"Xəzər Lənkəran"ın ilk və yeganə çempionluğu haqqında YAZI

Bir şəklin tarixçəsi
 
Bu il “Xəzər Lənkəran” Futbol Klubunun yaranmasının 10 ili tamam oldu. 2004-cü ildə azərbaycanlı iş adamı Mübariz Mənsimovun təşəbbüsü ilə qurulan klub yüksək dəstədə çıxış etdiyi ilk mövsümdəcə iddiasını ortaya qoydu. Komanda çempionat başa çatdıqda “Neftçi” ilə eyni xal toplayaraq çempionu müəyyən etmək üçün keçirilməli olan “qızıl oyun”un iştirakçısı oldu. 2005-ci il iyunun 10-da Gəncədə baş tutan həmin qarşılaşmada üzülən tərəf “Xəzər Lənkəran” olsa da (1:2), bunu məğlubiyyət kimi qəbul etmək olmazdı. “1 yaşlı körpə”nin gümüş medalları qazanması özü bir uğur idi. 
 
“Xəzər Lənkəran” istəyinə 2 il sonra çatdı. 2006/07-ci il mövsümündə komanda 24 oyunda 56 xal toplayaraq (17 qələbə, 5 heç-heçə, 2 məğlubiyyət, topların fərqi 50-16) ilk dəfə Azərbaycan çempionu oldu. Sonuncu turda Qəbələdə “Gian”ı 3:0 hesabı ilə məğlub edən lənkəranlılar “Neftçi”ni 2 xal qabaqlayaraq qızıl medallara sahib çıxdılar. Lənkəranda böyük çoşqu ilə qarşılanan “Xəzər Lənkəran”ın şərəfinə “Fırtınalar meydanı”nda möhtəşəm konsert verildi. Futbolçuların mukafatları da öz yerində. Bu azmış kimi “Xəzər Lənkəran” həmin il Azərbaycan Kubokunun finalında “MKT-Araz”ı Rəşad Kərimovun vurduğu yeganə qol ilə məğlub edərək kuboku da Lənkərana apardı. “Qızıl dubl”! Bu yazı “Xəzər Lənkəran”ın çempionluğuna həsr olunur. Yazını oxuduqda çempion komandanın heyətində 1 oyun belə keçirmiş futbolçular, rəhbərlik və texniki heyət haqqında məlumat ala biləcəksiniz. 
 
2006/07-ci il mövsümündə komandanın heyətində 24 futbolçu oyunlarda iştirak edib. Onlardan 15-i yerli, 9-u isə legioner idi. Tanışlığa əlbəttə öz uşaqlarımızdan başlayacam. Əlifba sırasına müraciət etməli olsam, birinci Alim Qurbanovla tanış olacağıq. Alim “Xəzər Lənkəran” yarandığı ildən komandada olub. Buna kimi isə müxtəlif vaxtlarda “Polis Akademiyası”, OİK, “Qarabağ”, “Neftçi” və “Şəmkir”in şərəfini qoruyub. “Xəzər Lənkəran”a kimi yalnız bir dəfə “Şəmkir”lə gümüş medala layiq görülən Alimin futbolçu karyerasında qazandığı bütün mükafatlar Lənkəran klubu ilə bağlıdır. Karyerasını bitirdiyi 2012-ci ilə kimi Lənkəranda “işləyən” Qurbanov yalnız 2008/09-cu il mövsümündə yarım illiyə icarə əsasında “Karvan”da oynayıb. Yığmanın heyətində 10 oyunda meydana çıxıb, 1 qol vurub. İlk oyunu Portuqaliyaya qarşı (0:5) olub. Statistikaya gəlincə, milli çempionatlar tarixində 246 oyunda  21 dəfə fərqlənib. Onlardan 129 oyun və 11 qol “lənkəranlı” Alimə məxsusdur. Hazırda futboldan uzaq düşüb. Bakıda, Təbriz küçəsində “Topaz” məntəqəsi işlədir. 
 
Ceyhun Sultanov haqqında “Bakı”nın ilk çempionluğuna həsr etdiyim yazıda geniş məlumat verməyimə baxmayaraq, onu digərlərindən seçməmək qərarına gəldim. Ceyhun futbola 1996-cı ildə “Fərid”də başlayıb. Daha sonra “Neftçi”yə, oradan isə “Bakı”ya keçib. “Xəzər Lənkəran”a 2006/07-ci il mövsümünün ikinci yarısında həmin dövrün son çempionu “Bakı”dan gəlib.  2010-cu ilin yayına kimi Lənkaran təmsilçisinin uğurları üçün oynayan Sultanov futbolçu karyerasını ötən il “Qəbələ”də bitirib. Yığma komandanın heyətində 16 oyunda meydana çıxıb, 1 qol vurub. Milli çempionatlarda isə 268 matçın iştirakçısı olub (30 qol). Kolleksiyasında 2 qızıl medal və 3 kubok olan Ceyhun hazırda “Sumqayıt”ın meneceridir.
 
