"Neftçi"nin tarixindən: yüksəlişdən enişə YAZI

20:32 - 28 May 2016

Tarixə səyahət

 

“Neftçi" hazırda yaxşı günlərini yaşamır. Cari mövsümü birmənalı şəkildə bu komanda üçün uğursuz saymaq olar. Çünki komanda medalçılar sırasına düşə bilmədi, heç düz-əməlli oyun da sərgiləmədi. Kubokun da əldən çıxması komandaya əlavə zərbə oldu, mövsümü əliboş yola saldı. Ümumiyyətlə, klubun tarixində bir neçə dəfə bu cür uğursuz vaxtlar olub. SSRİ dövründə də paytaxt klubu uğursuz dönəmlər yaşayıb. Hətta komanda 1-ci  dəstəyə də düşüb. Biz də bu yazmızda tarixə səyahət edəcək və “Neftçi"nin SSRİ dövründəki enişli-yoxuşlu dövrünü yada salacağıq.

 

Sovet dövründə futbolumuzun tarixi demək olar ki, “Neftçi" ilə bağlı olub. Bu komanda bir növ indiki yığma komandamızın statusunu daşıyıb. “Neftçi" SSRİ çempionatında ciddi uğur əldə edə bilməyib. Yalnız 1966-cı ildə qazanılan bürünc medalı qeyd etmək olar. Təqdim edəcəyimiz yazıda “Neftçi"nin pik nöqtəyə yüksəlişini və oradan uğursuzluqla geriləyib, 1-ci dəstəyə düşməsini özündə əks etdirən tarixlə tanış olacaqsınız. 1960-cı illərin əvvəlləri komanda üçün  heç də uğurlu keçməyib. Bu isə rəhbərliyi narahat etməyə bilməzdi. “Neftçi"nin 1964-cü il mövsümündə 12-ci, bir il sonra isə 11-ci pilləylə kifayətlənməsi futbolçuların arxayınlıqlarıyla izah edilirdi. Rəhbərlik 1965-ci il mövsümünün birinci dövrəsindən sonra məşqçi dəyişikliyinə əl atsa da, (Ələkbər Məmmədovu Vasili Sokolov əvəz etdi) irəliləyiş olmadı.

 

“Qızıl" il

 

Nəhayət, Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazılmış 28-ci SSRİ çempionatı başladı. Birinciliyin ilk iki oyununu Bakıda keçirməsinə baxmayaraq, təmsilçimiz Minskin “Dinamo" və Kuybışevin (indiki Samara) “Krılya Sovetov" komandalarıyla qolsuz heç-heçəylə kifayətləndi. Debüt uğurlu alınmasa da, növbəti oyun tariximizə düşdü: SSRİ çempionatlarında ilk dəfə olaraq Moskva “Dinamo"su “Neftçi"ylə oyunda məğlubiyyət acısı daddı (0:1). 8 turdan sonra “Neftçi" 3-cü pillədə idi: təmsilçimiz 4 qələbə və 4 heç-heçə əldə etmişdi. Həm də bu qələbələrdən biri tariximizə ən böyükhesablı qələbə kimi düşmüşdü: Kutaisi “Torpedo"su Bakıdan 7 cavabsız qolla yola salınmışdı. Lakin gözlənilmədən “Neftçi"nin heyətində eniş müşahidə olundu və növbəti 8 turda komandamız cəmi 5 xal topladı. Son nəticələr rəhbərliyi qane etmədi və komandanın baş məşqçisi Vasili Sokolov vəzifəsindən azad edildi, onun yerinə gənc Əhməd Ələsgərov təyin edildi. Çempionat sona yaxınlaşdıqca, bakılıların sanki ikinci nəfəsi açıldı. Ardıcıl qələbələr futbolsevərlərimizi yenidən ümidləndirdi. Anatoli Banişevskinin SSRİ yığmasının heyətində İngiltərədəki dünya çempionatında çıxışı “Neftçi"nin hücum xəttində müəyyən boşluqlar yaratsa da, Kazbek Tuayev bu missiyanı üzərinə götürməyi bacardı. Mundialdan sonra “Banya" da komandaya qoşuldu. Karyerasının ən parlaq dövrünü yaşayan 20 yaşlı istedad həlledici oyunda rusların sevimli komandası olan “Spartak"ı darmadağın elədi. Çempionatın son matçında təmsilçimizə bürünc medal qazanmaq üçün “xalq komandası" ilə oyunda heç-heçə də kifayət edirdi. Lakin Respublika Stadionuna toplaşmış 40 min azarkeş “Neftçi"dən yalnız qələbə gözləyirdi. “Ağ-qaralar" 3:0 hesabıyla qələbə qazanaraq, tariximizdə ilk dəfə olaraq SSRİ çempionatının medallarını qazandı. Qolların ikisini Banişevski vurdu. Həmin mövsüm ölkə çempionu olmuş Kiyev “Dinamo”su ilə oyunlarda 3 xal qazanmış yeganə komanda “Neftçi" oldu. Ukrayna futbolunun flaqmanından sonra ən çox böyükhesablı qələbə qazanmış komanda “Neftçi" idi. Əhməd Ələsgərovun yetirmələrinin hesabında 6 belə qələbə var idi. “Əzmkar qələbə" mükafatına da “Neftçi” layiq görüldü. Təmsilçimiz “Kayrat"la birgə hesabda geri ola-ola ən çox qələbə əldə edən komanda idi. Komandamızın bombardiri 14 qolla Kazbek Tuayev oldu. Bu nəticə çempionatda 6-cı göstərici idi. Banişevski çempionat oyunlarının yalnız yarısında iştirak etdiyi üçün cəmi 12 dəfə fərqlənməyə macal tapdı. Hər iki futbolçu SSRİ-nin 33 ən yaxşı futbolçusu siyahısına daxil edildi. Eyni zamanda SSRİ yığmasında “Neftçi" Sergey Kramarenkoyla da təmsil olundu. “Neftçi"nin heyətində “bürünc" medal qazananlar:

