"Azarkeşlərin böyük əksəriyyəti məhz Ronaldoya görə gəlirdi" - Bernardo Silva

00:36 - 14 Noyabr 2026

Bernardu Silva Kriştiano Ronaldunun Portuqaliya millisindəki karyerasını başa vurmaq qərarından sonra komandadakı statusunun necə dəyişdiyindən danışıb.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi öz açıqlamasında bunları qeyd edib:

"Mənə Kriştiano ilə 12 il ərzində millidə birlikdə oynamaq nəsib olub. O, hər zaman kapitanımız olub. Kriştianu milli komanda ilə vidalaşdıqdan sonra gənc futbolçuların komandaya eyni sədaqəti göstərməsinə kömək etmək, soyunub-geyinmə otağında əməksevərlik və məsuliyyət mədəniyyətini qoruyub saxlamaq vəzifəsi biz daha təcrübəli futbolçuların üzərinə düşüb.

Kapitanlardan biri olmaq böyük şərəfdir. Bu, artıq uzun müddətdir burada olduğumun və illər ərzində milli komandanı təmsil etmək imkanına sahib olduğumun göstəricisidir. Qələbə qazanmaq və uğur əldə etmək üçün nəyin lazım olduğunu bilirəm. Bu rolu böyük qürurla qəbul edirəm və əlimdən gələni edəcəyəm.

Əlbəttə, bu, kədərli məqamdır. Kriştiano 23 il milli komandada çıxış edib. Mən isə 12 ildir buradayam və milli komandanı yalnız Ronaldo ilə birlikdə tanımışam. Hamımız üçün yeni bir mərhələ başlayacaq. Bu gün onsuz da nə vaxtsa gələcəkdi. Onunla eyni soyunub-geyinmə otağını bölüşmək mənim üçün qürur və şərəf idi. Buna görə də kədərlənirəm. İndi isə təbii inkişaf yolumuzu davam etdiririk. Milli komandanın son illərdə uğur qazandığı yolla irəliləməyə davam edirik. Kriştianonun nə qədər böyük əhəmiyyət daşıdığını hamı bilir. Stadiona gələn azarkeşlərin böyük əksəriyyəti məhz Kriştianunu izləmək istəyirdi. Onların bir çoxu yalnız ona görə gəlirdi. İndi isə yəqin ki, belə olmayacaq.

Digər tərəfdən, milli komandamızın futbolçuları klublarında diqqətə, təzyiqə və məsuliyyətə öyrəşiblər. İşlər yolunda getməyəndə tənqid hədəfinə çevrilməyə də alışıblar. Buna görə də bunun böyük problem olacağını düşünmürəm".

Xəbər xətti