Dmitri Kramarenko ilk dəfə çempionluq sevincini ilk milli çempionatımızdaca yaşayıb. Həmin vaxt “Neftçi”nin qapısını qoruyan qolkiper haqqında “Neftçi”nin ilk çempionluğuna həsr olunmuş yazıda bəhs etmişdim. Bir də xatırladım. 1993-cü ildə Rusiyaya üz tutub və müxtəlif vaxtlarda qonşu dövlətin adlı-sanlı komandalarının şərəfini qoruyub. Moskva “Dinamo”su, “Torpedo”, “Alaniya”, ÇSKA, “Baltika” macərasından sonra 2004-cü ildə “Karvan”ın dəvətini qəbul edib. Rusiyada olduğu müddətdə 1996-cı ildə “Alaniya” ilə gümüş medalları qazanan Dima “Karvan”la da iki dəfə mükafatçılar sırasına düşə bilib – 1 gümüş və 1 bürünc medal. 2006-cı ildə Yevlaxı Qroznıya dəyişən qapıçı Lənkərana 2007-ci ildə təşrif buyurub və “Xəzər Lənkəran”da  15 illik “qızıl həsrəti”nə son qoyub. Kramarenko 2010-cu ilə kimi “Xəzər Lənkəran”da oynayıb. Daha sonra “İnter”ə, oradan isə “Simurq”a yollanıb və karyerasını ötən il Zaqatala klubunda bitirib. Məşhur qapıçı Sergey Kramarenkonun oğlu uzun müddət yığmanın üzvü olub. Əsas komandada 33 oyunda 73, milli çempionatlarda isə 123 oyunda 78 dəfə rəqibin qol vurmasına mane ola bilməyib. Hazırda “Qəbələ”də qapıçılarla işləyən məşqçidir.
 
Emin Quliyev milli çempionatlarda ilk dəfə 1993-cü ildə Sabirabadın “İnşaatçı” komandasında görünüb. “Xəzər Lənkəran”a isə 2005-ci ildə gəlib. Arada qalan 12 il müddətində müxtəlif vaxtlarda  “Dinamo”, “Kəpəz”, “Loveç”, “Çerno More”  (hər ikisi Bolqarıstan), “Neftçi”, “Alaniya”da (Rusiya) çıxış edib və “Neftçi” ilə 1 dəfə çempion olub, 1 dəfə kuboka sahib çıxıb ((2003/04). Növbəti mövsüm yenə də “Neftçi”nin çempion olmasına baxmayaraq, Eminin çempionatın gedişində “Şəfa”ya keçməsi işləri korlayıb və həmin mövsüm futbolçu medalsız qalıb.  Bundan başqa “Dinamo” və “Kəpəz”in heyətində gümüş medal qazanan Emin Lənkəran klubunda 2009-cu ilin yayına kimi çıxış edib. Karyerasını bitirdiyi 2011-ci ilə kimi son 2 klubu “Karvan” və “Simurq” olub. Uzun müddət yığmanın əvəzedilməzlərindən biri olan Emin “şərəfli forma” ilə 52 dəfə meydana çıxıb, 3 qol vurub. Milli çempionatlarda isə bu rəqəm belədir – 206 oyun, 20 qol. 2012-ci ildə “Xəzər Lənkəran”a məşqçi təyin olunan Quliyev bu yazı ərsəyə gələn vaxt orada idi. Bir neçə gün əvvəl klub rəhbərliyi onunla yollarını ayırmaq qərarına gəldi. Hazırda işsizdir. 
 
 Ədahim Niftəliyev futbola 1992-ci ildə Mingəçevirin “Kür-Nur” komandasında başlayıb. 5 il bu klubda oynadıqdan sonra 1995/96-cı il mövsümünün əvvəlində “Neftçi”yə, ortasında isə OİK-ə keçib. OİK-də hərbi xidməti başa vurduqdan sonra yenidən “Neftçi”yə qayıdıb və 4 ilə yaxın “neftçi” olub. Daha sonra 1 mövsüm “Qarabağ-Azərsun”da görünən müdafiəçi “Xəzər Lənkəran”ın ilk “qaranquş”larındandır və Lənkəran klubunda çıxış elədiyi 3 mövsüm ərzində komandanın əsas heyət oyunçularından olub. Kayerasının qürub çağını     “Standard”, “Gənclərbirliyi”  və “Bakılı”da keçirən Niftəliyev  yığmada 21 milli çempionatlarda isə 303 oyun keçirib. Maraqlıdır ki, karyerası ərzində cəmi 1 dəfə fərqlənib. O da ötən əsrin son ilində “Neftçi”nin heyətində. Peşəkar karyerasını bitirdikdən sonra məşqçiliyə başlayan Ədahim bir müddət əvvələ kimi 1-ci dəstədə çıxış edən “Bakılı”nın baş məşqçisi işləyib. İndi Emin kimi o da bekardır.
 