 

Qapıçılar: Sergey Kramarenko, Vyaçeslav Şexov

Müdafiəçilər: Yaşar Babayev, Adil Babayev, Vyaçeslav Semiqlazov, Vladimir Bruxti, Nikolay Boqdanov

Yarımmüdafiəçilər: Andrey Trofimov, Valeri Hacıyev, Anatoli Qryazev, Mübariz Zeynalov, Valeri Lyoqki

Hücumçular: Anatoli Banişevski, Kazbek Tuayev, Ruslan Abdullayev, Eduard Markarov.

Baş məşqçi: Əhməd Ələsgərov.

 

Eniş və...

 

1967-ci il mövsümünü Azərbaycan futbolsevərləri həsrətlə gözləyirdilər. Əgər Kiyev, Tbilisi və Minsk “Dinamo"ları, Moskvanın “Spartak"ı və digər bir neçə komanda sovetlər məkanında müsbət imic qazanmışdısa, “Neftçi" bu yöndə hələ ki, ilk addımını atırdı və təmsilçimizə yerini möhkəmlətmək üçün xeyli əziyyət çəkmək lazım idi. Digər tərəfdən azarkeşlər “bürünc il"indən sonra “Neftçi”dən daha yüksək əyarlı medallar umurdular. Son mövsümdə bürünc medal qazanmış komandayla oyunlarda hər bir kollektiv ikiqat əzmlə “vuruşur" və belədə, hər bir matçda “Neftçi" əzmkarlıq nümayiş etdirməli idi. “Sovetski sport" qəzetinin mövsümöncəsi ilk dəfə təsis etdiyi turnirdə “Neftçi" heç də pis nəticə göstərmədi. Komandamız yarımfinaladək irəliləməyi bacardı. Yarımfinalda “ağ-qara"ları Kutaisi “Torpedo"su gözləyirdi. Həmin “Torpedo" ki, son çempionatda Bakıda 0:7 hesablı məğlubiyyətə uğramışdı. Nəzərə alsaq ki, rəqib meydanında da “Neftçi" 1:0 hesablı qələbə qazanmışdı, “Neftçi”nin Gürcüstan təmsilçisinə qarşı arxayın çıxdığını təxmin etmək çətin deyil. Məhz bu səbəbdən gürcülər oyunun əsas və əlavə vaxtında heç-heçəni qoruya bildilər. Penaltilər seriyasında isə komandamız qeyri-dəqiqliyə yol verincə, yalnız 3-cülüklə kifayətlənməli oldu. Hər halda çempionatın startına bir neçə gün qalmış belə nəticə qənaətbəxş sayılırdı. Təəssüf ki, çempionatda “Neftçi"nin işləri o qədər də uğurlu alınmadı. Xüsusilə də, köhnə “xəstəlik" inkişaf etməyə başlamışdı: rəqib meydanında zəif oyun və bunun nəticəsində alınan məğlubiyyətlər. Çempionatın sonlarına yaxın “Neftçi"nin ilk onluğa düşəcəyi belə inandırıcı görünmürdü. Amma finişdə flaqmanımızın inanılmaz dönüşü bu düşüncələri alt-üst etdi. Son 5 turda qazanılan 5 qələbə “Neftçi"ni çempionatı 5-ci pillədə qapamağa imkan verdi. Növbəti mövsümdə də “Neftçi" eniş dövrünü davam etdirdi. 1968-də Azərbaycan SSRİ çempionatında ilk (və sonuncu) dəfə 2 komandayla təmsil olunmuşdu. Amma nə Gəncə “Dinamo"su, nə də “Neftçi" tam potensialını aça bilmədi. Əgər gəncəlilərin qarşısına güclülər dəstəsində yerini möhkəmlətmək məqsədi qoyulmuşdusa, flaqman medallar uğrunda mübarizə aparmalı idi. Amma “Dinamo" elitanı tərk etdi, “Neftçi" isə yalnız 9-cu oldu. 1969-da 7-ci olan komandada 1970-ci ildə eniş başladı. Anatoli Banişevski artıq əvvəlki kimi deyildi və böyük futbolu tərk etmişdi, Tuayev Orconikidze (indiki Vladiqafqaz) “Spartak"ına, Markarov isə “Ararat"a keçmişdi. Oqtay Atayevin “Ot “Proqress"a do “Neftçi" kitabında yazdığı kimi, rəhbərlik də artıq məsuliyyət hissini itirmişdi və futbolçularda həddən artıq arxayınlıq yaranmışdı. Komanda mövsümü çox pis başa vuraraq, əvvəlki illə müqayisədə 4 pillə gerilədi. SSRİ Kubokunun yarımfinalınadək irəliləməyi bacaran “Neftçi" burada Tbilisi “Dinamo"suna 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırdı. Respublika rəhbərliyi baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov və rəis Rauf Adıgözəlovu tutduqları vəzifədən azad etdi. Ələkbər Məmmədov baş məşqçi təyin edildi, Tuayevlə Banişevski komandaya qayıtdı.

