"Böyük komandalara qarşı şans azdır, amma niyə də yenidən sürpriz etməsinlər?" - "Sabah"ın keçmiş kapitanı

14:21 - 4 Sentyabr 2026

"Sabah"ın sabiq kapitanı Kərim Diniyev Sportal.az saytına müsahibə verib.

- "Sabah" Çempionlar Liqasında liqa mərhələsinə qədər irəliləyə bildi. Azərbaycan çempionunun bu uğurunu necə şərh edərdin?

- Açığı, "Sabah"ın bu uğuru çox da gözlənilməz olmadı. "Sabah" son illərdə yaxşı inkişaf edir və klubda ciddi işlər görülür. Amma təbii ki, Çempionlar Liqasında bu mərhələyə qədər gəlmək böyük uğurdur. Mən də buna çox sevinirəm.

- Vaxtilə kapitanı olduğun komanda 9 il sonra bu cür uğura imza atdı. “Sabah”da oynadığın vaxtlarda klubun qısa müddət ərzində belə bir uğur qazanacağını heç ehtimal edərdin?

- O vaxt bunu təsəvvür etmək çətin idi. Klub hələ yeni formalaşırdı. Amma bu gün “Sabah”ın gəldiyi nöqtəni görmək mənim üçün çox xoşdur. Vaxtilə kapitanı olduğum komandanın bu səviyyəyə çatması mənim üçün qürurvericidir.

- “Sabah”ın uğurunun əsas sirrini nədə görürsən? Heyət, baş məşqçi, yoxsa hər ikisi və klubun işi?

- Məncə, burada hər şey birlikdə rol oynayır. Yaxşı heyət, yaxşı məşqçi və klubun düzgün işi. Bunlardan biri olmasa, belə nəticə əldə etmək çətin alınardı. "Sabah"da bu məsələlər düzgün qurulub.

- Azərbaycan çempionu liqa mərhələsində “Barselona”, “Mançester Yunayted”, “Arsenal”, “Napoli”, “Borussiya” kimi güclü rəqiblərlə qarşılaşacaq. Ümumiyyətlə, “Sabah”ın şanslarını necə dəyərləndirirsən, təmsilçimiz növbəti dəfə hamını şoka sala bilər?

- Rəqiblər çox güclüdür, bunu hamımız bilirik. Amma futbol meydanda oynanılır. “Sabah” hər oyuna inamla çıxmalıdır. Təbii ki, böyük komandalara qarşı şans azdır, amma niyə də yenidən sürpriz etməsin? Mən “Sabah”a inanıram.

- Bəs “Sabah”ın daxili çempionatda yenidən çempion olmaq üçün gücü çatacaq? Yoxsa ötən mövsüm “Qarabağ”ın yaşadığını bu mövsüm “Sabah” yaşayacaq? Güc bölgüsü baxımından...

- Əlbəttə, bu, təsir edə bilər. Çünki çox oyun keçirmək həm fiziki, həm də psixoloji yorğunluq yaradır. Amma heyət genişdirsə və futbolçular düzgün rotasiya olunursa, bunun öhdəsindən gəlmək mümkündür. Məncə, “Sabah” çempionluq uğrunda yenə mübarizə apara bilər.

Mirbağırağa

Xəbər xətti