Füzuli Məmmədovun müstəqillik dönəmində ilk komandası “Azneftyağ” olub. Növbəti il “Neftçi”yə keçib və 4 il bu komandanın uğurları üçün tər töküb. Onun növbəti klubları isə OİK, “ANS Pivani”, “Şəfa”, “Turan” idi. Lənkərana 2004-cü ildə dəvət olunub və 4 il yarım “Xəzər Lənkəran”ın şərəfini qoruyub. 2008/09-cu il mövsümündə “Simurq”a, oradan isə “Olimpik-Şüvəlan”a üz tutub. Son ünvanı Yevlax şəhəriydi. 2010-cu ildə karyerasını “Karvan”da bitirib. Yığmada  10, milli çempionatlarda isə  197 oyunda (5 qol) forma geyinib.  Hazırda məşqçiliklə məşğuldur. “Rəvan” klubunda çalışır.
 
İlqar Qurbanovun Azərbaycanda ilk komandası “Xəzər Lənkəran” olub. Buna kimi isə adaşım Türkiyənin adlı-sanlı “Fənərbaxça” klubunda oynayıb. Doğrudur, bu klubun əsas heyətində çıxış etmək ona qismət olmayıb. Amma “Fənərbaxça” kimi komandanın əvəzedicisi olmaq İlqarın futbol istedadından xəbər  verir. 2006-cı ildə 20 yaşlı İlqar “Xəzər Lənkəran”dan gələn təklifi qəbul edib və komandanın çempion olmasında yardımçı olub. Növbəti il yenidən Türkiyəyə qayıdıb və əvvəl “Sivasspor”un  (11 oyun, 1 qol), ardından icarə əsasında “Boluspor”un (19 oyun, 3 qol) şərəfini qoruyub. Bu, onun Türkiyədəki son çıxışı deyil. 2009/10-cu il mövsümünü “Olimpik-Şüvəlan”da başlayan Qurbanov  “Mersin İdman Yurdu”ndan başa vurub. 2011-ci ildə yenidən Azərbaycana – “Qarabağ”a qayıdıb və bu günə kimi Ağdam klubunun futbolçusudur. 
 
İlqar bir vaxtlar yığmanın şərəfini də qoruyub, 29 oyunda 1 qol vurub. Maraqlıdır ki, 2002-ci il kimi o, Türkiyənin aşağı yaş qruplarından ibarət milli komandalarının heyətinə cəlb edilib və 13 matçda “ay-ulduz”lu forma ilə meydana çıxıb. Milli çempionatlara gəlincə, 7 mövsümdə 141 dəfə meydana çıxan İlqarın aktivində 9 qol var.
 
Kamran Ağayevin də yüksək dəstədə ilk klubu “Şəfa” olub. 2003-cü ildə bu komandada qapını qoruyan qapıçı növbəti mövsüm “Turan”a keçib və 2 il “tovuzlu” olub. “Xəzər Lənkəran”a  çempionluq mövsümündə dəvət edilib və nə az, nə çox, düz 6 il Lənkəran klubunun uğuru üçün çalışıb. 2011/12-ci il mövsümü başa çatdıqdan sonra oradan qalmaqallı şəkildə ayrılan Ağayevin növbəti dayanacağı “Bakı” idi. Ötən mövsümün ilk yarısına kimi burada çıxış edən yığmanın əsas qapıçısı bu ilin əvvəlində “Qəbələ” ilə anlaşıb. Hazırda Qəbələdədir. Bayaq Ağayevin yığmamızın əsas qapıçısı olduğunu vurğuladım. Kamran milli forma ilə 46 oyunda çərçivəni qoruyub, 64 qol buraxıb. Milli çempionatlarda isə bu rəqəm uyğun olaraq 177 və 133-dür. Təbii ki, yeni başlayan mövsümü nəzərə almamışam. 
 
