"Turan Tovuz"a qarşı görüş çox ağır keçdi. Şükürlər olsun ki, qələbə qazandıq. Məşqçilər korpusunun dediklərini tam olaraq yerinə yetirə bildik. Hər komanda kimi, biz də oturub qarşıdakı rəqibi analiz edirik. Bəli, "Turan Tovuz"u da analiz etmişdik. Bu mövsüm “Turan Tovuz”u məğlub edə bilməmişdik. Deməzdim ki, qeyri-adi bir sirri var. Bu sezon Tovuzda oynadığımz ilk oyunda da qələbəyə yaxın olmuşduq. Sadəcə bəxtsizlik özünü göstərmişdi. Futboldur da, belə şeylər olur".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Zirə"nin qapıçısı Aydın Bayramov deyib. O, komandasının Misli Premyer Liqasının 25-ci turunda "Turan Tovuz"u səfərdə məğlub etməsini şərh edib.
Bayramov koamndanın əsas qapıçısına çevrilməsi və yeni sezon üçün legioner limitinin ləğvinə də şərh verib: "Performansım haqda danışmaq mənim özümə düşməz. Bu haqda məşqçilər danışa bilər. Tyaqo Silva ilə bir-birimizə daim dəstəyik. Üstəlik, ağsaqqal kimi yanımızda Anar Nəzirov da var, o da bizə hər zaman öz tövsiyyələrini verir. Kollektivimizdə əsl ailə ab-havası hökm sürür. Yeni mövsüm legioner limitinin ləğv olunacağına gəldikdə, mən 6 ildir Premyer Liqada çıxış edirəm. Həmişə rəqabətdə olmuşam, bundan da qorxmamışam. Limitin olub-olmaması da məni maraqlandırmır, əlimdən gələni edəcəm".
"Zirə"nin əsas qapıçısı Azərbaycan millisinin bu ay keçirəcəyi yoldaşlıq görüşlərində yer almaq istədiyini bildirib: "Oynadığım təqdirdə, millidən həmişə dəvət gözləmişəm. Millidə oynamaq bütün oyunçularda olduğu kimi, mənim üçün də şərəfdir. Qərarı məşqçilər korpusu verir. Özümü millidə oynamağa hazır hiss edirəm. Qərara da hörmətlə yanaşacam. Şans gözləyəcəm. Millidə oynamaq ən böyük arzumdur. Uşaq yaş qruplarından bu yana heç vaxt oynamamışam. Düzdür, dəvət almışam, amma o formanı geymək mənə nəsib olmayıb. Millidə oynamaq şansı verilsə, bəlkə də həyatımın ən uğurlu günü olacaq. Nəticədən asılı olmayaraq".
Mirbağırağa