümün sonunda"Neftçi" ilə müqavilən bitir. Yeni sözləşmə ilə bağlı klubla danışığınız olub?
- Danışıqlar olub. Mənim üçün ilk seçim "Neftçi"dir. Başqa təkliflərim var. Onlar mənim üçün ikinci plandadır. Klubum həmişə mənə hörmətlə yanaşıb, mən də klubuma. Artıq 10 ildir "Neftçi"dəyəm. Aşağı-yuxarı pula görə addım atan adam deyiləm. Klubun istər pul baxımından, istərsə də bir futbolçu kimi mənə hörmətlə yanaşacağını düşünürəm. Mən də onlara çox yaxşı qarşılıq verəcəm. Yəqin ki, razılaşıb "Neftçi"də qalacam.
Elçin Əlixan
saytlarin hazirlanmasi