Həmin il komandanın digər qapıçısı Mikayıl Yusifov idi. Mikayıl dövrünün ən istedadlı qapıçılarından biri hesab olunsa da, karyerası uğurlu alınmayıb. Yusifov da peşəkar futbola Kamran kimi “Şəfa”da başlayıb. Amma ondan xeyli əvvəl – 1998-ci ildə. 3 il “Şəfa”da oynadıqdan sonra hərbi xidmətlə əlaqədar MOİK-də çıxış edib. Ardınca, 2005-ci ildə “Xəzər Lənkəran”a keçib, 2 il Lənkəran təmsilçisinin uğuru üçün çalışıb. Arada 1 il futbolsuz qalan Mikayıl 2008-ci ildə “Muğan”la anlaşıb. 3 oyunda 10 qol buraxması Mikayılın bu dəfə nəinki  klubdan, ümumiyyətlə futboldan ayrılmasına səbəb olub. 2012/13-cü il mövsümündə “Turan”da görünməsini (2 oyun, 2 qol) nəzərə almasaq. Bir vaxtlar yığmanın da düşərgəsinə dəvət alan Yusifov (1 oyun, 1 qol) hazırda Almaniyadadır. Nə işlə məşğul olduğunu deyə bilmərəm. Futbolla maraqlanmadığı isə dəqiqdir. 
 
Mikayıl haqqında maraqlı bir faktı qeyd edim. Ötən il dünya futbolunun məşhur əkizləri haqqında silsilə yazı hazırlamışdım və bu mövzuda son məqaləmi Azərbaycan futbolunun əkizlərinə həsr etmişdim. Konkret olaraq futbolumuzda tanıdığım tək əkiz qardaşlar Mikayıl və Rafael Yusifovlara. Rafaelin futbolçu karyerası Mikayılın karyerasından da qısa olub. Əgər Rafael futbolu zədə səbəbindən atmışdısa, Mikayılın futbolsuz qalmasına biganəlik səbəb olub. Statistika yadımdan çıxmışdı, karyerası ərzində 85 oyunda meydana çıxan Mikayıl 81 dəfə qapısında qol görüb. Rəqəmlər daha da artıq ola bilərdi...
 
Komandanın digər Mikayılı Namazov soyadını daşıyırdı. Onun da karyerası o qədər uğurlu alınmayıb. 1999-cu ildə “Xəzər Universiteti”ndə peşəkar futbola başlayan Namazov 3 il bu komandada olub. “Xəzər Lənkəran”a kimi “İnter” və MOİK-də çıxış edib. 2005-ci ildə Lənkəran təmsilçisi ilə gümüş medalları qazanıb. Çempionluq mövsümünün ilk yarısını isə “Xəzər Lənkəran”da keçirib. Qış fasiləsində “İnter”ə keçməsi onu “qızıl”sız qoyub. Növbəti 2 mövsümü “Masallı” və MOİK-də keçirən Mikayıl futbolla 2009-cu ildə “Qəbələ”də vidalaşıb (statistikası 161 oyun, 3 qol). Hazırda Bakıda yaşayır, ticarətlə məşğuldur. 
 
 2 Mikayıl olsun, 2 Rəşad olmasın? Həmin vaxt komandada Rəşad adında 2 futbolçu var idi – Abdullayev və Kərimov. Əvvəl Abdullayevdən başlayım. Rəşad Abdullayev futbola Mikayıl Namazov ilə eyni ildə və eyni komandada başlayıb. Amma Mikayıldan fərqli olaraq “Xəzər Lənkəran”a daha tez, özü də başqa komandanın formasını geyməmiş gəlib – 2004-cü ildə. 2009-cu ilin yayına kimi “Xəzər-Lənkəran”ın şərəfini qoruyub. Bu klubun heyətində çempionatda 115 oyun keçirib və 18 qol vurub. “Xəzər-Lənkəran”ın tarixində ən çox oyun keçirən futbolçulardandır. 2009-cu ilin yayında “Neftçi”yə transfer edilib 3 il Bakı klubunda oynayıb. Lənkəran klubu ilə qazandığı 2 kubok, 1 “qızıl” və 1 “gümüş”ə “Neftçi” ilə  2 “qızıl” da əlavə edib. 2012/13-cü il mövsümünü “Qəbələ”də keçirib. Ötən birinciliyi isə “Rəvan”da başlayıb, AZAL-da başa vurub. Bu gün də AZAL-ın futbolçusudur. Milli çempionatlarda  ötən mövsüm daxil olmaqla 309 oyunda iştirak edib, 45 qol vurub. Yığmada isə birinci rəqəm 10, ikinci rəqəm isə... sıfırdır. Yəni, qol vura bilməyib.
Rəşad Kərimovun yüksək dəstədə ilk komandası 2003-cü ildə Sumqayıtın “Xəzər”i olub. 2004/05-ci il mövsümündə “Gənclərbirliyi”ndən “Xəzər Lənkəran”a keçən futbolçu  burada 3 il qalıb. 2008-ci ildə “Karvan”a, 2009-cu ildə isə “Qarabağ”a transfer olunub. Premyer Liqada son klubu 2011/12-ci il mövsümündə “Sumqayıt Şəhər” olub. Kərimov istedadlı futbolçu idi. Onun potensialını tam aça bilməməsinə ardıcıl zədələr maneçilik törədib. Sumqayıt təmsilçisindən sonra 1-ci dəstə komandalarında oynamağa məcbur olan Rəşad hazırda yay transfer dönəmində “Araz Naxçıvan”la ilkin razılığa gəlmişdi. Lakin yenə də zədələnən futbolçu Naxçıvan klubuna lazım olmadı. Hazırda boş-beardır. 
 