 

...1-ci dəstəyə yuvarlanma

 

Buna baxmayaraq, 1971-ci ili uğurla başa vurmaq mümkün olmadı. Burada isə daha çox SSRİ Futbol Federasiyasının qeyri-obyektivliyi rol oynadı. Çempionata uğurla başlayan komandanın heyətində Anatoli Banişevski ilə Vitali Şevçenko SSRİ yığmasına cəlb olundu. İkinci dövrədə isə iki dəfə “Neftçi" hakimlərin qeyri-obyektivliyi ilə üzləşdi. Daşkənddə “Paxtakor"la və Rostovda OİK-lə matçlarda hakimlər “Neftçi"nin qapısına oyundankənar vəziyyətdən vurulan qolları hesaba aldılar. Onların qeyri-obyektivliyindən əsəbləşən Sergey Kramarenko, Rafiq Quliyev, Vyaçeslav Semiqlazov və Vladimir Bruxti diskvalifikasiya olundular. SSRİ Futbol Federasiyası və İdman Komitəsi “Neftçi"nin çempionatdan xaric edilməsi məsələsini qaldırdı. Hətta bu qərar qəbul edilsə də, sonda məmurlar fikirlərini dəyişdilər. 1972-ci il mövsümü isə məşqçi dəyişiklikləri və böyük uğursuzluqla yadda qaldı. Belə ki, Ələkbər Məmmədov işdən azad edildikdən sonra komandaya qısa müddət ərzində Anatoli Qryazev, sonra Georgi Jarkov başçılıq etdi. Amma onlar da “Neftçi"ni 1-ci liqaya düşməkdən xilas edə bilmədilər.

 

4 illik həsrət bitdi

 

1973-cü ildə komandaya Valentin Xlıstov baş məşqçi təyin olundu. O vaxt heyət demək olar ki, azəbaycanlı futbolçulardan qurulmuşdu. Yeni kollektivlə yenidən güclülər dəstəsinə qayıtmaq üçün 4 il gözləmək lazım oldu. Nəhayət, 1976-cı ildə “Neftçi" yüksək liqaya qayda bidi. Həmin dövr ağdamlı Elbrus Abbasov əsl tapıntı idi. 1-ci dəstənin bombardiri olan Abbasov güclülər dəstəsində də komandasının əsas qol silahı olmalı idi. 

 

Növbəti və son düşüş

 

Lakin təəssüf ki, “Neftçi" 70-80-cı illərdə də ciddi uğur qazana bilmədi. Daim turnir cədvəlinin “evkator xətti"ndən aşağıda olan komanda 1982-ci il mövsümündə az qala yenidən 1-ci dəstəyə düşəcəkdi. Krasnodarın “Kuban" komandası ilə eyni xal toplayan “Neftçi" 14-cü yerdə qərarlaşaraq yüksək dəstədə qala bilmiş, “Kuban" isə 1-ci dəstəyə düşmüşdü. 1984 və 1985-ci illərdə isə “Neftçi"ni təhlükəli zonadan cəmi 1 xal ayırmışdı. Komandanın ən böyük uğuru isə 1987-ci ildə tutduğu 9-cu yer idi. O da 16 komanda arasında, yenə də “ekvator"dan aşağıda. Belə çıxışla “Neftçi" gec-tez yüksək dəstəni tərk etməli idi. Bu hadisə 1988-ci ildə keçirilən birincilikdə baş verdi. SSRİ dağılana kimi növbəti 3 mövsümü 1-ci dəstədə çıxış edən “Neftçi" oranın ortabablarından birinə çevrildi. Hətta sonuncu mövsümdə 22 komanda arasında ancaq 15-ci yeri tuta bildi. Kim bilir, SSRİ dağılmasaydı, daha 2-3 mövsüm sonra “Neftçi" yüksək dəstəyə qalxmaq bir yana, 1-ci dəstədə qalacaqdımı?

 

ANAR

“Het-trik news” qəzeti

Xəbər xətti