"Sabah"ı çökdürmək istəyənlər üçün..." - Tahir Süleymanov yazır

16:18 - 28 İyul 2024

Beynəlxalq dərəcəli hakim Tahir Süleymanov "Sabah"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Makkabi" (Hayfa, İsrail) üzərində qazandığı qələbəyə münasibət bildirib.

Sportal.az tanınmış futbol funksionerinin sosial şəbəkə hesabında bölüşdüyü düşüncələri təqdim edir:

"Klublarımız avrokubok mövsümünə 4 qələbə, 2 məğlubiyyətlə başlayıb. "Qarabağ" startda ənənəvi olaraq "razminka" tipli oyunlar keçirərək növbəti mərhələlər üçün optimal formasını yığmağa çalışırsa, digər klublarımızın durumu fərqlidir. Reytinqsizlik ilk oyunlara daha hazırlıqlı olmağı şərtləndirir. 

Təmsilçilərimizin rəqibləri arasında ən güclüsü Hayfa "Makkabi"sidir. "Sabah"ın titullu israillilər üzərində fantastik səfər qələbəsi barədə çox yazılıb, oyuna yenidən qayıtmağa ehtiyac yoxdur. Komandamız güclü rəqib qarşısında bütün komponentlərdə üstün görünürdü. Belə qələbələr təsadüfi olmur!

Oyunun təhlili yox, kənardan görünməyən detallar, atılan addımlar üzərində dayanaq. Hər bir önəmli, gözlənilən/gözlənilməz tarixi qələbələrin arxasında böyük əmək, güc, məsuliyyət, peşəkarlıq durur...

"Sabah" yeni klubdur, 2018/19 mövsümündən elitada çıxış edir. İlk addımlarını atan klublara xas olan yanlışlıqlar qaçılmazdır. Təcrübəsizlikdən irəli gələn səhvlər çox olub. Önəmli olan səhvlərin edilməsi deyil, səhvlərdən dərhal düzgün nəticələrin çıxarılması, tədricən püxtələşmə, hədəflərə doğru irəliləməkdir...

Klub və komanda anlayışları tam fərqlidir. Komanda çərçivəsindən çıxa bilməyənlər klub ola bilmirlər. "Sabah" FK-nın strateji olaraq ən doğru qərarlarından biri zamanında Bakının mərkəzini yox, Masazırı seçməsi, Abşeronda "bölgə klubu" statusundan çəkinməməsi oldu. Klubu himayə edənlərin BOS-u icarəyə götürməyə belə gücləri yetərdi. 

Son 2-3 ilə kimi ardıcıl məşqçi dəyişikləri, düzgün seçimlərin edilməməsi, yanlış transferlər komandanın iddialarına uyğun gəlmirdi.Tələskənlik, yanlış addımlar özünü göstərir, komandanın sabit çıxışına mane olurdu. Murad Musayev seçimindən sonra "Sabah" dirçəlməyə başladı, qısa tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandı...

Belqrad penaltilərindən sonra komanda şokdan ayrıla bilmir, bu amil çempionatda özünü açıq-aşkar göstərirdi. Azərbaycan futbolunda nəhayət ki, baş verəcək dəyişiklər astanasında, seçki konfransı yaxınlaşdıqca, görünən/görünməyən qüvvələrin "Sabah"a yönələn təzyiqləri də pik həddə çatmış, ilk dövrələrdə komandanın çıxışına təsirsiz ötüşmürdü...

Gənc baş məşqçinin təcrübəsizliyi, emosional çılğınlığı, "Sabah"ı çökdürmək istəyənlər üçün göydəndüşmə hədiyyə idi, Murad Musayev "zəif bəndə" çevrilmişdi. "Sabah"ın klub olaraq ən ağır dönəmləri yaxınlaşmışdı. Vaxt keçməsinə baxmayaraq, baş məşqçi hələ də "Partizan" məğlubiyyəti təsiri altından çıxa bilmir, futbolçular turdan-tura özlərinə olan inamı, intizamı itirirdilər. Belə durumda radikal qərar qaçılmaz görünürdü...

Klub/komandaya sabitlik gətirmiş iddialı baş məşqçi ilə yolların ayrılması "Sabah" rəhbərliyi üçün imtahan idi. "İ.O" Ponomaryovla nisbətən özünə gələn komanda mövsümün sonuna kimi davam edə bilərdi. Rəhbərlik daha bir riskli addım atdı, xorvat Krunoslav Randuliç komandanın sükanı arxasına gətirildi. Konfrans da artıq geridə qalmışdı, "Sabah"a labirint təzyiqləri səngimiş, qarşısı nisbətən alınmışdı...

"Sabah"ın Hayfa "Makkabi"si üzərində qələbəsinin təməli Premyer Liqanın son turunda qoyuldu. "Sabah" klub olaraq doğru yolda olduğunu, geridönüş etdiyini, yenidən özünəinamını qaytarmış olduğunu isbatladı. Ötən mövsümün finişində, "Sabah" ağrılı, enişli-yoxuşlu mövsüm keçirən, məcburiyyət qarşısında məşqçilər dəyişən, sona kimi mübarizə aparan klub olaraq böyüdü!

"Makkabi" üzərində qazanılan qələbə sıradan bir zəfər deyil, daha böyük, daha dərin anlam daşıyır. Bu qələbə "Sabah"ın klub olaraq özünütəsdiqi, bir məqçidən asılı olmadığnın sübutu, isbat günü idi! Böyük klublara xas olan keyfiyyətlərdir! Bu qələbə bir oyunluq deyil, daha geniş anlam daşıyır və 7 yaşlı "Sabah"ın klub olaraq addım-addım böyüdüyünü, iddialı olduğunu göstərir.

"Uşaq yaşında" "Sabah"ın avrokuboklarda cəmi 5-ci (!) rəsmi oyununa çıxaraq ikinci əsrini yaşayan nüfuzlu "Makkabi" qarşısına bu şəkildə əlcək atması Azərbaycan futbolu adına sıradan hadisə deyil. Yaxın keçmişdə iddialı klubların dağılmaları/dağıdılmaları yaddan çıxmamalıdır. "Sabah" gələcəkdə tarixə qovuşmamalı, tarix yazmaqda davam etməli, daha da böyüməlidir!

"Bakı" klubu istisna, paytaxtda yeni yaradılmış komandlardan heç biri "Sabah" qədər iddialı olmayıb. Klubun daha bir üstünlüyü, ümumiyyətlə, sıfırdan yaradılmasıdır.

Qısa vaxt kəsiyində "Sabah" tək yaşıl meydanda yox, klub olaraq gördüyü işlərlə özünə rəğbət qazanır, klub strukturu sahələri üzrə yeniliklər edilir, komandanın azarkeşləri formalaşır, ev oyunlarında tribunalar dolur...

"Sabah" Macarıstan səfərində tək möhtəşəm qələbə qazanmadı, bir baş məşqçidən asılı olan komanda təfəkküründən çıxaraq klub anlayışı möhürünü vurdu. Köklü klublardan fərqli, yeni yaradılmış komandalara təzyiqlər çox olmur. "Sabah" böyük klub düşüncəsi ilə, nəticələri yüksəldə-yüksəldə özünü yaxşı mənada təzyiq altına salır, böyüyə-böyüyə minimum hədəfləri müəyyən edir, yüksəldir. Bu yolda - klub böyüklüyü, böyüklərə qoşulma, Azərbaycan futbolu adına yolun açıq olsun! Səhərlərin günəşlə açılsın, heç zaman sönməsin, "Sabah"!"

Xəbər xətti