Hazırda Avropada “qan eləyən” “Qarabağ”ın hücumçusu, hamımızın ağdamlı kimi tanıdığımız  Vüqar Nadirov 3 ilə yaxın “lənkəranlı” olub. Vüqar futbola 15 yaşında “Qarabağ-Azərsun”da başlayıb. 3 mövsüm Ağdam klubunun şərəfini qoruduqdan sonra 2005-ci ildə “Xəzər Lənkəran”dan dəvət alıb. Komandanın çempion olmasında böyük payı var. 2007/008-ci il mövsümünün ikinci yarısında Lənkərandan ayrılaraq Masallının eyniadlı klubuna üz tutan Vüqar mövsüm başa çatdıqdan sonra Yevlaxa yollanıb və 1 il “Karvan”ın şərəfini qoruyub. 2009-cu ildə doğma “Qarabağ”a qayıdıb və bu günə kimi də oradadır. Milli çempionatlarda bu mövsümü nəzərə almasaq, 267 oyuna çıxıb, 37 qol vurub. Yığmada isə 54 oyunda 4 dəfə fərqlənib. Əsas yığmaya kimi 6 il müxtəlif yaşlı milli komandalarımızın da şərəfini qoruyub, 26 oyunda 5 qol vurub. 
 
“Xəzər Lənkəran”ın zəfərinin əsas memarlarından biri də Zaur Ramazanov idi. “Zayka” ilə bir vaxtlar 1-ci dəstədə çıxış etmiş “Naxçıvan”da komanda yoldaşı olduğumdan onu digərlərindən daha yaxşı tanıyıram. Kasıb ailədə böyüyən Zaur boyunun bəstə olmasına baxmayaraq, texnikası və sürəti ilə seçilirdi. İlk vaxtlar böyük futbolda uğur qazana bilmədiyini görüb futzala üz tütmüşdü. Burada milli komanda səviyyəsinə qədər yüksələn Ramazanov Premyer Liqada 2003-cü ildə debüt edib – 26 yaşında. Bu da hərbi xidmətlə bağlı idi və ilk komandası MOİK olub. Daha sonra “Bakılı”ya keçib və böyük futbolda nəyə qadir olduğunu sübut edib. 2004-cü ildə “Karvan”a, 2005-ci ildə isə “Xəzər Lənkəran”a dəvət olunub. 3 il Lənkəranda qaldıqdan sonra 2007/08-ci il mövsümündə “Qarabağ”a, bir il sonra isə yenidən “Karvan”a keçib. Böyük futbolla da 2010-cu ildə Yevlax klubunda vidalaşıb. Doğrudur, “Karvan”dan sonra bir müddət “Xəzər Lənkəran”ın düşərgəsində olub. Gəl ki, Lənkəran klubunun avrokuboklardakı oyunlarında meydana çıxsa da, yeni mövsüm başlamamış klubdan ayrılıb. Yığmanın heyətində 14 oyunun iştirakçısı olub, fərqlənməyib. Milli çempionatlarda isə 65 qolu 144 oyunda vurub. Karyerasını bitirdikdən sonra “Xəzər Lənkəran”da menecer idi. Hazırda heç bir klubda işləmir.Yeri gəlmişkən, Lənkəran təmsilçisinin şərəfini qoruyan Ağabala Zaurun kiçik qardaşıdır.
 
İndiyə kimi 6 komandanın çempionluqları haqqında 7 yazı yazmışam. Onların 5-də Mahmud Qurbanovun adı olub. İlahi, insan nə qədər çempion olar? Əlbəttə, bu bir zarafatdır. Heç kim inciməsin, Mahmudu Azərbaycanın müstəqillik dövründə ən istedadlı futbolçu hesab edirəm. 12 dəfə çempion olması, ilk dəfə 400 oyun səddini aşması buna sübutdur. “Xəzər Lənkəran” çempion olanda da Mahmud heyətdə idi. Hələ bu harasıdır, bu silsilədən sonuncu çempion komanda olan “İnter”in Premyer Liqanın qalibi olmasında da bu futbolçunun əməyi olub. Mahmud haqqında əvvəlki yazılarda məlumat verdiyimdən keçirəm son yerli futbolçuya – komandanın ən sadiq oyunçusu Rahid Əmirquliyevə. Doğrudan da Rahidi bu günkü Lənkəran futbolunun simvolu hesab etmək olar. Futbola 2003-cü ildə “Şahdağ-Samur”da başlayan Rahid 2006/07-ci il mövsümündə “Xəzər Lənkəran”a tranfser edilib və bu günə kimi də bu klubun şərəfini qoruyur. Milli çempionatlarda keçirdiyi 263 oyunun 206-ı, vurduğu 26 qolun 19-u “Xəzər Lənkəran”la bağlıdır. Yığmayada  ilk dəfə 2003-cü ildə dəvət alıb – U-17-ə. 2007-ci ildən isə əsas yığma komandanın heyətinə cəlb olunur. İndiyə kimi 36 oyunda forma geyinib, 1 qol vurub. Bir sözlə 2006-cı ildən bu yana “Xəzər Lənkəran”ın qazandığı hər bir uğurda Rahidin də payı var. “Allah başa kimi versin” deyib çempionluq ilində “Xəzər Lənkəran”ın forması ilə meydana çıxan əcnəbilərlə tanışlığa başlayım.
 
