"Qarabağ" 2024-cü ilin yayında heyətinə qatdığı Fabiyan Buntiçlə yollarını ayırmaq niyyətindədir.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu 3 illik müqavilə imzaladığı xorvatiyalı qapıçını öz istəyi barədə məlumatlandırıb.
"Köhlən atlar" Avropa Liqasının əsas mərhələsində 2 dəfə meydana çıxmış kiperdən ümumən razı deyil.
"1 nömrə" olmaq uğrunda rəqabətdə Mateuş Koxalskiyə uduzan balkanlının bundan sonra forma geyinmək şansı daha azdır. Çünki Şahruddin Məhəmmədəliyev də bir müddət əvvəl sıraya dönüb və hazırda əla təsir bağışlayır.
Buntiç etiraz etməsə, onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriləcək. Təbii ki, əvəzində müəyyən təzminat ödənilmək şərtiylə.
O, peşəkar karyerasında ilk matçına 2018-ci ildə çıxıb. 28 yaşı olan qolkiper həmin vaxt "İnqolştadt"ın heyətində Almaniya II Bundesliqasında "Hamburq"a uduzduqları (1:2) matçda debüt edib.
1997-ci ildə Almaniyada dünyaya gələn Xorvatiya əsilli "əlcək sahibi" 2013-cü ildə "Ştuttqart"ın U-19 kollektivinə cəlb olunub.
2015/2016 mövsümündə bu klubun III Bundesliqada çıxış edən ikinci komandasında yer alsa da, rəsmi matçda meydana çıxmayıb.
Məhz bundan sonra "İnqolştadt"a keçib və 2016/2017 mövsümündə əvəzedici komanda ilə Regional Liqada 25 qarşılaşmanın iştirakçısı olub.
"Çərçivə qoruyucusu" həmin vaxt Bundesliqada əsas komandanın da heyətinə cəlb olunub. O, 2016-cı ildə "Herta"ya uduzduqları matçı ehtiyat skamyadan izləyib.
2022-ci ilədək Almaniyada Regional Liqa, II Bundesliqa və III Bundesliqada mübarizə aparıb. Onun karyerasında 1 rəsmi qolu da var.
2021-ci il fevralın 6-da III Bundesliqada "Viktoriya" (Köln) ilə matçın 90+3-cü dəqiqəsində fərqlənib. Bir dəqiqə sonra isə onun komanda yoldaşı Ginola Elva qələbə qolunu vurub - 2:1.
Buntiç 2022-ci ilin yayında Portuqaliyada "Vizela"ya keçib və ilk mövsümdə 33 matçda ilk "11-lik"də yer alıb.
Ötən mövsümdə 28 qarşılaşmada start heyətində meydana çıxıb. Lakin komanda sezonu 26 xalla 17-ci sırada bitirib və aşağı liqaya düşüb.
194 santimetr boyu olan qapıçı Xorvatiyanın U-18 millisində 7, U-19 yığmasında 6 görüşdə "çərçivə"ni qoruyub.
saytlarin hazirlanmasi