"Zirə" Misli Premyer Liqasının 13-cü turunda səfərdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Günorta saat 2, süni örtüklü meydança, günəşli hava... Yevlax şəhər stadionunun ot örtüyü yenidir. Meydançanın özünü tam tutması üçün 2-3 ay lazımdır. İlk hissədə meydanda daha çox mübarizə gedirdi. Sürətli oyunun şahidi ola bilmirdik. Rəqib çox yaxşı pressinq tətbiq edirdi. İkinci hissədə sürəti bir az artırdıq. İki qol vurub olduqca önəmli qələbə qazandıq.
- İkinci hissədə əvəzetmələrdən sonra oyunun sürəti artdı. Sizcə, dəyişikliklərin rolu oldu?
- Birinci hissədə rəqib çox gümrah idi. Demək olar ki, meydanda başımızı qaldırmağa imkan vermirdilər. Azər Bağırova qarşı oynamaq həmişə çətindir. Bu gün bunu bir daha hiss etdik. Brahim Konate ilə İssa Cibrilla start heyətində olsaydı, onların yerinə Ceyhunla İsmayıl oyuna girsəydi, eyni effekti verəcəkdi. Birinci hissədə hiss olunurdu ki, futbolçularda yorğunluq var. Bu da hava şəraiti və süni örtüklə bağlı idi. Sonradan meydana daxil olanlar oyunumuzu canlandırdılar.
- İssa Cibrillanı hücumun cinahında oynatmaq effektiv olar?
- Sınayacağıq. Beynimizdə belə fikir var. Sınayacağıq deyəndə ki, İssa bizim komandaya vinger kimi gəlmişdi. Sadəcə həmin periodda sol cinah müdafiəçisi kimi ehtiyacımız var idi. Bu gün bizim Enrike kimi sol cinah müdafiəçimiz var. Bu da İssanı digər mövqelərdə istifadə etməyə imkan verir.
- Leroy Mikelsi hansı mövqedə düşünürsünüz?
- Rəqabət olacaq. Mikels də universal futbolçudur. Təki hamı sağlam olsun. Hamıya oynamaq şansı olacaq.
- Ötən turdan sonra gileyləndiz ki, "Karvan-Yevlax" və "Kəpəz"ə qarşı Yevlaxda oynayacağıq. "Zirə"yə qarşı plan olduğunu düşünürsünüz?
- Yox, plan deyil. Qeyd etmişdim ki, hər hansı qayda qoymaq lazımdır. Sabah bizim də başımıza gələ bilər, meydançamız pis ola bilər. Komanda heç olmasa 2 dövrəni bir stadionda oynasa yaxşı olar, hamı ora səfərə gedər. Bəlkə də bu gün Qəbələdə oynasaydıq, məğlub olardıq. Amma oyun daha baxımlı keçərdi. Qəsdən edildiyini düşünmürəm. Sadəcə belə alınır. "İmişli" rəqiblərini Şamaxıda qəbul edirdi. Sonra biz onlarla Qubada pis vəziyyətdə olan meydançada oynadıq. "Turan Tovuz" da həmçinin. Bizim rəqabətdə olduğunuz komandalarla ev oyununu Bakıda keçirdilər. Amma biz iki dəfə Tovuza gedəcəyik. Bunlar reallıqdır. Biz hər zaman gerçəkləri deyirik. Görməzdən gəldiyimiz, susduğumuz vaxtlar da olur. Artıq 3-4-cü komandadır ki, stadionla bağlı dəyişiklik olur. Biz bundan sonra danışdıq. Təsadüfdən elə alınır ki, rəqabət apardığımız komandalarla bir meydançada oynayırlar, bizimlə başqa meydançada.
- Hakimlər Komitəsinə yeni sədr təyin olunub. Sizcə, bu, Azərbaycan futboluna necə təsir edəcək?
- İnşallah hakimliyimizin xeyrinə olar. Uzun müddətdir ki, sədrlər əcnəbi olurdu. Mən hər zaman öz kadrlarımızın tərəfdarı olmuşam. Son vaxtlar millilərdə də öz kadrlarımıza güvənilir. Bu, bizi sevindirir. Son iki ildə hakimlərimizdə inkişaf var. Rəhim Həsənov təcrübə toplayıb. İnşallah bu yükü daşıya biləcək.
- Premyer Liqaya yeni gələn komandaların infrastrukturla bağlı problemləri olduğu görünür. Sizcə, süni şəkildə komanda sayının artırılmasına ehtiyac var idi?
- Daim bu mövzunu müzakirə edirik. Təbii örtüklü, keyfiyyətli meydançalar olsa, oyunumuz yaxşı alınacaq. Çempionatın əvvəlindən narahatlıq var idi. Rəqabət artdı. 12 komandanın olması öz effektini verdi. Bütün komandalar rəqabətə tab gətirir. Hamımızı narahat edən məqam meydança ilə bağlıdır. "Karvan-Yevlax" stadion məsələsini həll etdi. İnşallah "İmişli" də bu problemini həll edər. Gəncədə möhtəşəm stadion tikilib. Düşünürəm gələn il bu problemlər geridə qalacaq.
Elçin Əlixan
saytlarin hazirlanmasi