Onlardan birincisi azərbaycanlı futbolsevərlərə daha çox tanış olan Valeri Abramidzedir. Soyadından da göründüyü kimi gürcü olan Valeri futbolçu karyerasına ölkəsinin “Dinamo” (Tbilisi) komandasında start verib. Daha sonra “Lokomotiv” (Tbilisi), “Torpedo” (Kutaisi) klublarının üzvü olub. Müdafiəçi 2002-ci ildə Rusiyaya yollanıb və adlı-sanlı Moskva “Spartak”ı ilə müqavilə imzalayıb. 2003-cü ildə icarə əsasında “Uralan”da, 2004-cü ildə isə müqavilə ilə “Ximki”də oynayıb. Azərbaycana 2005-ci ildə təşrif buyurub. İlk klubu “Neftçi” olub. “Ağ-qaralar”da ilyarım oynadıqdan sonra 2006/07-ci il mövsümündə 1 “qızıl” və və 1 “bürünc”lə Lənkərana gəlib. 2-ci “qızıl” üçün. Valeri “Xəzər Lənkəran”dan qalmaqalla ayrılıb. Belə ki, 2007-ci ildə azad agent kimi “Anji”yə keçmək istəyərkən məlum olub ki, onun Azərbaycan təmsilçisi ilə müqaviləsinin müddəti 1 yox, 2 illikdir. Anlaşmazlığın qalmaqala çevrilməsi Abramidzenin 1 il futbolsuz qalmasına səbəb olub. 2009-cu ildə yenidən “Neftçi” ilə müqavilə imzalayan gürcü bir il sonra “İnter”ə keçib və ötən mövsüm başa çatan kimi “bankirlər”in uğuru üçün tər töküb. “İnter”lə 2 dəfə birinciliyin gümüş medallarını qazanıb.  Bu ildən vətəninə yollanıb və hazırda “Skuri”də oynayır. Abramizde 6 dəfə Gürcüstan millisinin formasını geyinib, qol vura bilməyib. Azərbaycanda keçirdiyi 7 mövsümdə isə 5 qol vurub. 127 oyunda.
 
Abramidzedən başqa həmin mövsüm komandada olan əcnəbilər milli çempionatımızda ancaq Lənkəran klubunun heyətində çıxış ediblər. Onlardan ən çox oyun keçirən (48 oyun, 1 qol) bolqar Martin Stankov ölkəmizə 2004-cü ildə dəvət alıb. Buna kimi ölkəsinin “Etır”, “Slaviya”, “Levski” komandaları ilə yanaşı Türkiyənin “Malatyaspor”unun futbolçusu olub. 3 dəfə Bolqarıstan çempionu, 2 dəfə ölkəsinin kubokunun qalibi olan Martin “Xəzər Lənkəran”la “qızıl dubl” etdikdən sonra ayrılıb. Son iş yeri Bolqarıstanın “Pirin” klubu olub. 2012-ci ildə “Pirin”ə keçən futbolçunun yaşı artıq 40-ı ötüb. Hazırda nə işlə məşğul olduğundan xəbərsizəm. Yəqin ki, bu yaşda futbol oynamaz. 
 
Qanalı Edmond N’Tiamoah  və rumın Robert İlyeş “Xəzər Lənkəran”da 2 mövsüm çıxış ediblər və  uyğun olaraq 21 (9 qol) və 26 (2 qol) oyun keçiriblər.  Edmond ölkəmizə İsveçrənin “Lütsern” klubundan gəlmişdi və “Lütsern”ə kimi 2000-2005-ci illər aralığında “Bazel”, “Delemont”, “Konkordiya Bazel” (hamısı İsveçrə), “Diyarbakır” (Türkiyə) klublarının şərəfini qoruyub. Lənkərandan ayrıldıqdan sonra da İsveçrəyə qayıdıb və “Servett”lə müqavilə bağlayıb. Onun növbəti komandası “Şötz”, son komandası isə “Kriens” olub. Hələ də “Kriens”dədir. Robert isə futbolla inişil ölkəsinin “Munisipial” komandasında  vidalaşıb. Bu futbolçu karyerası ərzində ancaq Rumıniya klublarında çıxış edib – “Foresta”, “Astra”, “Unyunya Rapid”, “Braşov” və son klubu “Munisipial”. Legioner həyatını ancaq Azərbaycanda yaşayan Robertin nə işlə məşğul olduğu haqqında məlumat tapa bilmədim.
 
Litvalı stopper Darius Jutautas,  kolumbiyalı hücumçu Dias Moreno, braziliyalı yarımmüdafiəçi Rodriqo Rosa Sales və belaruslu Sergey Pavlyukoviç komandada ancaq çempionluq mövsümündə olublar. Onlardan ən parlaq karyeraya malik olanı Darius idi. Litvanın “Banqa”, “Paneris”, “Jalgris” komandalarında oynamış futbolçu 1999-cu ildən 2002-ci ilə kimi futbol həyatının ən yaxşı günlərini keçirib. O, Rusiya Preymer Liqasında çıxış edən “Alaniya” və Moskva “Dinamo”sunun formasını geyinib. Daha sonra qısa müddətə Polşanın “Svit”ində görünüb. “Xəzər Lənkəran”a kimi bir yerdə duruş gətirə bilməyən Jutautas növbə ilə “Kaunas”, 2-ci dəfə “Alaniya” və “Atlantas”la, “Xəzər Lənkəran”dan sonra isə yenə də “Banqa”, “Platinas” (Yunanıstan) və “Berqsoy”la (Danimarka) “nikaha girib”. Hələ də adı sonuncu çəkilən komandada çıxış edən Darius 25 dəfə də Litva millisinin heyətində meydana çıxıb. 
Xorxe Dias Moreno da Jutautas kimi “gəzməyi” xoşlayıb. 1996-2006-cı illər ərzində onun çıxış etdiyi klublar bunlardır – “Deportivo” (Kali), “Deportes”, LDU (Ekvador), “Deportivo” (Espoli, Ekvador), “Onse Kaldas”, “Deportivo” (Pereyra), “Millonarios”, “Atletiko” (Huliya), “Cucuta Deportivo”.  Lənkərandan ayrıldıqdan sonra ölkəsinə dönən Dias əvvəl “Junior”da çıxış edib, 2009-cu ildə isə “Atletiko”da (Huliya) peşəkar futbolçu karyerasını bitirib. İndi nə işlə məşğul olur? Allah bilir.
 
Rodriqo Rosa Sales  haqqında məlumat toplamaq  üçün interneti ələk-vələk eləsəm də, əlimə bir şey keçmədi. Tək öyrənə bildiyim 30 yaşlı futbolçunun Braziliyanın aşağı dəstələrinin birində çıxış edən “Rio Preto”da olmasıdır. Vəssalam.
 
Nəhayət, sonuncu futbolçu Sergey Pavlyukoviç haqqında bir neçə cümlə. Belarusun “Smena” futbol klubunun yetirməsi olan Sergey peşəkar karyerasına 1992-ci ildə bu klubda başlayıb. Növbəti il Minskin “Torpedo” klubuna keçib və istedadı onun 1998-ci ildə Rusiyanın Premyer Liqasında oynamasına şərait yaradıb. 3 mövsüm “Amkar”ın, 1 mövsüm isə  “Tom”un uğuru üçün çalışıb. 2004-cü ildə Minskin “Dinamo” komandasına keçib və karyerasını 2009-cu ildə bu klubda başa vurub. “Xəzər Lənkəran”a icarə əsasında gəlmişdi və müddət başa çatan kimi “Dinamo”ya qayıtmışdı. Belarusun olimpiya yığmasında cəmi 2 oyunda forma geyinən Pavlyukoviç 2010-2013-cü illərdə “Dinamo”nun məşqçisi olub. Hazırda bu klubda idman direktoru vəzifəsini icra edir. 
 
Haqqında söz açdığım bu 24 futbolçu çempionluğun təkbaşına qazanmayıblar. Onlara bu işdə məşqçilər korpusu yol göstərib. Komandanın baş məşqçisi təcrübəli mütəxəssis Ağasəlim Mircavadov idi. Ağasəlim müəllim “Xəzər Lənkəran”da türk mütəxəssis Rasim Karanın yerinə gəlmişdi. 1993-1995-ci illər aralığında Azərbaycan milli komandasının baş məşqçi vəzifəsində də çalışıb. “Xəzər Lənkəran”a kimi “Şəmkir”lə iki dəfə, “Qarabağ” və  “Neftçi” ilə isə bir dəfə ölkə çempionluğunu əldə edib. 2005-ci ildə  “Neftçi”, 3 il sonra “Xəzər-Lənkəran”la MDB və Baltikyanı ölkələri çempionlarının Birlik Kuboku yarışında qızıl medallar qazanıb. 2008-ci ilin may ayında” Şöhrət ordeni”nə layiq görülüb. Mircavadov Lənkəranda 5 il işləyib. 2011-ci ildə cənub təmsilçisindən ayrılan ağsaqqal bu günə kimi işsizdir.
 
“Xəzər Lənkəran”da Mircavadovun 4 köməkçisi olub – Tofiq Mustafaev, Samir Ələkbərov, Hafiz Əliyev, Namiq Quliyev. Tofiq müəllimin son iş yeri AZAL olub. Hazırda AFFA-da elit-məşqçidir. Samir Ələkbərov barədə “Neftçi”nin çempionluğuna həsr etdyiym yazıda geniş məlumat vermişdim. Futbolumuzun “sonuncu mogikan”ı hazırda  1-ci divizionda mübarizə aparan “Şuşa”da məşqçidir, Nadir Qasımova kömək edir. Hafiz Əliyev elə o vaxtdan Lənkərandadır. Klubdan ayrılmayıb. Bu gün klubun 19 yaşlı futbolçularının baş məşqçisidir. Namiq Quliyev isə Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim işləməklə yanaşı AFFA-nın Hakimlər Komitəsi ilə də əməkdaşlıq edir. Belə ki, o, hakimlərin təlim-məşq toplanışları zamanı ədalət təmsilçilərinin fiziki hazırlığına diqqət yetirir. Komandada futbolçuların sağlamlığına təcrübəli Boris Xetaqurov nəzarət edirdi. “Dyadya” Boris indi “Neftçi”dədir. Ona bu işdə kömək edən masajçılar Rövşən Muradov və Ruslan Şərifov isə heç hara getməyiblər.  “Xəzər Lənkəran”da əvvəlki işlərini görürlər.
Nəhayət, çempion komandanın rəhbərliyi haqqında. Klubun prezidenti Mübariz Mənsimov haqqında əslində, hamıdan çox məlumat verməliyəm. Çünki, bu insan klubun yaradıcısıdır və bu günə kimi də komandanın arxasında dayanıb. Amma buna lüzum görmürəm. Ona görə ki, Mübariz müəllimi nəinki ölkəmizdə, bütün dünyada tanıyırlar. Azərbaycan futbolu, “Xəzər Lənkəran” və ümumiyyətlə ölkəmizin adı üçün etdiklərini  sadalamaqla qurtarmaz. Qısaca onu qeyd edim ki, onun yaratdığı və rəhbəri olduğu “Palmali” Şirkətlər Qrupunun  21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətləri də hesaba alanda orada işləyənlərin sayı 45 mini keçir. “Palmali” 129 gəmisi ilə Aralıq dənizi, Ağ dəniz, Qara dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. “Palmali”nin ən böyük müştərisi məşhur “BP” şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürdüyü gəmilərlə isə donanma sayı 220-ni ötür. Xeyirli olsun! Mübariz müəllim çempionluq ilində komandanın prezidenti idi. Hazırda isə fəxri prezidentdir. Onun klubdakı vəzifəsini qardaşı Mais Mənsimov icra edir. Həmin vaxt isə Mais müəllim vitse-prezident idi. Digər vitse-prezident isə bu gün də klubda bu vəzifəni daşıyan Tuyqun Nadirovdur. Bu şəxslərdən başqa 2006/07-ci il mövsümündə idarə heyətində bir neçə nəfər də çalışıb ki, onların adını çəkməsəm, bir qədər düzgün çıxmaz. Vüsal Cəlilov komandanın rəisi idi. Bir neçə il əvvəl klubdan ayrılıb və hazırda işsizdir. Klubun meneceri olan Ömər Mustafayev də bir müddət əvvəl “Xəzər Lənkəran”dan ayrı düşüb. Klubun mətbuat ximətinin rəhbəri Zaur Əzizov “Qəbələ”dədir. Qəbələ klubunun meneceridir. Klubun sürücüsü Əvəz Mirzəbəyov heç yana getməyib. Əvəz dayı kluba sadiq qalaraq “sükanı möhkəm saxlayıb”. Və bir də həmin vaxt klubda sənədləşmə işinə cavabdeh Mətin Cəfər və ondan başqa “qara işlər”lə məşğul olan Natiq adlı bir nəfər də çalışıb. Klubdan çoxdan ayrılıblar, nə işlə məşğul olduqlarından da xəbərim yoxdur. Üzdə olsaydılar, heç olmasa, Natiqin soyadını dəqiqləşdirə bilərdim.
 
İlqar TAĞIYEV “Het-trik news” qəzeti
Tarix: 8 Sentyabr [11:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Noyabr 2018
15  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio